Ru
13:57 / 21 May 2022

Qadir ağrısı...

17947



Qadir İbrahimlinin öləcəyini bilən andan qaraciyərim ağrımağa başlayıb. Neçə adamdan soruşmuşam, eyni ağrı var. İtkinin, ağrının “ciyəri sökməy”idir, yəqin.


***

Çox yaxın dost olmamışıq, amma həmişə ağlına, peşəkarlığına inanmışam. Belələri doğmadan doğma gəlir adama. Peşəkarlığından istifadə olunmayan, yerini tapa bilməyən jurnalistlərdən biri hesab etmişəm onu. Maraqlıdır, belə adamlardan daha biri - Nəsimi Şərəfxanlı da, demək olar ki, Qadirlə eyni vaxtda ölümlə üz-üzə qaldı. Nəsimi, şükür ki, ölümün cəngəsindən qurtula bildi, Qadirsə əbədi ayrıldı...



Qadir sadə, mütəvazi, yumoru yerində olan adam idi. Heç kimlə acı danışmaz, sözü zarafatla deyərdi. Onun kimə hansı münasibətdə olmasını yalnız zarafatları ilə müəyyən etmək olurdu. Zarafatı kəsici, öldürücü idisə, deməli, danışdığı şəxs sevmədiyi, bəyənmədiyi biri idi...

Qadiri içkimi öldürdü?!


Axmaq fikirdir. Tutaq ki, içki ciyərini zədələmişdi, bəs onu müalicəyə qoymayan, hətta ən ağrılı vaxtında belə xəstəxanaya getməkdən imtina etdirən nə idi?


Xəstəliyin fəsadlarını, bəlkə, hamımızdan yaxşı bilən adam niyə ölümü seçdi? Bu ki sərxoş seçim deyil. Bəs nə idi onu intihara aparan? Depressiya, ümidsizlik, imkansızlıq, ətraf mühit, yoxsa nə?...


Qadir ağırçəkili, kəskin iqtisadi tənqidlər yazan azsaylı jurnalistdən "qhtşnik"ə, sonra sayt rəhbərinə, sonra blogerə, daha sonra status yazana, axırda isə heç nə yazmayana çevrildi. Bəlkə, çevriləndə-aşanda əzilib Qadir? Özü də təkcə qaraciyərindən yox... Əvvəlcə stress və qorxunun səbəb olduğu şəkərə toxunub, sonra ürəyi yerindən oynayıb, qan-damar sistemi sıradan çıxıb, daha sonra isə qaraciyəri laxlayıb və qopub…


***


Qadirin ölümü bir həqiqəti ortaya çıxartdı: jurnalist olmaq yaşayarkən ağır məşəqqətli bir işdir, ölərkən isə möhtəşəm... Azərbaycanda jurnalistin yalnız ölməyi heyranlıq yaradır, cəlbedici görünür. Hamı həmrəy, hamı dəhşət içində, hamı ən əzizini itirmiş kimi.





Niyaz Niftiyevlə çox ağır günlər keçirmişik, amma ilk dəfədir ki, onu hönkürən görürəm. Günlərdir ayaq üstədi, hər şey də yalnız onun nəzarətində.

Xəqani Səfəroğlu doğma xalaoğlular kimi yanıb-tökülür, elə hey deyinir: "Özü-özünə elədi, eşitmədi bizi, intihardı bu, intihardı”.

Zaur İbrahimli qardaş kimi yanında olub, hamının səfərbər olması üçün lazım olan bütün addımları atıb.

Əflatun Amaşov xəstəxanada Qadiri tək buraxmayıb. Xalasının ölüm xəbərini eşidib Şirvana gedib, dəfndən sonra dərhal qayıdıb. Qadirin tabutuna ilk yapışanlardan idi.


Mürtəza ən yaxını kimi Qadirin cansız bədənini bir dəqiqə də tək qoymur. Xanoğlan Əhmədov, Rəsul Mirhəşimli ağsaqqal kimi kənarda dayanıb ağır sükuta dalıblar, sanki prosesə nəzarət edirlər.




Natiq Məmmədli həm də MEDİA-nı təmsil edir, dəfnə kimi bütün xərcləri qarşılamağa gəlib.


Azər Rəşidoğlu öz çəlimsiz vücudunu Qadirin nəşinə qurban edir.


Anar Yusifoğlu ruh kimi dolaşır, donuq baxışlarıyla salamlaşır...


Rövşən Hacıbəyli cənazə yuyulan otağa kimi gəlib, adətən, bura ən yaxın adamlar gəlir.

Elnur Məhərrəmli də yuyucuxanadadır. Var-gəl edir, tez-tez Qadirə boylanır. Son dəfə bir az gec qayıdır, yəqin, doyunca sağollaşdı. Bir kəlmə də danışmır, rəngi qapqara, özündə deyil… Açığı, ondan ciddi narahat oluram.


Elxan Şükürlü fikrimizi bir az yayır, yüksək tonla, bir az da ötkəm: "Sizə deyirəm ki, içməyin! İstəyirsiniz deyim, növbədə kimdir!".


Famil Cəfərli Qadirin həkimləriylə söhbətindən bəhs edir: “Dedi ki, belə halda ümid yalnız möcüzəyədir. Adam özünü niyə bu günə qoyub?”.


Səlcuq Elçini görürəm - Elçin Səlcuq simasında. Bir az əvvəl yazdığı status gözlərinə hopub: “Qadir əmi, tezliklə ayağa qalx, bu xəstəlik atamı əlimdən alıb, əmiləri almasın!”.


Aynur Elgünəş, sonra bu günlərdə dəhşətlər yaşayan Aytən Məmmədovanın hıçqırtıları bir bacı naləsi kimi eşidilir.

Şəmşad Ağanın gücü isə yalnız onları məsciddən uzaqlaşdırmağa çatır.





Jurnalistlərin binasında daha ağır mənzərə...


Pilləkənlə qalxa-qalxa Xalid Kazımlının sel kimi axan səssiz göz yaşları, Müşfiq Ələsgərlinin donmuş sifəti, bükülmüş qaməti gözümün önündən getmir.

Ceyhun Musaoğlu hər kəsə eyni sualı verir: “Necə oldu öldü, adam da bu gün xəstəxanaya gedib, səhər orda ölər? Yox, bu, mümkün deyil…”


Qadirin mənzilinin qapısına söykənən Nicat Dağlarla üz-üzə gəlmək istəmirəm. Üzündən özünü danlamağın əzabı tökülür. Ölümün pəncəsindən xilas olmağın ən məşəqqətli yollarından keçən adam qapı qonşusunu xilas edə bilməyib...


Yusif Rzayev ağır izahlar verir, jurnalistlərin hamısının eyni şəkildə ölə biləcəyini deyir: ağır həyat tərzi, stress, vaxtı-vaxtında müayinə olmağa imkanlarının çatmaması, zəif qidalanmaq və ucuz araq!


Aida Eyvazlı qulağıma həmişəki kimi ürək yanğısı ilə pıçıldayır: “Bilirsən necə yaxşı oğlan idi?! Heç kimlə işi olmazdı, hamının sevimlisi idi”.


Sonra ətrafa baxıb deyir: "Heyif ki, Rəşadı (Süleymanovu) belə yola sala bilmədik. Onun yeri elə görünür ki… Qadirin də yeri görünəcək".

Jalə Mütəllibovanı görürəm: üzündə dünyanın böyük kədəri.

Aygün Muradxanlı özünü tabutun yanına atanda göz yaşımı saxlaya bilmirəm.

Aqil Ələsgəri kimsə şeyx deyə çağırır: "Qadir Şeyxdə şeyxlik qoymadı, daş saldı, tikə-parça olduq".

Afiq Mirzəbəyliyə çoxu təşəkkür edir. Sən demə, bir müddət əvvəl tamam başqa problemlə bağlı Qadiri həkimə aparıb. Həkim həyəcan təbili çalıb. Sonra Afiq müəllim vəziyyətlə bağlı dostları məlumatlandırıb.

Bahəddin Həziyev görüşdüyü adamların əlini bərk sıxır, xeyli buraxmır. Hamını sanki ölümə gedən yolda bir az ləngitmək istəyir.

Elçin Rüstəmli Qadiri xəstəxanaya aparanlardan biri olub. Getmək istəmirmiş, son gücünü onu çarpayısından qaldıranlara sərf edib.


Demək olar ki, hamı burdadı. Bir ailənin üzvü kimi. Ailə bir üzvünü yola salır. Ləyaqətlə, halallıqla.


Qadir, öz qədrini bilməyən, öz qüdrətini kəşf etməyən, yaxşı insan, rahat uyu, jurnalistlərin ciyərparası!...


Elçin Zahiroğlu

Şərhlər
  • Rahid Əmirov

    Siz Qadiri, Qadirdə sizi çox sevirdi!!!

  • Xeliliva bahar

    Hamini abladan yazi

  • Elşad Barat

    Allah rəhmət eləsin! Bu da yazı deyil elə bil avtomatdı, ürəyə açılan....((

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər