Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfəri Böyük Qayıdış proqramının reallaşması istiqamətində mühüm mərhələ kimi yadda qaldı. Dövlət başçısının bu səfərinin siyasi, sosial və iqtisadi baxımdan böyük əhəmiyyəti oldu.
Məsələ burasındadır ki, 44 günlük müharibədən sonra ölkənin qarşısında duran ən prioritetvəzifələrdən biri də həmin torpaqlara həyatın qaytarılması, infrastrukturun qurulması, insanların təhlükəsiz və rifah içində yaşamasıdır. Bu, Böyük Qayıdışın əsas qayəsidir.
Kəlbəcər uzun illər Ermənistanın işğalı altında qalan, təbiəti, coğrafi mövqeyi, strateji əhəmiyyəti ilə seçilən, lakin işğal zamanı tamamilə viran edilmiş bir bölgədir. 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan bu torpaqları döyüşsüz, siyasi qətiyyət və hərbi təzyiq nəticəsində geri aldı.
Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı bir sıra yeni infrastruktur layihələrinin açılışını etdi, müxtəlif obyektlərlə tanış oldu.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakupost.az-a açıqlamasında Kəlbəcərdə aparılan bərpa və yenidənqurma işlərindən danışaraq qeyd etdi ki, illər öncə biz Kəlbəcərin ermənilər tərəfindən necə barbarcasına və vəhşicəsinə dağıldığının şahidi olduq:

"Ermənilər bu əraziləri yandırdılar və çıxdıqları zaman da özləri ilə evlərindəki bütün əşyaları apardılar. Həqiqətən də o dövrdən bu dövrə baxanda biz Kəlbəcərin simasının tamamilə dəyişdiyini görürük. Burada ən müasir formada yaşayış kompleksləri yaradılıb, abad yollar çəkilib. Bu gün artıq müasir yollar, müasir komplekslər, müasir binalar və cənab Prezidentin qeyd etdiyi kimi, yaxın vaxtda müasir məktəb də inşa olunacaq. Bütün bu işlər ən qısa vaxtda görülüb. Deyə bilərik ki, cənab Prezidentin rəhbərliyi ilə Qarabağ, Şərqi Zəngəzur dünyanın ən abad, ən gözəl bölgələrindən birinə çevrilib. Bu gün burada bu işlər cənab Prezidentin rəhbərliyi ilə ən yüksək səviyyədə həyata keçirilir. Bu, eyni zamanda gələcəkdə Kəlbəcərin turizm mərkəzlərindən birinə çevriləcəyini söyləməyə də əsas verir. Bu, ona gətirib çıxaracaq ki, Kəlbəcər insanların ən çox ziyarət etdiyi, ən çox vaxt keçirdiyi, getməyi arzuladığı bir məkan olaraq Azərbaycan turizmində özünə yer tutacaq".
Prezidentin Kəlbəcərə səfəri eyni zamanda geosiyasi kontekstdə də mühüm məqamlarla yadda qaldı. Azərbaycanın azad edilmiş ərazilərdə apardığı yenidənqurma işləri beynəlxalq ictimaiyyətə bu bölgələrin suveren Azərbaycanın tərkib hissəsi olduğunu bir daha göstərdi. Bu səfər eyni zamanda beynəlxalq ictimaiyyətə ünvanlanmış aydın mesaj idi: Azərbaycan torpaqlarında yalnız sülh, inkişaf və əmin-amanlıq olacaq.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Bakupost.az -a bildirib ki, Prezident İlham Əliyevin Kəlbəcərdəki çıxışı dost və düşmənlər üçün mesaj olmalıdır:
“Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdür. Bu siyasətin prioritet istiqaməti Azərbaycan torpaqlarının suverenliyi, ərazi bütövlüyü və Azərbaycan xalqının rifahıdır. Məlum məsələdir ki, regional, eləcə də beynəlxalq səviyyədə baş verən son hadisələr çox ciddi müzakirə obyektidir. Azərbaycan tərəfinin Vaşinqtonda verdiyi bəyanat, paraflanan maddələr bir daha göstərdi ki, Azərbaycan sülhün tərəfdarıdır. Bu sülhü pozmaq istəyən müəyyən qüvvələr isə çalışırlar ki, öz vasitəçilik missiyalarını ortaya qoysunlar, bununla hər iki tərəfi müəyyən qədər özlərinə uyğun siyasət yürütməyə vadar etsinlər, lakin bu, mümkün deyil.
Azərbaycan istər siyasi, istərsə də iqtisadi və hərbi baxımdan bu günbütün təhdidlərin qarşısını almağa hazırdır. Buna görə də həm dinc quruculuq işləri aparırıq, həm ərazi bütövlüyümüzün, əldə olunmuş suverenliyimizin qorunmasına daim hazırıq. Bu prosesləri bütün dünya görür. Hər hansı qeyri-adekvat addımlar atmağa çalışan dövlətlər bilməlidirlər ki, bizim dönməz daxili və xarici siyasətimiz var. Qarabağ müharibəsindən sonra bütün Silahlı Qüvvələrin – suda, quruda və havada döyüşən ordunun inkişafına önəm veririk. Bu, çox mühüm məsələdir. Düşünürəm, bütün dövlətlər bunu ən yüksək səviyyədə dərk etməlidirlər. 44 günlük müharibədə bir daha bunun şahidi oldular”.
Böyük Qayıdış yalnız mədəni-tarixi və mənəvi məsələ deyil, eyni zamanda Azərbaycanın gələcək iqtisadi inkişaf trayektoriyasında həlledici yer tutan bir prosesdir. Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı açıqladığı konkret layihələr və həyata keçirilən infrastruktur quruculuğu bu bölgənin iqtisadi xəritədə mühüm mövqe tutacağını açıq şəkildə göstərdi.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov qeyd edib ki, Kəlbəcər ölkə iqtisadiyyatına nəzərə çarpacaq qədər qatqı vermək potensialına malik, təbii-iqtisadi resurslarla zəngin bir rayondur:
“Rayonun qızıl, mis, civə və digər qiymətli material ehtiyatları, yüzlərlə müxtəlif dərdlərin dərmanı olan müalicəvi bulaqlar, dağ, yaylaq, kanat, qış turizminin inkişafı üçün geniş imkanlar, dərman bitkiləri, heyvandarlığın inkişafı imkanları, arıçılığın inkişafı üçün münbit şərait və s. Bu siyahını daha da genişləndirmək mümkündür. İlkin proqnozlara görə, Kəlbəcər iqtisadiyyatı ölkə iqtisadiyyatına, ən azından 2-3 faizlik töhfə vermək imkanındadır.
Qeyd edilən imkanların reallaşdırılması isə təbii ki, zəruri infrastruktur quruculuğu və lazımi bazarlara asan çıxış ilə mümkündür. Bu baxımdan, Toğanalı-Murovdağ-İstisu tuneli, Kəlbəcər-Laçın yolu, Laçın şəhərində istismara verilmiş beynəlxalq hava limanı olduqca mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, bu yollar, eləcə də rayonun öz daxilində yaşayış məntəqələri arasında salınan müasir yollar inteqrasiya və bazarlara çıxış üçün önəmlidir. 81 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu yolunun 11,6 kilometrini Murov dağının altından salınan tunel təşkil edir. Artıq işlərin yekunlaşmaq üzrə olduğu bu tunel mürəkkəb relyefə malik Kəlbəcərlə ilin bütün fəsillərində rahat əlaqə saxlamaq imkanı yaradacaq. Gələcəkdə isə Kəlbəcərə dəmir yolunun çəkilişi nəzərdə tutulur ki, bu da regionun dəmir yolu ilə də beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışına imkan verəcək. O cümlədən, dəmir yolunun çəkilişi regionda fəaliyyət göstərəcək təsərrüfat subyektlərinin, istehsalçıların bazara çevik və asan çıxışına şərait yaratmaqla dinamik inkişafına töhfə verəcəkdir. Bütün bunlar nəinki qısa zamanda Kəlbəcərdə qaynar həyatı tam bərpa edəcək, eləcə də ümumilikdə regionun inkişafına ciddi töhfə verəcək”.
Aysel,
BakuPost
QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" mövzusunda hazırlanıb.