Xəbər verdiyimiz kimi, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib. Səfər çərçivəsində İstanbuldakı Dolmabaxça sarayında Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.
Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, nazir müavini Vaan Kostanyan, eləcə də Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində xüsusi nümayəndə, parlamentin vitse-spikeri Ruben Rubinyan daxildir.
Ermənistanın “Joğovurd” qəzeti etibarlı mənbələrə istinadən yazır ki, Paşinyan Ərdoğanla Azərbaycanla sülh sazişi üzrə danışıqlar aparmaq məqsədilə görüşür.
İddialara görə, Nikol Paşinyan 2026-cı il parlament seçkilərinə qədər nəyin bahasına olursa-olsun, Azərbaycanla sülh sənədinin imzalanmasına çalışır.
Paşinyanın səfəri və Türkiyə ilə aparılan danışıqlar Azərbaycan-Ermənistan sülh prosesini irəlilədə bilərmi?
Məsələ ilə bağlı
Bakupost.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Paşinyan son vaxtlar Azərbaycan və Türkiyə ilə münasibətləri sürətlə normallaşdırmaq məcburiyyətində qalıb:

"Çünki Rusiya ilə yaxınlaşma prosesi uğurlu alınmadı. Qərbdən də hələlik Paşinyana siyasi dəstək olduqca zəifdir. İqtisadi dəstək isə demək olar ki, yox səviyyəsindədir. Rusiyanın isə Ermənistanda bütün qüvvələri artıq hərəkətə gətirilib. Rus kəşfiyyatının nəzarətində olan erməni kilsəsindən tutmuş silahlı Qarabağ klanına qədər hər kəs hərəkətə gətirilir və seçkiyə qədər Ermənistanda çevriliş etməyə çalışırlar. Yəni Paşinyanı devirmək niyyəti var. Ona görə də Paşinyan mümkün qədər tez bir zamanda Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır. Hətta Ermənistanın tarixində olmayan addımları da atmağa çalışır. Azərbaycan və Türkiyəni Qurban bayramı münasibətiləə təbrik etməsi Azərbaycan və Türkiyəyə yönəlik bir manevr idi. O, indi də bu istiqamətdə cəhdlər göstərir və hesab edir ki, indiki situasiyada onu Rusiyanın casus şəbəkəsindən Azərbaycan və Türkiyənin dəstəyi xilas edə bilər. Böyük ehtimalla Ermənistanda növbəti parlament seçkilərində hakimiyyətin dəyişib-dəyişməyəcəyi Bakı və Ankarada müəyyənləşdiriləcək."
Lalə,
BakuPost