"İran müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırıb. İranın xarici işlər naziri Abbas Araqçı iyunun 20-də Cenevrədə Avropa ölkələrinin xarici işlər nazirləri ilə görüşüb. Görüşdən əvvəl Avropa nazirlərinin ABŞ dövlət katibi Marko Rubio ilə məsləhətləşmələr aparması diqdəti çəkib. Görünür, avropalı nazirlər bu yolla ABŞ-nin İrana qarşı müharibəyə başlayıb-başlamayacağını və ya əksinə, Vaşinqtonun Tehranla danışıqlara maraqlı olub-olmadığını müəyyənləşdirmək istəyiblər".
Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Onun fikrincə, Avropa ölkələrinin mövqeyi belədir ki, Vaşinqton və Tehran nüvə proqramı ilə bağlı məsələlərin sülh yolu ilə həlli üzrə danışıqları davam etdirməlidir:
"ABŞ prezidenti Donald Trampın Avropalı müttəfiqlərin İranla sazişə yaxınlaşmaq üçün göstərdiyi diplomatik təşəbbüsləri dəstəklədiyi bildirilib. Ancaq söhbət Donald Trampdan gedirsə, Ağ Ev sahibinin qərarının necə olacağını proqnozlaşdırmaq çətindir.
İranın xarici işlər naziri Cenevrədən sonra İstanbula gedib. Burada Tehranın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısı keçirilib. Abbas Araqçı Türkiyədə sonra Rusiyaya gedəcək. İran xarici işlər nazirinin yaxın günlərdə Çinə səfər edəcəyi də istisna deyil. Tehran bu görüşlər və müzakirələr vasitəsilə beynəlxalq aləmin müharibəni dayandırmaq üçün İsrailə təzyiqi arıtıracağına ümidlidir. Çünki, müharibə uzanarsa, ABŞ-ın İrana zərbələr endirəcəyi ehtimalı artacaq. Bunu Moskva ilə Pekin də bilir. Ona görə həm Rusiya, həm də Çin Vaşinqtona daima mesajlar göndərirlər ki, ABŞ İsrailə dəstək verməsin.
“ABŞ-ın İrana hücumu Çinin gücünün sərhədlərini göstərəcək” – bu “New York Times” qəzetində yayımlanan məqalənin başlığıdır. Donald Tramp ümid edir ki, Çin İrana hərbi dəstək verməyəcək. Halbuki, Çindən havaya qalxan bir neçə yük təyyarəsinin İrana enməsinə dair məlumatlar yayılıb. Bu təyyarələrdə İrana nəyin daşındığı barədə məlumat yoxdur. Buna baxmayaraq, Ağ Ev sahibi çinli həmkarı Si Cinpinin riskə gedərək İran əməli dəstək verəcəyini düşünmür. “Mənim Si Cinpinlə yaxşı münasibətlərim var və Çinin İsrail-İran müdaxilə edəcəyinə inanmıram” – deyən Donald Tramp cümləsini bu sözlərlə bitirib: “Baxarıq nələr olacaq”. Yəni Tramp Si Cinpini tərifləsə də, Pekinin necə qərar verəcəyinə tam əmin deyil. Çin neftə olan tələbatının önəmli hissəsini İrandan alırdı. Müharibə davam etdikcə, bu, mümkün olmayacaq. İran Hörmüz boğazını qapadarsa, Çin Körfəz ölkələrindən də neft ala bilməyəcək. Bu Çini enerji böhranına sürükləyə bilər. Bu səbəbdən Pekin Moskva ilə birgə müharibəni dayandırmaq üçün səylərini artıracaqlar. Ancaq İsrailin və ABŞ-ın planları fərqlidir"...