Mayın 30-da Şirvanşahlar Sarayında tanınmış şair, “Söz” və “İgidlərin sözü” layihələrinin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, dünyanın ən böyük poeziya hərəkatlarından biri olan WPM-nin (World Poetry Movement) üzvü, qlobal POP (Peace of the Planet) poeziya hərəkatının təsisçilərindən biri Nigar Həsənzadənin “Mənim Tanrım” adlı poeziya axşamı keçirilib.
Bakupost.az xəbər verir ki, tədbirdə Nigar Həsənzadənin artıq oxucular tərəfindən sevilmiş və tanınmış əsərləri ilə yanaşı, yeni poetik nümunələri ilə də tanış olmaq imkanı yaranıb.
Şairənin özü tərəfindən səsləndirilən demək olar ki, hər bir şeirdə tədbirin adında da yer alan “Mənim Tanrım” sözləri işlədilib. Bu məqama işarə edən poeziya axşamının iştirakçıları bildiriblər ki, bu, onun kainatın müdrikliyi ilə incə, mənəvi bağlılığını aydın şəkildə nümayiş etdirir. Qonaqların da dediyi kimi, Nigar Həsənzadənin şəxsiyyəti birbaşa onun yaradıcılığı ilə assosiasiya olunur.
Qeyd etmək yerinə düşər ki, Nigar Həsənzadə tez-tez ictimaiyyət qarşısında çıxış etmir. O özü də etiraf edir ki, kitablarını dəfələrlə yenidən nəşr etdirmək ona xas deyil.
Xalq şairləri Ramiz Rövşən və Sabir Rüstəmxanlı, Xalq yazıçısı Afaq Məsud, yazıçı Seyran Səxavət, şairlər Salam Sarvan, Arif Buzovnali, Mahir Qarayev, Xanım İsmayılqızı və digərləri tədbirin fəxri qonaqları sırasında yer alıblar. Gecədə həmçinin millət vəkilləri, ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də Vətən müharibəsi iştirakçıları – “İgidlərin sözü” layihəsinin şairləri iştirak ediblər.
Nigar Həsənzadənin şeirləri yalnız müəllifin özü tərəfindən deyil, həm də Azərbaycanın Əməkdar artisti Gülzar Qurbanova, teatr və kino aktyorları Xəzər Süleymanlı, Oksana Rəsulova, Nicat Məmmədov, Elşən Əskərov və Tural Əhməd tərəfindən səsləndirilib.
Aysel, BakuPost