Ru
12:43 / 04 Avqust 2022

Qarabağda iş adamlarına hansı güzəştlər ediləcək? - Deputat açıqladı

2556
“İşğaldan azad olunmuş ərazilərimizə investisiya qoyacaq şirkətlər, eyni zamanda orada çalışacaq vətəndaşlarımız üçün kifayət qədər böyük güzəşt paketi var”.


Bunu Bakupost.az -a açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.


O, Qarabağda sahibkarların əsas vergilərdən azad olunması ilə bağlı danışıb:




“Uzunmüddətli dövrdə demək olar ki, əksər vergilərdən azadolma, eyni zamanda ƏDV-nin geri qaytarmaq prinsipində kifayət qədər yüksək faizin müəyyənləşdirilməsi, sosial haqlarla bağlı subsidiyanın verilməsi təklif olunub. Bu baxımdan güzəştin miqyası kifayət qədər böyükdür. Bu da həm investisiyanın cəlb edilməsi, həm də vətəndaşlarımızın həmin ərazilərdə çalışması üçün xüsusi bir stimul yaradacaq".

V.Bayramov bildirib ki, bu güzəştlər bölgəyə daha çox investisiyaların cəlb edilməsinə imkan verəcək:


"Güzəştlər investisiyanın yeri və növündən asılı olamayaraq tətbiq olunacaq. Bu da xüsusən sərmayə qoyuluşları baxımından çox vacibdir. Yeni güzəştlərin tətbiq edilməsi artıq Qarabağın, Şərqi Zəngəzurun iqtisadiyyatının formalaşması və Azərbaycan iqtisadiyyatının reinteqrasiyasına xüsusi töhfə verəcək. Nəticə etibarı ilə yeni güzəştlər daha qısa müddətdə Qarabağa xarici və yerli investisiyaların cəlb edilməsinə, eyni zamanda məşğulluğun təmin olunmasına imkan yaradacaq”.


Qeyd edək ki, Azərbaycan Prezidenti 2021-ci ilin dekabrında 3037 №-li sərəncamla işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması məqsədilə Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilmişdi.

Baş nazir də öz növbəsində Prezidentin Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayaraq, İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Ədliyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə konkret göstərişlər vermişdi.

Artıq vergi güzəştləri ilə bağlı müvafiq dəyişikliklər hazırlanıb. Dəyişikliklərdə Vergi Məcəlləsinə yeni - XIX fəsilin (İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri) əlavə olunması təklif edilir.

Yeni fəsildə 2023-cü il yanvarın 1-dən etibarən işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin

1.10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunması;
2.10 il müddətində dividend gəlirlərinin vergidən azad edilməsi;
3.İşğaldan azad edilmiş ərazilərə, həmin ərazilərdən ölkənin digər regionlarına, habelə bu ərazilər daxilində hava və dəmiryolu nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarına görə ƏDV-nin sıfır (0) dərəcə ilə vergiyə cəlbi nəzərdə tutulur.

Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər