Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:35 / 17 Oktyabr 2024

Sərnişindaşımada “Brutto müqavilə”yə keçid effekt verəcəkmi?

5905
Məlum olduğu kimi, 2024-2026-cı illərdə Bakıda sərnişindaşımada “Brutto müqavilə” modelinə keçidin təmin edilməsi planlaşdırılır. "Brutto müqavilə"si ictimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətini artırmaq məqsədi daşıyır. Onun tətbiqi zamanı sərnişinlərlə daşıyıcı şirkətlər arasında bir qurum yaradılır. Gediş haqqından toplanan pullara nəzarət edən bu qurum daşıyıcı şirkətlərə hər kilometrə görə pul ödəyir.

Sadə dildə desək, AYNA daşıyıcılara hər ay fiks bir məbləğ ödəyəcək, gediş haqqından əldə edilən gəlir isə birbaşa dövlət büdcəsinə gedəcək. Artıq daşıyıcılar sərnişinlər üzərində rəqabət aparmayacaq. Daşıyıcının bircə vəzifəsi qalacaq - müəyyən olunan marşrut üzrə insanları A nöqtəsindən B nöqtəsinə çatdırmaq. Daşınan sərnişinlərin sayından asılı olmayaraq, o, stabil gəlir əldə edəcək. Bu halda, nəqliyyat agentliyiNİN həmçinin aylıq və illik tarifləri tətbiq etmək mümkün olacaq.

Qeyd edək ki, Avropada avtobuslar "Bruto müqavilə" ilə işləyir. Daşıyıcı kilometr hesabı dövlətdən pulunu alır və o, axşam saat 12-Yə qədər də xidmət göstərməyə həvəsli olur.

Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bakupost.az -a deyib ki, bəzi Avropa ölkələri artıq bu yeniliyə keçərək "Brutto müqavilə"nin tətbiqindən faydalı nəticələr əldə ediblər:

"Sərnişindaşımada "Brutto müqavilə"sinin tətbiqi müsbət addımdır. Bu layihənin əsas məqsədi daşıyıcıları stimullaşdıraraq dəstək göstərməkdir. Daşıyıcı şirkət avtobus alır, qaraj quraraq sürücülər tapır. Bundan sonra müvafiq qurumla "Brutto müqavilə"si imzalayaraq hər kilometrə görə pul qarşılığında sərnişindaşıma xidməti göstərir. Bu zaman daşıyıcı şirkətlər daha yaxşı işləməyə cəhd edirlər. Onlar pullarını alıb keyfiyyətli xidmət göstərirlər. Bu müqavilə daşıyıcı şirkətlərin üzərinə keyfiyyətli sərnişindaşıma ilə bağlı öhdəlik qoyur".

Ekspertin sözlərinə görə, bəzi daşıyıcılar hələ də kart sisteminə keçməyiblər: "Bu da yeniliyin tətbiqinə müəyyən çətinliklər yaradır. Amma "Brutto müqavilə"nin sərnişindaşımada tətbiqindən sonra daşıyıcı şirkətlər də buna maraq göstərəcəklər. Bu zaman sərnişindaşımada xidmət keyfiyyəti daha da artacaq".

Nəqliyyat eksperti Ərşad Hüseynovun dediyinə görə, ictimai nəqliyyatdan istifadənin yaxşılaşdırılması, əlçatanlığın artırılması üçün müxtəlif tədbirlər görülür.

Bu əlçatanlığın təmin olunmasının variantlarından biri də odur ki, ictimai nəqliyyat çox baha olmamalı, dayanıqlı olmalıdır. Stabil maliyyə mənbəyi gediş haqqı hesabına təmin edilə bilmir. Bütün dünyada qəbul olunub ki, sərnişinin ödədiyi gediş haqqı hesabına ictimai nəqliyyatı dayanıqlı etmək mümkün deyil. Mütləq dövlət və ya bələdiyyənin maddi dəstəyi olmalıdır:

“Maddi dəstəyin formatı da təqdim edilən yeni konsepsiya - “Brutto” müqavilə adlanır. Bunun mahiyyəti odur ki, görülən işə görə ödəniş alınır. Gediş haqqı isə şəxslərin ödədiyi vəsaitdir. Reysin də iqtisadi cəhətdən hesablanmış qiyməti var. Avtobus boş getdi və ya dolu, bunun heç bir fərqi yoxdur. Sürücü həmin reysin qiymətini alır. Belə olan halda daşıyıcı gediş haqqından asılı olmur, gediş haqqı uğrunda mübarizə aparılmır, həmçinin "avtobus dolsun,0 sürərəm" kimi problemlər olmur. Nəticədə normal, komfortlu ictimai nəqliyyat olur. Dövlət dəstəyinin ən gözəl formatı budur. Ümid edirəm ki, bu qayda kağız üzərində qalmaz, icra olunar”.

Sevinc,
BakuPost


Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda hazırlanıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar