"Bölgədə çox ciddi geopolitik oyunlar gedir. Ona görə də Azərbaycan dövlətinə qarşı addımların qarşısı səbr və təmkinlə alınmalıdır".
Bu fikirləri
Bakupost.az -a açıqlamasında
politoloq Teymur Qasımlı deyib.
"Nensi Pelosi həmişə ermənipərəst mövqeyilə seçilib. Ona görə də bu addımı təəccüblü olmadı. Həmçinin qondarma erməni soyqırımının ABŞ Konqresində tanıdılmasında Pelosinin müstəsna rolu olub. Onun konqresmen olaraq seçildiyi ərazidə də çoxlu ermənilər yaşayır. Bununla yanaşı erməni diasporu ABŞ-da çox güclüdür".
T.Qasımlı qeyd edib ki, Pelosinin Ermənistana səfərini 2-3 konteksdən dəyərləndirmək olar:
"Birinci konteks belədir ki, ABŞ iqtisadiyyatında qiymət artımı sürətlə davam edir. Eyni zamanda pandemiya da ABŞ-a ciddi zərər verib, Bayden iqtidarının reytinqi aşağı düşüb. Ona görə də səfər noyabrda keçiriləcək seçkilərdə erməni lobbisindən dəstək almağa hesablanıb. İkinci konteks ondan ibarətdir ki, erməni diversantların Azərbaycanla sərhəddə təxribatlarından sonra ordumuz onlara layiqincə cavab verdi və bundan sonra Nikol Paşinyan birinci Fransaya, sonra ABŞ-a, daha sonra isə Moskvaya zəng etdi. Rusiya isə Paşinyanı devirmək istəyir. Bu gərginlik əsnasında Blinken həm Azərbaycan, həm də Ermənistan rəhbərliyinə zəng edərək əməliyyatların dayandırılmasını istədi. Bu baxımdan bu səfəri həm Blinken, həm Nensi Pelosinin birbaşa Nikol Paşinyan hakimiyyətinə dəstəyi kimi də qiymətləndirə bilərik. Üçüncü konteks isə regionda böyük güclərin mübarizəsinin güclənməsidir. Rusiyanın məğlub olması prosesi gedir. Belə ki, Ermənistanın artıq ABŞ-ın yanında dayandığını görürük. Çünki son günlər Ermənistanın Müdafiə naziri Vaşinqtona rəsmi səfərə gedib, orada silah və digər məsələlərlə bağlı danışıqlar aparıb. Ona görə də Nensi Pelosinin bu açıqlamasını Azərbaycan dövləti şiddətlə qınamalıdır. Beynəlxalq təşkilatlarda, beynəlxalq hüquqda düzgün diplomatik gedişlərlə cavabı verilməli və uyğun addımlar atılmalıdır. Həmçinin Azərbaycan bundan sonrakı prosesləri yüz ölçüb, bir biçməlidir".
Fəridə
Baku Post