Ru
12:48 / 11 İyun 2024

“Rusiya buna əmin olsa, Ermənistanı cəzalandıracaq” - Deputat

1817
“Ermənistanda vəziyyət kifayət qədər kritikdir. Cəmiyyət çalxalanır, müxtəlif xarakterli, fərqli məqsəd və düşüncə sahibləri qarşı-qarşıyadır. Paşinyanın dediklərindən çıxan nəticə budur ki, o, həqiqətən öz sərhədləri olan, qonşu xalqlara ərazi iddiaları irəli sürməyən Ermənistan dövləti yaratsın”.




Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Fəzail Ağamalı Ermənistandakı prosesləri şərh edərkən deyib.

O, revanşist qüvvələrin Ermənistanda baş nazir Nikol Paşinyana təyiq etməyə çalışdıqlarını bildirib:

“Paşinyana qarşı çox ciddi müqavimət var. Bu müqavimət Ermənistan cəmiyyətinin içindən gəlir. O, revanşist xarakterli, qonşu ölkələri özünə düşmən bilən, onun torpaqlarını işğal etməyi başlıca məqsədi hesab edən bir cəmiyyətin içərisindədir. Eyni zamanda, yüz illərdir Ermənistan cəmiyyətini əslində dövlət kimi idarə edən, onu ideoloji cəhətdən zəhərləyən, “dənizdən-dənizə Ermənistan” kimi əsası olmayan fikirləri adamların düşüncəsinə hopduran kilsə var. Bu gün kilsə də Paşinyan səviyyəsində özünün nüfuzunun və imkanlarının məhdudlaşdırılmasını görür və ona ciddi şəkildə müqavimət göstərir. Digər tərəfdən, yaxşı həyat sürən, ayrı-ayrı ölkələrə gedən, Osmanlı imperiyası dövründə "soyqırımı" adıyla ayrı-ayrı dövlətlərə sığınan, onun imkanlarından geniş istifadə edib, ciddi nüfuz qazanan erməni diasporu da eyni şəkildə kilsə ideologiyasını bölüşür və Paşinyanın Azərbaycan və Türkiyəylə barışmasına mane olur. Bu proseslərdə həm də daşnak partiyası ciddi rol oynayır. Bu günki Ermənistanın mənzərəsi budur. Bu mənzərənin içində kifayət qədər qeyri-müəyyənliklər var”.

F.Ağamalının sözlərinə görə, Ermənistanda Rusiyanın əleyhinə kifayət qədər qüvvələr var:

“Ermənistan Rusiyanın nəzarətindən çıxaraq müstəqil dövlət olmaq istəyir. Rusiya isə bunu qıcıqla qarşılayır. Çünki Ermənistan dövlətini yaradan, erməniləri ayrı-ayrı ölkələrdən toplayıb bizim tarixi torpaqlarımızda yerləşdirən Rusiya imperiyası olub. Ona görə də Rusiya Ermənistanı əldən vermək istəmir, ancaq saxlaya da bilmir. Müxtəlif səbəblərə görə Rusiyanın beynəlxalq imici zədələdir. O, Ukraynada müharibə aparır və bu bataqlıqdan çıxa bilmir. Ermənistan bundan kifayət qədər istifadə edir, onu qıcıqlandıran addımlar atır, bəyanatlar verir. Rusiya hələlik xəbərdarlıqlarla kifayətlənir. Ancaq mənim qənaətimcə, Rusiya əmin olsa ki, Ermənistan ondan qopmaq ərəfəsindədir, buna görə onu çox ciddi şəkildə cəzalandıra bilər”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər