İran müharibəsi fonunda artan təhlükəsizlik riskləri səbəbilə NATO İraqdakı hərbi-məsləhət missiyasını geri çəkərək Avropaya köçürüb.
Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin xəbərinə görə, alyans İraqdakı missiya çərçivəsində yerləşdirilmiş bütün personalı regiondan çıxararaq İtaliyanın Neapol şəhərindəki hərbi qərargaha köçürüb.
NATO-nun Avropadakı ali hərbi komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Aleksus Qrinkevic bildirib ki, bu qərar regionda təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi fonunda qəbul olunub və personalın təhlükəsiz şəkildə köçürülməsi təmin edilib.
Eyni zamanda alyans vurğulayıb ki, İraqdakı missiya tam dayandırılmır. Missiya bundan sonra da fəaliyyətini davam etdirəcək, lakin amma regiondan kənarda idarə olunacaq. Bu missiya döyüş xarakterli deyil və əsas məqsədi İraq təhlükəsizlik qüvvələrinə təlim və məsləhət dəstəyi göstərməkdir.
“Reuters”in digər məlumatına görə, NATO bu addımı “missiyanın formatının dəyişdirilməsi” kimi qiymətləndirir. Alyansın sözçüsü bildirib ki, təşkilat İraqla əməkdaşlığı davam etdirəcək və qərar yalnız personalın təhlükəsizliyi ilə bağlıdır.
Qeyd olunur ki, son günlər Polşa, İspaniya və Xorvatiya kimi NATO ölkələri də Yaxın Şərqdəki qüvvələrini geri çəkməyə başlayıb. Bu isə regionda müharibənin genişlənməsi riskinin artdığını göstərir.
Cavid, BakuPost