Ru
20:15 / 02 Aprel 2022

Sahil Babayev veteran boksçularla görüşdü - FOTO

1098
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev veteran boksçularla görüşüb.

ABF-in Mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, görüşdə Olimpiya mükafatçıları, Avropa və dünya çempionatlarında ölkənin adını şərəflə qorumuş sabiq milli üzvləri iştirak ediblər.

Tədbirdə boksda yüksək nailiyyətlərin əldə olunması, kütləviliyin atılması üçün vacib olan addımlar, boksun ölkəmizdə daha da populyarlaşması və yığma komandaların beynəlxalq arenada uğurlu çıxış yolları müzakirə olunub. Həmçinin Çempionlar və Veteranlar Komitəsinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Sahil Babayev bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmana da göstərilən dövlət qayğısı sayəsində ölkəmiz böyük irəliləyişlərə nail olub. Olimpiya Oyunlarında medal sayına görə boksun ikinci yerdə olduğunu xatırladan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin sözlərinə görə, əsas hədəf yeni rekordlar vurmaqdır. 22 yaşadək boksçularımızın Avropa çempionatındakı çıxışını yüksək qiymətləndirən federasiya rəhbəri 4 medalın əldə olunmasını başlanğıc kimi dəyərləndirib. O, əsas hədəfin Paris-2024 Yay Olimpiya Oyunları olduğunu vurğulayaraq, yeni tarixin və yeni rekordun Fransa paytaxtında vurulacağına inam ifadə edib.

İnkişaf üçün beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyindən danışan Sahil Babayev federasiyanın yeni strukturunda xüsusi komitələrin olacağını deyib. O bildirib ki, Azərbaycanda boks məktəblərinin formalaşması, tək Bakıda deyil, bölgələrdə də kütləviləşməsi üçün veteran boksçuların köməyinə ehtiyac duyulacaq. Bu səbəbdən də federasiyada veteranlardan ibarət Məşvərət Şurası formalaşdırılacaq. Nazir bununla bağlı görüşdə iştirak edən sabiq boksçulara tapşırıqlarını da verib.

Daha sonra veteran boksçular inkişaf üçün görülməli olan işlərdən və uğurlu çıxış üçün vacib amillərdən danışıb, təkliflərini veriblər.

Nazir idmançıları dinlədikdən sonra bildirib ki, əsas hədəf yüksələn xətlə inkişafa nail olmaqdır. Təkliflərə əsasən gələcəkdə zona yarışlarının, məşqçi, idmançı və hakimlər üçün seminarların keçiriləcəyinin nəzərdə tutulduğunu qeyd edən Sahil Babayev vahid və ədalətli boks ailəsinin formalaşacağını deyib. O, veteranların hər birindən təkliflərini gözlədiyini bildirərək, Veteranlar Komitənin formalaşdırılması üçün lazımı addımların atılmasını istəyib.

Regionlarda boksun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb, İdarə Heyətinə lazımı tapşırıqlar verilib


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər