Ru
10:13 / 14 Dekabr 2021

Söyüş yiyəsi olmayaq - Şərif Ağayar

5653
Şərif Ağayar

Deyirlər, bir millətin musiqisinin səviyyəsini bilmək istəyirsinizsə, onun xoruna qulaq asın...
Bu incə fikrin davamı kimi deyərdim:
Bir millətin ümumi səviyyəsini bilmək istəyirsinizsə, kitab sərgilərinə diqqət edin...

Mədəniyyət Nazirliyi tərəfindən Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təsis edilməsini müstəqilik dövrünün ən böyük mədəniyyət hadisəsi sayıram.

Həmişə bu tədbirin təşkilatçılarına içimdə gizli bir ehtiram bəsləməkdəyəm.
Və həm də canımda bir qorxu dolaşıb həmişə: birdən adamlar gəlməz!
Məni pessimistlikdə günahlandırmayın. Məşum 90-larda ağzımız pis yanmışdı və nə qədər çalışırdım Azərbaycanla kitab sözlərini yanaşı işlədə bilmirdim.
Kitab bizi tərk eləmişdi!
Klassik inancımızda adamların kitabı tərk eləməsi faciədir.
Hətta buna görə edam cəzası da vardı.

Bəs kitabın insanları tərk eləməsinin miqyasını necə ölçməliyik?
Buna görə kimi cəzalandırmalıyıq?

Mənim müşahidəmə qalsa, ölkəmizin ağır və kəşməkəşli illərdən keçərək kitaba qayıdışı Yeni Yazarlar və Sənətçilər Qurumunun və qurumun rəhbəri Aydın Xanın təşəbbüsü ilə keçirilən Bakı Kitab Sərgi-Yarmarkası idi.

Milli Kitabxanada düzənlənən bu mədəniyyət bayramında paytaxt sakinlərinin fəal iştirakını görəndə sabahlara inamım artmışdı...
Kitabxananın ozamankı xanım sədrinin sərgidə necə canfəşanlıqla iştirak etdiyini, üzünün necə güldüyünü minnətdarlıq duyğusu ilə xatırlamaqdayam.

Sonra nazirlik təşəbbüsü ələ aldı və 2009-cu ildən başlayaraq bu sərgi beynəlxalq miqyasda keçirildi.

İndi, maşallah, nəşriyyatlar özləri sərgilər təşkil edir, yarmarkalar keçirir!

Mən bizdəki beynəlxalq sərgidən bir il əvvəl – 2008-ci ildə Tehran Kitab Sərgisində iştirak etmişəm və İran kültürünün nəhəngliyinə əyani şahid olmuşam. Ozamankı səfirimiz Abbasəli Həsənovun “Müsəlləh” meydanında yaradılmış nəhəng ehtişama baxaraq köks ötürməsi, həsrətlə-həsədlə “Görürsünüz?” söyləməsi ilginc məqam idi.

Sən demə, Tehran Kitab Sərgisi Frankfurtdan sonra dünyanın ən nəhəng kitab şöləni imiş...
Görməyənlər üçün təsvir eləməkdə acizəm.
Xüsusən, həmsöhbətim azərbaycanlıdırsa...

Qısaca belə deyə bilərəm: elə bil beş-altı “Binə bazarı”nı bir-birə calamısan və üst-üstə yerləşdirmisən...
Bizdə bu qədər adamı yalnız bazarlarda görmək olar.
Bazar dedim, yadıma düşdü, kitab həm də əmtəədir.
Ona görə sərgi sözünün yanında yarmarka sözü də işlənir.
Ümumiyyətlə, kitaba pul verib almaq bir kültürdür.
Və kitab da bazardan aldığımız ərzaq, meyvə, geyim kimi həyatımızın “olmazsa, olmazı”dır.
Dünyada elə bir qüdrətli ölkə yoxdur ki, kitabı zəif olsun.

Yaxud əksinə, kitabı zəif olan elə bir ölkə tapılmaz ki, qüdrətli olsun.
Kitaba münasibət bir xalqın elm və savaddan əlavə azadlığa, demokratiyaya, ədalətə, insanın haqlarına münasibətidir.
Kitablar empatiya hissini inkişaf etdirən, alternativlərə öyrədən ovsunçudur.
Dili, dini, irqi, sosial mənşəyi, dünyagörüşü fərqli insanları öz çətiri altına yığan ən böyük dəyərdir.
Prezidentlər and içəndə əlini ürəyinə yox, kitabların üstünə qoyur.

Çünki kitab cəmiyyətin qəlbidir.
Döyünürsə, diridir, döyünmürsə, ölü...
Eynəyə gözün, əsaya əlin, kitaba beynin davamı deyirlər, lakin mən icazənizlə bir az da irəli gedirəm: divin canı şüşədə olduğu kimi, bir xalqın da canı onun kitabındadır.
Kitab bir ölkənin ruhunun bəsləndiyi sehrli qutudur.

Bir toplumun kitaba münasibəti öz varlığına, öz diriliyinə, öz ruhuna münasibətidir.
Xalqın öz varlığına, öz diriliyinə, öz ruhuna laqeydliyini müşahidə etmək sarsıdıcıdır!
Amma şükür, insanlarımız kitaba faciəvi səviyyədə biganə deyil.

Bunu Bakıda keçirilən Birinci Milli Kitab Sərgisi də, Sumqayıtda və Gəncədə keçirilən sərgilər də sübut etdi.
İndi İkinci Milli Kitab Sərgisi ərəfəsindəyik. Bütün sevindirici məqamlara baxmayaraq içimdə adətkarı olduğum bir narahatlıq dolaşır.
Bu, təbii ki, təkcə bir yazıçı kimi mövcudluğumu şərtləndirən narahatlıq deyil, ölkə kimi, xalq kimi, dövlət kimi hansı səviyyəyə sahib olduğumuzu görməyin, öyrənməyin, buna bir daha şahid olmağın narahatlığıdır.

Kitabsız cəmiyyət kölədir.

Müstəmləkə dövrünə baxın, sındırılmış xalqları həmişə o vəziyyətdə saxlamaq üçün onu məxsusi olaraq kitabdan uzaq salırdılar.
Bizim bəxtimiz orda gətirdi ki, işğalında yaşadığımız rus imperiyası yazıb-oxumağı öyrənməyimizdə maraqlı idi.

Bu gün Azərbaycan reallığında üzləşdiyimiz ən ciddi problemləri dərindən eşələsək, gedib kitaba çıxacaq, ən azı konstitusiyamıza, onun havadan asılı qalan və heç vaxt funksionallığı olmayan sətirlərinə dirənəcək.

Dəhşət burasıdır ki, taleyini yazan, müqəddəratını təyin edən, həyatını dəyişmək iqtidarında olan kitabdan xəbərsiz qalasan...
...“A kitabsız!”

Bu ifadə dilimizdə söyüş kimi səslənir.
Söyüş yiyəsi olmayaq...
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər