“9 maydan sonrakı dövrdə, xüsusilə yay ayları ərzində Ukrayna-Rusiya savaşının daha da qızışacaq”.
Bunu
Bakupost.az -a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib:
O, Rusiyanın Ukrayna ilə bağlı hədəf və məqsədlərindən danışıb:
“Rusiya təkcə Ukrayna ərazilərini ələ keçirməklə, Donbasda tam nəzarəti ələ almaqla yekunlaşmaq istəmir. Rusiyanın qarşısında konkret hədəflər var. Bu hədəflərdən biri Krımla bağlı Ukraynanın iddialardan əl çəkməsi, Krım məsələsinin Ukrayna hakimiyyəti tərəfindən tanınmasıdır. Rusiya yaxşı başa düşür ki, indiki şəraitdə, Ukrayna böyük dağıntılara məruz qalsa belə Krımı Rusiyanın ərazisi kimi tanımayacaq. Çünki Krımın Rusiya ərazisi kimi tanınmağı Ukrayna dövlətçiliyinin iflası deməkdir”.
T. İsmayılovun sözlərinə görə, Ukraynada hakimiyyət dəyişikliyi Rusiyanın hədəflərindən biridir:
“Rusiyanın əsas hədəf və planlarından biri Zelenski hakimiyyətini devirmək olub. Lakin Rusiya təzyiqlərin bu qədər geniş vektorlu olacağını proqnozlaşdırmadığı üçün bu plandan geri dönmək məcburiyyətində qalıb. İndi əsas məqsəd Ukraynada hakimiyyətdə hansı qüvvələrin olmağından asılı olmayaraq, Rusiyanın irəli sürdüyü fikirlərin qəbul edilməsi məsələsidir. Bu məsələ ilə bağlı Rusiyanın xüsusi planları var. Hətta 9 may ərəfəsində və 9 maydan sonrakı dövrdə, xüsusilə yay ayları ərzində Ukrayna-Rusiya savaşının daha da qızışacağını, Rusiya aqresiyasının və işğalının daha geniş vektorlu olacağını proqnozlaşdırıram”.
Politoloq bildirib ki, Rusiya heç bir istəklərinə nail ola bilməyəcək:
“Çünki bu gün açıq şəkildə Qərb və NATO-ya bağlı olan qüvvələr Ukraynanı dəstəkləyirlər. Həmçinin Ukraynaya olan dəstəklərini də hansısa bir formada gizlətmirlər. Bu gün ABŞ öz ehtiyatında olan bir çox silahları və təyyarələri Ukraynaya verdiyini açıq bəyan edir. Eyni zamanda milyardlarla dollar hərbi yardım ayrıldığını söyləyir. Bütün bunları nəzərə alan Rusiya daha aqressiv addımlar ata bilər. Amma nüvə silahı ilə bağlı səslənən şantajların real olmadığını düşünürəm. Çünki Rusiya nüvə silahından istifadə etməyə cəsarət etməyə, lakin Ukrayna ərazisində bir çox dağıntıları daha da dərinləşdirə bilər. Yəni, Ukraynanın şəhər infrastrukturuna vurduğu böyük ziyanların coğrafiyasını və arealını genişləndirəcək. Hətta öz niyyətlərinə çatmaq üçün Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə hücumlar həyata keçirib Kiyevi işğal faktoru ilə üz-üzə qoya bilər”.
Fəridə
Baku Post