Ru
16:12 / 20 May 2022

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

21890
İyun ayından etibarən ölkənin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılacaq. Bu prosesin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır. Eyni zamanda, sertifikatlaşdırma zamanı müəllimlərin peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur.


Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov deyir ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə hazırlıqlara iyun ayından etibarən start veriləcək. Avqust ayının sonlarına doğru isə test imtahanı mərhələsi keçiriləcək:





“Sertifikatlaşdırmanın nəticələri müəllimlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslərə 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək imkanı yaradılacaq”.


R.Əzizovun sözlərinə görə, sertifikatlaşdırma iki mərhələdən-test və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 60 sual təqdim olunacaq. Hər bir düz cavab bir bal kimi müəyyən ediləcək. Müəllimlər tərəfindən cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunacaq. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılacaq:


“İlk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) bu prosesdə iştirak etməyəcəklər:

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb. Artıq Şuranın əsasnaməsi və tərkibi də təsdiq olunub”.




Direktor qeyd edib ki, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı və təhsilverənlərin sertifikatlaşdırılması tamamilə fərqli proseslərdir. Onun sözlərinə görə, MİQ müəllim olmaq istəyən namizədlər arasında rəqabətin izlənilməsi deməkdir və nəticədə işə qəbul prosesi aparılır. Yaxşıların içərisindən də ən yaxşıları seçilir. Lakin təhsilverənlərin sertifikatlaşdırılması fərqlidir:


“Burada əsas məsələ müəllimlərin öz ixtisası üzrə minimal tələblərin ödənilməsi üçün imtahandan keçməsidir. Qeyd edim ki, sertifikatlaşdırılma zamanı əldə edilən nəticələr müəllimlərin gələcək fəaliyyətinə müəyyən mənada təsir edə bilər. Belə ki, sertifikatlaşdırılma zamanı uğur qazanan müəllimlər gələcəkdə metodist kimi vəzifələrə yüksələ bilərlər”.

R.Əzizovun dediyinə görə, İnstitut tərəfindən ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsi və 20 fənn, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr, mövzuları əhatə edən məlumat kitabçası hazırlanıb.


İbtidai sinif müəllimi Nərgiz Qasımzadə deyir ki, məlum olduğu kimi sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur. Sertifikatlaşdırma prosesinə məhz ibtidai sinif müəllimlərindən başlanılması doğru qərardır. Çünki məhz ibtidai sinif müəllimlərinin peşəkarlıq səviyyəsi yoxlanılmalı və onların peşəkar inkişafına nail olunmalıdır:


“İbtidai təhsil təhsilin bönövrəsi sayılır. Bu səbəbdən də ibtidai sinif müəllimlərinin peşəkarlıq səviyyəsi yüksək olmalıdır”. Müəllim bildirib ki, sertifikasiya müəllimlər arasında müəyyən həyəcana səbəb olub. Ancaq həyəcanlanmağa ehtiyac yoxdur. Sertifikasiyanın məqsədi kimisə işdən azad etmək deyil. Müəllimin peşəkarlıq səviyyəsini öyrənmək, məsuliyyətini artırmaq üçün keçirilir. Biliyinə, savadına, peşəkarlıq səviyyəsinə güvənən ibtidai sinif müəllimləri sertifikatlaşdırma prosesindən qorxmamalı, çəkinməməlidirlər”.



Təhsil eksperti Nadir İsrafilov deyir ki, müəllim əməyinin stimullaşdırılması nəinki lazımdır, hətta vacibdir:




"Əlbəttə, qiymətləndirilmə obyektiv keçirilərsə. O ki, qaldı ənənəvi attestasiyanın sertifikasiyailə əvəzlənməsinə bax bu, məsələnin başqa tərəfidir. Bununla bağlı kiçik bir xatırlatma yerinə düşər ki, hələ 1999-cu ildə Dövlət Komissiyası tərəfindən hazırlanan və Ümummill lider Heydər Əliyev tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında "rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımı diqqət yetirilməməsi” barədə müddəalar xüsusi olaraq vurğulanıb və bunun həll olunacağı müddətlər belə müəyyən olunub. Belə ki, bununla əlaqədar, Nazirlər Kabineti "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə" 23 may, 2001-ci il tarixli qərar da verilib. O vaxt təhsil nazirinin 21 oktyabr, 2002-ci il tarixli əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu. Bu məqsədlə attestasiyanın Qaydaları hazırlanmış, Təşkilat Komitəsi belə yaradılmışdır.

