13:12
Artıq göstəriş verildi, gələn il minimum əmək haqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq.
"Bakupost" xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.
"Biz bu siyasəti müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın. Amma təbii ki, bunun üçün iqtisadi inkişaf lazımdır. Düzdür, ümumi daxili məhsulun artımı o qədər də böyük rəqəmlərlə ölçülmür, amma bizim ümumi iqtisadi potensialımız kifayət qədər güclüdür", - dövlət başçısı deyib.
Prezident bildirib ki, Azərbaycanda cəmi iki dəfə Beynəlxalq İnvestisiya Forumu keçirilib - bu il və keçən il sentyabr aylarında və hər iki forumda imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çoxdur:
"Yəni investisiya olmadan heç bir iqtisadiyyat inkişaf edə bilməz. Burada təkcə dövlət investisiyaları kifayət etməyəcək. Bizə xaricdən investisiyalar lazımdır - həm neft-qaz sektoruna, həm qeyri-neft-qaz sektoruna. Ona görə bu, faktiki olaraq, Azərbaycanın iqtisadiyyatına olan inamdır. Bax, sentyabrın sonunda keçirilmiş İkinci İnvestisiya Forumunda dünyanın aparıcı investisiya qurumları iştirak edib. Onların idarəçiliyində olan vəsait 30 trilyon dollardan çoxdur. Yəni təsəvvür etmək çətin deyil ki, hansı səviyyəli, - özü də bu şirkətlərin, bu investisiya fondlarının rəhbər şəxsləri gəlmişdilər, - insanlar Azərbaycanla əməkdaşlıq edirlər və bundan sonra da əməkdaşlıq etmək istəyirlər".