Ukrayna Yaxın Şərqin bir sıra ölkələrinə hərbi bölmələr göndərərək pilotsuz uçuş aparatlarına qarşı mübarizədə iştirak edir.Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Ukrayna hərbçiləri Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və İordaniya daxil olmaqla beş ölkədə yerləşdirilib. Onlar yerli hərbi qüvvələrə hava hücumundan müdafiə sahəsində məsləhət verir və pilotsuz aparat hücumlarına qarşı mübarizədə iştirak edir.
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsinin ordusu xüsusilə “Şahed” tipli pilotsuz aparatlarla mübarizədə unikal təcrübəyə malikdir. Onun sözlərinə görə, region ölkələrinin mövcud hava hücumundan müdafiə sistemləri əsasən ballistik raketlərə qarşı yönəlib və PUA hücumlarına qarşı məhdud imkanlara malikdir.
Məlumata görə, Ukrayna bu hərbi mövcudluq vasitəsilə Yaxın Şərq ölkələri ilə uzunmüddətli təhlükəsizlik əməkdaşlığı qurmağa çalışır. Bildirilir ki, bu istiqamətdə danışıqlar aparılır və artıq bir neçə dövlət Kiyevdən pilotsuz uçuş aparatlarına qarşı mübarizə sahəsində dəstək istəyib.
Eyni zamanda, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun region ölkələrinə səfərləri zamanı bu əməkdaşlığın detalları müzakirə olunub.
Paralel olaraq, Kiyev Vaşinqtonla da hərbi-texniki əməkdaşlığı davam etdirir. ABŞ ilə mümkün razılaşmalar çərçivəsində pilotsuz aparatların tədarükü və təhlükəsizlik təminatları müzakirə olunur. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp belə məsələlərin Amerika ordusu tərəfindən müstəqil şəkildə həll oluna biləcəyini bildirmişdi.
“Reuters” qeyd edir ki, Ukraynanın bu addımı həm hərbi təcrübəsini ixrac etmək, həm də yeni strateji tərəfdaşlıqlar qurmaq cəhdi kimi qiymətləndirilir.
Cavid, BakuPost