“Fərqli coğrafiyaların təcrübəsini, potensialını və iradəsini qlobal və regional məsələlərin həllinə cəlb etmək məcburiyyətindəyik. “Dünya beşdən böyükdür” çağırışımız bu baxımdan daha geniş məsuliyyət anlayışına dəvətdir”.
"Bakupost" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İslahat ehtiyacını artıq konkret yol xəritəsinə çevirmək zəruridir. Bu yol xəritəsinin mərkəzində isə veto imtiyazının ləğvi dayanmalıdır. Çünki BMT Təhlükəsizlik Şurasına imtiyazlı yeni üzvlərin əlavə edilməsi qərar qəbuletmə səlahiyyətinin bir neçə dövlətin əlində cəmləşməsi problemini həll etmir və imtiyazlı strukturun əhatə dairəsini genişləndirir. Veto imtiyazının ləğvi hər cür mənalı islahatın həm başlanğıc nöqtəsi, həm də əsas strateji hədəfi olmalıdır”.
Ərdoğan qeyd edib ki, islahat eyni imtiyazın başqa dövlətlərə də verilməsi mənasına gələ bilməz:
“Baş BMT Baş Assambleyasının tərkibində heç bir dövlətin beynəlxalq ictimaiyyətin əksəriyyətinin iradəsini daimi şəkildə əngəlləmək səlahiyyətinə malik olmaması prinsipi ətrafında geniş koalisiya yaradılmalıdır”.
Ərdoğan BMT Təhlükəsizlik Şurası ilə BMT Baş Assambleya arasındakı tarazlığın da yenidən qurulmasının zəruriliyini vurğulayıb.
O bildirib ki, Baş Assambleyanın səlahiyyətləri gücləndirilməli, daimi üzvlüyün olmadığı, Təhlükəsizlik Şurasının üzvlərinin Baş Assambleya tərəfindən müəyyən müddətlər üçün növbəli şəkildə seçildiyi, yenidən vəzifə almaq istəyən ölkələrin seçkilərdə üzvlərin əksəriyyətinin etimadını yenidən qazandığı bir strukturla Təhlükəsizlik Şurasının təmsilçilik qabiliyyəti və Baş Assambleya qarşısında hesabatlılığı artırılmalıdır:
“Gələcəyin beynəlxalq nizamını keçmişin iyerarxiyalarını qoruyub saxlamaqla qura bilmərik”.
Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvləridir.
Milli Məclisin deputatı
Hikmət Babaoğlu “Bakupost”a bildirib ki, BMT Baş Assambleyasının sessiyasında çıxış edən Türkyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aktual məsələni yenidən gündəmə gətirib:
“O, həm BMT Baş Assambleyası, həm də BMT Təhlükəsizlik Şurasında islahatların zəruriliyindən danışıb. Bu gün beynəlxalq münasibətlər sisteminin ən aktual problemlərindən biri BMT-nin getdikcə daha çox dərəcədə qeyri-funksional bir təşkilata çevrilməsidir”.
Deputat qeyd edir ki, BMT TŞ-nin fəaliyyəti və yaxud fəaliyyətsizliyi xaosa yol açır:
“Qurum bütün dünyada baş verən beynəlxalq münasibətlərin tənzimləmə yollarını 5 daimi üzvün iradəsinə buraxır. Bu isə yolverilməzdir. Ona görə də Ərdoğan qeyd etdi ki, dünyanın bütün strateji coğrafiyalarının potensial və gücü cahanda mövcud olan problemlərin həllinə yönəldilməlidir”.
Müsahibimizin fikrincə, Ərdoğan tərəfindən səsləndirilən təklif də böyük maraq kəsb edir:
“Bu təkliflərin reallaşması həm BMT Baş Assambleyasının fəaliyyətində yeni keyfiyyət dəyişikliyi yaradacaq. Həm də 5 daimi üzvün BMT TŞ-də fəaliyyətinin yolverilməz olduğu ilə bağlı səsləndirilən fikirlər qeyri-funksionallığın yolunu təmizləyə biləcək yeni model yaradacaq bir təklifdir”.
Həmsöhbətimiz qeyd edir ki, 5 daimi üzvün bütün məsələlərə inhisarçı və imperialist maraqlardan baxmaları nəticəsində heç bir problem həll olunmur:
“Ərdoğanın təklif etdiyi model isə rotasiya vasitəsilə daimi üzvlərin yenilənməsi və bütün dünya ölkələrinə qərar vermə sırasının çatması ilə bağlıdır. Bu həm demokratik, həm də ədalətlidir. Prosesin necə olacağı BMT-yə üzv dövlətlərin davranışından asılı olacaq”.
H.Babaoğluna görə, məsələnin ən pis tərəfi odur ki, hələ də BMT özü təşəbbüs edib, özünün yenilənməsilə bağlı qərar qəbul etmir:
“Ona görə hələlik burada bir mexanizm də yoxdur. BMT hansı şəkildə yenidən təşkilatlanmalıdır. “Bu necə olmalıdır” sualı isə hələ də açıq qalır”.
Rüfət Sultan,
BakuPost