Ru
11:06 / 10 İyun 2025

“Ovod” – səhnədə ruhun inqilabı...

“Ovod” – səhnədə ruhun inqilabı...
Eye

İyunun 8-də Heydər Əliyev Sarayında nümayiş olunan “Ovod” tamaşası Azərbaycan teatr məkanında əhəmiyyətli bir sənət hadisəsi kimi yadda qaldı. İngilis yazıçısı Ethel Lilian Voyniçin dünya ədəbiyyatına bəxş etdiyi və artıq bir əsrdən çoxdur ki, oxucu qəlbini fəth edən eyniadlı romanı bu dəfə azadlıq, inqilab və insan ruhunun daxili faciəsi kontekstində səhnədə yeni nəfəs aldı.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti, "M-Teatr"ın bədii rəhbəri Vidadi Həsənov, musiqi tərtibatçısı Əli Cəfərzadə, ikinci rejissoru isə Oksana Rəsulova idi. Obrazları isə Xalq artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, aktyorlar Ziya Ağa, Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov və Cavid Baba ifa edirdilər. Bu aktyor ansamblı, bədii dərinlik və emosional yüklə zəngin bir tamaşa yaratmağa nail oldu desək, yəqin ki, yanılmarıq.

Tamaşanın mərkəzində Gənclər Hərəkatının üzvü olan Artur Bertonun faciəvi taleyi dayanır. Bu obraz bir fərdin ideallarla toqquşan daxili dünyasının və cəmiyyətlə qarşıdurmasının simvoludur. Onun Padre Montanelli ilə – bioloji atası və dini rəhbəri ilə münasibətləri, həmçinin Cemma adlı gənc qıza bəslədiyi saf, lakin qarşılıqsız sevgi xətti tamaşaya həm dramatik, həm də metafizik dərinlik verir.

Arturun şəxsiyyət dramı fonunda tamaşa həm də19-cu əsrin 30-cu illərində Avstriya işğalına qarşı çıxan italyanların azadlıq hərəkatı tarixini danışır. Bu tarix boyu yaşanan ağrılar və qurbanlar təkcə bir xalqın deyil, bəşəriyyətin ortaq mübarizəsini təcəssüm etdirir.

Artur zaman keçdikcə “Ovod” (Atmilçəyi və ya Mozalan) təxəllüsü ilə məşhurlaşan inqilabçı Feliçe Rivaresə çevrilir. O, xalqının azadlığı uğrunda canını fəda etməyə hazır bir idealistdir. Onun mübarizəsi təkcə siyasi deyil, eyni zamanda şəxsi faciələrlə doludur – atasının xəyanəti, dostlarının susqunluğu və sevgidən gələn boşluq. Bütün bunlar onu sarsıtsa da, Ovod sınmır. O, səhnədə bir obraz kimi yox, ideyaya çevrilmiş insan kimi təqdim olunur. Bu obrazda həm gənclərin üsyanı, həm də düşünən insanın tək qalması ıksini tapır.

Tamaşanın musiqi tərtibatı hadisələrin dramatizmini daha da artırır, səhnə ilə tamaşaçı arasında emosional körpü yaradırdı. Musiqilər bir dialoq kimi səslənir, bəzən obrazın içindən, bəzən səhnənin özündən doğur.

İşıq və səhnə quruluşu isə tamaşanın konseptual yükünü daha da dərinləşdirdi. İşıqların qəfil dəyişməsi, kölgələr və şəffaf görüntülərlə qurulan mizanlar, fiziki məkandan çox mənəvi boşluğun vizuallaşması təəssüratını yaradırdı. Burada sanki fiziki məkandan çox, ruhun labirintlərində dolaşan bir tamaşa izləyirdik.

Vidadi Həsənovun həm rejissor, həm də baş rolda çıxışı onun sənətə nə qədər bütöv yanaşdığını sübut etdi. Onun obrazdakı sükutları danışır, baxışları fəlsəfə pıçıldayırdı. İlqar Cahangir və Ziya Ağa isə emosional balansı qoruyaraq, tamaşaya güclü psixoloji dinamika qatdılar. Oksana Rəsulovanın ifasında Cemmanın ikili duyğuları – sevgi ilə əzab arasında sıxılmış halı inandırıcı və təsirli idi.

“Ovod” sadəcə bir romanın səhnələşdirilməsi deyil, mənəviyyatın və ictimai mübarizənin estetik sintezi idi. Tamaşa boyu heç bir səs eşidilmədi – nə zalda danışan oldu, nə də sönən maraq... Tamaşaçılar susurdu, düşünürdü və sonda ayaq üstə alqışlayırdı.
“Ovod” – bugünkü dünyada azadlıq, vicdan və mənəvi cəsarət anlayışına verilən bir səhnə cavabıdır. Gənclər üçün inam, böyüklər üçün yaddaş, hər kəs üçün isə sual olan bu tamaşa teatr sənətinin qüdrətini bir daha nümayiş etdirdi.

İltifat HACIXANOĞLU

“Ovod” – səhnədə ruhun inqilabı...
“Ovod” – səhnədə ruhun inqilabı...
“Ovod” – səhnədə ruhun inqilabı...
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar