İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı keçmiş SSRİ-nin bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb.
Bakupost.az xəbər verir ki, bu gün Azərbaycan Ağsaqqallar Şurası Saleh Səmədova görə toplaşıb. Onunla bağlı qərar verilib və Azərbaycan Ağsaqqallar Şurasından kənarlaşdırılıb.
Qeyd edək ki, Saleh Səmədov hakim Yeni Azərbaycan Partiyasının (YAP) da üzvüdür.
Maraqlıdır, o, partiyadan da kənarlaşdırılacaqmı?
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Elman Nəsirov bildirib ki, İmişlidə baş verən bu hadisəni pisləyir:
"Bu hadisənin cəmiyyətdə birmənalı qarşılanmamasının motivlərini başa düşmək olar. Əvvəla Sovet İttifaqı yoxdur. Onun bərpası mümkün deyil. Rusiya Prezidenti Vladimir Putin də çıxışlarından birində Sovet İttifaqının dağllmasının əleyhinə olduğunu, lakin daha onun bərpa olunmasının qeyri-mümkünlüyünü dilə gətirib. Belə bir reallıq şəraitində İmişlidə Ağsaqqallar Şurasının sədrinin sovet bayrağı qaldırması, "Georgi lenti"ni taxması anlaşılan deyil. İmişlidə belə bir hadisənin baş verməsi çoxlu suallar, təccüb və təəssüf doğurur. Bu nə deməkdir, hadisəni necə izah etmək olar? İmişlidə, eləcə də respublikamızın heç bir yerində SSRİ ilə bağlı nostalji hisslər yoxdur. Ümumiyyətlə, yeni nəsil yetişir, onlar da Sovet İttifaqı ilə bağlı ancaq kitablardan nəsə oxuyublar. Belə olan halda müstəqillik ən böyük nemətdir. İndi kimlərsə, görünür müstəqilliyin əleyhinədir. Onlar bunu belə əməlləri ilə isbatlamaq istəyirlər. Bunu pisləyirik, qəbuledilməz yanaşmadır. Hesab edirəm ki, İmişli camaatı da birmənalı olaraq bunun əleyhinədir. Qoy, ilk növbədə belə bir addımı atan, özünü Ağsaqqallar Şurasının sədri kimi təqdim edən şəxs “bununla SSRİ ilə bağlı nostalgiya yaşayır?”, yoxsa “müstəqilliyin əleyhinədir?” suallarına cavab versin".

YAP Təftiş Komissiyasının üzvü qeyd edib ki, məsələyə komissiya tərəfindən qiymət verilə bilər:
"Onun jurnalistlərin suallarına verdiyi cavabları belə təəccüb və təəssüf doğurur. Bizə qardaş olan, inkişaf edən, PKK terroruna son qoymağı bacaran, NATO-da ikinci hərbi güc sayılan, torpaqlarımızın azad edilməsində böyük mənəvi, siyasi dəstək verən Türkiyə ilə artıq tarixin zibilliyindəki SSRİ-nin müqayisəsini aparmaq ağılsızlıqdır. Buna başqa ad tapa bilmirəm. Hələ Ağsaqqallar Şurasının və Yeni Azərbaycan Partiyasının məsələni qiymətləndirməsindən öncə, həkim tərəfindən əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var. Bundan sonra digər siyasi addımların atılması düzgün olar. Mən də Təftiş Komissiyasının üzvüyəm. Biz partiya daxilində qanunazidd əməllər baş verdikdə öz mövqeyimizi ifadə edirik. İstisna deyil ki, məsələyə dair Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarından olan Təftiş Komissiyası qiymət verə bilər".