Ölkənin müxtəlif ərazilərində məskunlaşmış daha 21 şuşalı ailə (79 nəfər) doğma şəhərə yola düşüblər. Bununla da Şuşa şəhərinə köçürülənlərin ümumi sayı 147 ailə (570 nəfər) olub.
Bakupost.az -a açıqlamasında "Şuşa" özünümüdafiə batalyonunun sabiq komandiri Fəxrəddin Səfərov doğma yurdunda yaşadığı hisslə bölüşüb.
“Şuşa tədricən dirçəlir. Mənə elə gəlir ki, əvvəlki ab-havasını geri qaytarmaq çətindir. Çünki artıq o nəsil yoxdur, çoxları dünyasını dəyişib. Amma buna baxmayaraq, şəhər daha da gözəl olacaq. Əvvəlki ab-havanı, ritmi qaytarmaq zaman tələb edəcək”.
Keçmiş döyüşçü yuxuda tez-tez şəhid olan əsgərlərini gördüyünü deyib:
“Şuşaya köçəndən sonra çox yuxular gördüm. Bir əsgərim var idi, Ramiz Abıyev. Onu yuxuda gördüm. Əlimdən tutub dedi ki, “komandir, qoyma, ölürəm”. Sonra başqa şəhid əsgərlərimi yuxuda görmüşəm. Elə bil xoşbəxtdirlər, deyib-gülürlər. İndi İsa bulağındayam, dağlara baxanda üşüyürəm. Mən 44 günlük Vətən müharibəsində də Xüsusi Təyinatlılarımıza kömək etdim. İndi nə qədər düşünsəm də, Şuşada olmağımı dərk edə bilmirəm hələ. Bunu çox adamdan soruşuram, hamı elə deyir, şüuraltında o qədər kədər, dərd, həsrət olub ki... Bəzən elə bilirəm Bakıdayam, birdən yadıma düşür ki, Şuşadayam axı”...
Vasif Əlihüseyn
BakuPost