Yaşlı və orta nəslin nümayəndələri yəqin xatırlamamış deyillər ki, müəllim əməyinin qiymətləndirilməsi və onların maddi və mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç də yeni məsələ olmayıb, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur. O zamanlar keçirilən attestasiyanın nəticələrinə əsasən müəllimlərə rəğbətləndirmə vasitəsi kimi ali, I, II və III kateqoriyalı dərəcələr belə verilərdi. Məsələn, ali kateqoriyalı müəllimin əmək haqqı 1-ci kateqoriyalı müəllimdən, 1-ci kateqoriyalı müəllimin əmək haqqı isə, II kateqoriyalı müəllimdən yüksək olurdu.Müəllimlərin son attestasiyası 1994-cü ildə keçirilib. “Proqram”da attestasiya nəzərdə tutulsa da, onun tətbiqi üçün olduqca mürəkkəb, uzun proseduralar tələb olunduğundan reallaşması mümkün olmadı. Məhz buna görə də “Təhsil haqqında Qanun”a müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Attestasiya Diaqnostik qiymətləndirmə ilə əvəz olundu. Əslində, Diaqnostik qiymətləndirmə bir növ attestasiyaya hazırlıq mərhələsi kimi nəzərdə tutulmuş, bununla bağlı dəfələrlə rəsmi bəyanatlar da verilmişdi. Məsələ ondadır ki, 2014-cü ildən başlayaraq, müəllimlərin böyük əksəriyyətinin bu prosesə cəlb olunmasına baxmayaraq, Diaqnostik qiymətləndirmə heç də hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmadı. Nəticə olaraq, belə qərara alındı ki, “Əmək Məcəlləsinin 66-cı (attestasiya olunmayan işçilər) maddəsinə əlavə edilən yeni bəndə əsasən, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq. Sənədə təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək. Yeni dəyişikliyə görə, ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq”.



Ekspertin dediyinə görə, təhsil haqqında 2009-cu ildə qəbul olunan qanuna attestasiya, akkreditasiya, nostrifikasiya, lisenziya kimi anlayışlar daxil edildiyi halda, sertifikasiya nəzərdə tutulmayıb, yalnız 2015-ci ildə bu məsələ yada düşərək qanuna müvafiq əlavə edilib. Həmin qanuna əsasən attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi prоseduru kimi dəyərləndirilmiş, təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun оlaraq, elmi-pedoqоji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az оlmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi nоrmalar məcmusundan ibarət olduğu qeyd edilmişdir. Diaqnostik qiymətləndirmənin attestasiyaya hazırlıq mərhələsi olduğu barədə rəsmi bəyanatların verilməsi və bu prosedurun hələ tam başa çatdırılmaması, dövlət təhsil sənədi olmayan və müsabiqədənkənar işə qəbul olunan, lakin diaqnostik qiymətləndirməyə buraxılmayan yüzlərlə müəllimin taleyinə aydınlıq gətirilməmiş, sertifikasiya barədə yeni "ideya” ortalığa atılmışdı. Bununla belə müəllimlərin attestasiyası bir neçə dəfə planlaşdırılsa da, müəyyən səbəblərdən onu reallaşdırmaq mümkün olmayıb: “Nəhayət, on illik bir dövr ərzində biganəlik göstərilən məsələni "Qaydalar”a müvafiq həll etmək istiqamətində ilk addım kimi Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xidməti məktubunu əsas götürərək "Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə” əmr verdi. Əmrə əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinə tapşırılırdı ki, sınaq qiymətləndirmənin nəticələri əsasında, ümumi təhsil üzrə fənn kurikulumlarının və ixtisasartırma təhsil proqramlarının təkmilləşdirilməsi, müəllim hazırlığı proqramlarının yeniləşdirilməsi üzrə təkliflər hazırlayıb, təqdim etsinlər. Təhsil Nazirliyinin yüksək çinli məmurları isə əmrin təbliği istiqamətində müəllimləri əmin edirdilər ki, "sınaq qiymətləndirilməsi müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan, zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq qiymətləndirilməsi diaqnostik xarakter daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədi ilə keçirilir”. Əmrdən və açıqlamalardan göründüyü kimi əmək haqqı məsələsi Nazir əmrinin predmeti olmayıb. Yeni əmrə əsasən qiymətləndirilmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılırdı. Yəni stavka sovet dönəmində olduğu kimi yenidən 12 saatdan 18 saata qaldırılır, diaqnostik qimətləndirmə dedikdə isə bir müddət əvvəl paytaxt müəllimlərinin cəlb olunduqları ikimərhələli sınaq imtahanları nəzərdə tutulurdu. Bu mənada maaş artımının sınaq qiymətləndirmədə zəif və yüksək nəticə göstərmələrindən asılı olmayaraq, hər kəsə şamil edilməsi istər Təhsil sahəsində islahat Proqramının, istərsə də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müddəaları ilə uzlaşmırdı. Çünki, Strategiya müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılmasını önə çəkərkən səriştə və nəticə əsaslı diferensiallaşmış, əmək bazarında rəqabətəqabiliyyətli əmək haqqı sisteminin yaradılmasını nəzərdə tutur. Hazırkı məqamda isə səriştə və nəticə nəzərə alınmamış olurdu. Gedişat prosesində müəyyən problemlərin üzə çıxması təbii ki, "Müəllimlərin attestasiyası məsələsi gündəmdədir. Amma bu, başqa bir məsələdir ki, biz attestasiyaya hazırıqmı? Nəhayət “Əmək Məcəlləsinin 66-cı maddəsinə əlavə edilən yeni bəndə əsasən, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq. Sənədə təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək. Yeni dəyişikliyə görə, ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq. Beləliklə, “Təhsil haqqında Qanun”a müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Attestasiya Diaqnostik Qiymətləndirmə ilə əvəz olundu. Məsələ ondadır ki, Diaqnostik qiymətləndirmə də hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmadı”.




Nadir İsrafilov bildirib ki, “Təhsil haqqında” qanuna edilən dəyişiklikdən irəli gələrək, 2018- ci ildə Nazirlər Kabineti tərəfindən qaydalar təsdiq edilib:


“Sertifikasiya prosedurunun başlanması və ilkin sınaqların edilməsi və müəllimlərimizin daha hazırlıqlı formada prosesə qatılması təxminən payız aylarının sonuna planlaşdırılmışdı. Oktyabr-noyabr aylarından etibarən prosesə start vermək və daha geniş formada Sertifikasiyanın həyata keçirilməsi, 2021-ci ildə davam etdirilməsi nəzərdə tutulurdu. Ləngimələrin səbəbi əsasən pandemiya ilə izah olunur. Nazirin də son açıqlamalarının birində qeyd etdiyi kimi, “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq yox, onları daim inkişafda saxlamaqdır. Birinci il keçməyən müəllimlər, il ərzində ikinci dəfə sertifikatlaşdırmadan keçə bilər. Sertifikasiyada yaş həddi də nəzərə alınacaq. İşə yeni qəbul olan müəllimlər 5 il sertifikasiya olmayacaqlar, yuxarı yaş həddində olan müəllimlər də yəqin ki, ilk mərhələdə sertifikatlaşdırmadan keçməyəcəklər. Prosesə cəlb olunacaq pedoqoji heyət üçün sınaqlar keçiriləcək. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır. İstər diaqnostika olsun, istər attestasiya və ya sertifikasiya – qiymətləndirmə olub və olmalıdır. Bəzi müəllimlərin narahatçılıq keçirməsinə və narazılıq bildirməsinə elə də ciddi səbəb görmürəm. İstəsək də, istəməsək də, müəllim əməyinin qiymətləndirilməsi və stimullaşdırılması kimi taleyüklü bir məsələ müxtəlif məzmunlu və bir-birinə zidd xarakterli açıqlama və bəyanatlarla deyil, bilavasitə təhsil qanunvericiliyinə müvafiq normativlər və ya təlimatlarla tənzimlənməlidir”.


Təhsil jurnalisti Niyazi Şərifsoyun dediyinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində təkcə müəllimlərin yox, bir çox peşə sahiblərinin peşəkarlıq səviyyəsinin ölçülməsi məqsədilə onların sertifikasıyası, attestasiyası keçirilir. Artıq Azərbaycanda dövlət ümumi təhsil məktəblərində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesin başlanılır. Sertifikasiya müəllimlərin məsuliyyətini artırır, yeni innovativ məsələləri dərindən öyrənməsinə şərait yaradır. Bu baxımdan müəllimlərin sertifikatlaşdırılması çox vacibdir.




“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində mövcud olan maddələrdən biri də təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılmasıdır. Müəllimlərin sertifikasiyasının keçirilməsi də məhz bu sistemin bir hissəsidir: “Müəllimlərin sertifikatlaşdırılmasının keçirilməsində olduqa vacib məsələlərdən biridir. Fikrimcə, müəllimlərin sertifikasiyadan keçirilməsiprosesini yeni bir dövrün başlanğıcı hesab etmək olar”.





Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, təhsilverənlərin dövrün tələblərinə cavab verməsi üçün onların sertifikasiyasının keçirilməsi olduqca vacib məsələlərdən biridir. Təhsilverənlərin sertifikasiyasının keçirilməsi müəllimlərə müəyyən imkanlar yaradacaq. Bu da müəllimlər üçün olduqca vacibdir”.



Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.

Sevinc
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər