Ru
18:36 / 03 Oktyabr 2022

“Tanrı türk tariximizin izlərinin silinməməsi üçün daşları yerin altında gizləyib” – Napıl Bazılxan

1086
Göy Tüklərin daş kitabələrini nöqtə-nöqtə, sətir-sətir oxuyan Monqolustanın ünlü alimi Napıl Bazılxanla müsahibə “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlının təqdimatında



Ötükəndə-- o Müqəddəs məkanda, Göy türklərin təşəkkül tapdığı Hangay Jotedəki Nomgom obasında İltəriş Xaqana aid yeni bir daş kitabənin tapılması xəbərini alanda, dünya gözlərimə göy qurşağı rəngində göründü.



Dünyamın Göy qurşağı rənginə bələnməsi səbəbsiz deyildi. 2016-cı ilin avqust ayının 23-29 tarixlərində, Dr.Darxan Kıdıralının rəhbərliyi ilə Beynəlxalq Türk Akademiyasının arxeoloji ekspedisiyası tərkibində, 6 il bundan əvvəl eyni məkanda o ruhları duymaq, o yerlərin, o yovşanların ətrini sinəmə çəkmək, o daşları tumarlayıb, Tonyukükün, Bilgə Xaqanın, Kül Tekinin daş məktublarını oxumaq, o balbalların izi ilə addımlamaq kimi bir xoşbəxtlik mənə də qismət olmuşdu. Bizi bu kutsal və sakral məkanda Göy qurşağı qarşılamışdı.







O yerləri gəzmək, o yovşan ətirli çöllərdə addımlamaq elə bir xoşbəxtlik, elə bir duyğudur, bu heyranlığı və duyğunu yalnız Müqəddəs Məkana gedib-gələnlər bilər.



Hər birimizin içərisində bir ümüd göyərmişdi. Monqolustandan və Türk dünyasından gələn arxeoloqlar deyirdilər ki, İlteriş Kutluq Xaqanın iqamətgahının olduğu məkanı tapıblar. Demək bundan sonra, Tanrı ya zəlzələdən, ya vəlvələdən, ya da ki, olub-keçmiş müharibələrdən sonra yerin altında çöküb qalmış, tarixdən gizlədilmiş çox sirrlərin üstünü açacaqdır.



Türk dünyasının sirlərinə işıq tutan bu kutsal və şərəfli yolu Beynəlxalq Türk Akademiyası (TWESCO) illərdir ki, Monqolustan Elmlər Akademiyası Arxeoloji İnstitutu ilə birlikdə davam etdirməkdən usanmadı. Artıq o Bozkırlardan qulağımıza belə bir səda çatmışdı: “İlteriş Xaqana aid olan bir külliyyənin və kitabənin izindəyik...”.



Bu ilin avqust ayının 23-də bu xoş xəbər bütün dünyanı silkələdi.Tariximiz təzələnirdi. Daha öncəyə getmək üçün qapılar açılırdı.



Bu gözəl xəbərin pərdə-pərdə dünyaya yayımından bir neçə gün sonra, sentyabr ayının 12-18 aralığında Astanaya dəvət aldım. Gedib ziyarət etdiyim ən kutsal məkanlardan biri də Beynəlxalq Türk Akademiyasının yeni yerləşdiyi ünvan oldu. İqamətgahın həyətindən, otaqlarından Ötükən havası gəlirdi. Dostdostu görəndə necə bayram olurmuş. Akademiyanın bütün əməkdaşları bir andaca başıma toplandı.Ən əziz insanlarını,ən doğmalarını gördükləri kimi qarşıladılar... Bilirsiniz niyə? Çünki burada işləyən dostların hər birinin başında, ruhunda bir Ötükən havası var. Biz bir-birimizi bir sözdən, bir naxışdan, bir tamğadan, bir baxışdan anlarıq.



Hər birini bağrıma basıb yeni kəşf münasibəti ilə təbrik etdim. Görüşdüyüm dostlar içərisində Müqəddəs Məkanlardan ekspedisiyadan qayıtmış Napıl Bazılxan və Nurbolat Bogenbayev də var idi. Dedim ki, ikinizdən biriniz mənə atalarımızdan danışın. Nurbolat Bogenbayev yolu özündən böyük olan Napıl Bazılxana verdi. Göy Tüklərin daş kitabələrini nöqtə-nöqtə, sətir-sətir oxuyan ünlü alimimiz Napıl Bazılxanla müsahibəmi belə başladım:



- Bilgə Xaqan və Kül Tekin yazılarını daşlara Yolluq Tekin yazıb. Kül Təkin kitabəsinin 54-55 sətirində “Ey Türk beyleri ve halkı, bunu işitin! Türk halkı senin dirilip nasıl devlet sahibi olacağını buraya hakkettim; yanılıp nasıl öleceğini de buraya hakkettim. Söyleyecek her ne sözüm var ise bu ebedi taşa hakk ettim. Ona bakarak bu sözleri öğrenin. Ey sadık Türk halkı ve beyleri, bu devirde bana tabii olan byler, sizlermi yanılacak, hata edeceksiniz?”- kimi bir xəbər var. Onu sormayacağam ki, harada hansı xətanı etdik, lakin bilmək istəyirəm ki, yeni tapdığınız daş kitabədə nə yazılıb?



- Bu həqiqətən də çox böyük bir tapıntıdır. Bildiyimiz kimi, ilk Göy türk daş kitabəsi Orxon vadisində 1889-cu ildə tapılmışdı. 1893-cü ildə danimarkalı dilçi alim Vilhelm Tomson bu yazıları oxuyaraq son qərarını verdi. “Yazılar Göy Türk Xaqanlığına aiddir”- dedi. Elə həmin ərəfədə 1897-ci ildə rus türkoloq Vasili Radlof da bu fikri təsdiq etdi. Atalarımızdan qalan kitablar onların köməyi ilə gün işığına çıxdı, oxundu. O vaxtdan 130 il keçəndən sonra biz Bilgə və Kül Tekin Xaqanların atasının kitabını tapdıq. Demək, o böyük alimlərin kəşfindən də əvvəlki tariximizi tapdıq.



- Napıl bəy, belə deyə bilərikmi ki, hələ Yolluq Tekinə qədər də Göy türklərdən qalan daş kitabələrimiz var?



- Doğru. Yəqin ki, kitabəmizin orta hissəsini tapanda bu sirrin də üstü açılacaq. Bildiyiniz kimi, bizim ekspedisiyamız Kutluq Xaqanın adı yazılmış kitabənin baş və aşağı hissəsini tapmışdır. İlteriş Kutluq Xaqan adına ucaldılan bu külliyə- məbədin ölçüsü 49x415 metrdir. Daş Kitabəni Xaqana aid olan bu külliyədə aşkar etdik. Xaqanın adına ucaldılan Məbəddə insan formasında yazılı daşın baş tərəfi, alt tərəfi aşkar edilib. Yazılı daşın baş tərəfi qövsvaridir. Üzərində lotos (nilufər) çiçəyinə bənzəyən çiçək həkk olunub. Sağ və sol künclərdə dayanan iki qurdun- canavarın birləşmək cizgilərindən isə gözəl bir qübbə yaranıb. Yəni birləşmək, birlik, güc rəmzi.







Bir də ki, kitabın ayaq hissəsi vardır. Bura bir anıt - yəni memorial kompleksdir. Yəni xaqandan sonra onun adına ucaldılan bir məbəd. Bundan başqa isə, qucağında iki balası olan aslan, qoç heykəlləri və 51 balbal daşı vardır. Birinci balbaldan beşinci balbala qədər üzərlərində həkk edilən Aşina sülaləsinin dağ keçisi formalı damğalarıdır. Göy Türk məbədlərində və gəzi yerlərində aşkar etdiyimiz belə balbal daşlar onu deməyə əsas verir ki, bu balbalların sayı ya Xaqanların hakimiyyət illəri, ya qələbələri, ya da ki, yendikləri düşmənlərinin sayıdır. Yazılar isə qədim Brahmi, Türk və Soğd əlifbasındadır.



-Napıl bəy, bildiyim qədəri, daş kitabədə hələlik 12 sətir oxunub. Daha nə yazılıb o müqəddəs kitabədə? İstəyirəm ki, həmin daş kitabədə yenicə oxuduğunuz bəzi cümlələri oxucularımızın da diqqətinə çatdıraq.



- Yazılı daşların qədim türkcə mətnində 580-590-cı il yazılıb. Bir də ki, “Kutluq Xaqan türk” , “Tanrı oğlu” sözü vardır. Sol tərəfində isə soğd dilində “Kutluq Xaqan” yazılıb. Abidə onun 682-692-ci illərdə türk imperatorluğunun ən qüdrətli Xaqanı olduğunu yazır. Bəzi yerlərdə isə cümlənin başı, sonu və ortası vardır. Üç yerə bölünmüş daş kitabənin ölçüləri: hündürlüyü və uzunluğu 70х74,5 см, eni isə 19 sm-dir. Kitabənin üst tərəfindəki yazıları tədqiq edəndə aydın olur ki, burada 19 sətir olub, hələlik əlimizdə olanı 12 sətirdir.



1 Ud yïl: toquzunč: ay: …[……….]

İnek yılı: dokuzuncu ay

2 ……

....

3 …..Teŋri: oγlu: [……….]

..Tanrı oğlu

4 Qutluγ qaγan: Türük [……….]

Kutlug Kagan: Türk

5 Ur oγlum: M[k]ön…..yü…[……….]

Erkek çocuklarım, köz...

6 Biziŋ:öŋlig:..t.. [……….]

Bizim güzel....

7es[?] : Ïtdïm: bizi: yat: er: [……….]

Etdim: Bizi yabancı: erler....

8Yerde: …..tuz…..[……….]

Yerde..

9 Tümen: Tümen: [……….]

On bin: on bin

10 es[?] el[is]ig [?]:küčüg: biz[ber-?]

İşimi gücümü ver...

11 Atadïm: bi tidim [……….]

Tayin ettim (unvan verdim): bi..tidim..

12 es[?] : Qop ešti [……….]



- İndi Tanrı bu daşların, kitabələrin sirrini açıb bizim üçün... Kütlüq Xaqan külliyəsində bir sunak daşı da tapmısınız...



- Siz bizimlə ilk ekspedisiyada olanda Bilgə və Kültekin kitabələrinin yanında ortası dəlikli sunak daşının görmüşdünüz. Bu bir ayin, ritual daşıdır. Bu daşın ortasından insanın ruhunun Tanrıya uçan yolu gedir. Hələ ki, bunu deyə bilirik. İnsan bədənini tərk edən ruh daşın dəliyindən sivrilib gedir ki, Tanrı dərgahına kutsal çatsın.



-Napıl Bazılxan, hər bir halda bu böyük kəşfi ortaya çıxaran Beynəlxalq Türk Akademiyasına, yeni daş kitabəmizi tapıb oxuyan Siz - Napıl Bazılxana, Altangerel Enkhtora, Nurbolat Bögenbayevə, Tserenxandin Buyanxişihigə, Gonchigiin Batbolda tariximizi araşdıranlar adından bir təşəkkür borcumuz vardır.



- Bu əməyimizin belə böyük uğurla alınmasında Beynəlxalq Türk Akademiyasının prezidenti işləmiş dr.Darxan Kıdırəlinin, vitse prezident dr.Füzuli Məcidlinin, Monqolustandan olan alimlərimizin böyük zəhməti vardır. İndi aşkar etdiyimiz İlteriş Kutluq Xaqan kitabəsi deyir ki, türk dünyası mənə baxır. Bu Tanrının işarəsidir, buyruğudur. Ən böyük minnətdarlıq da Monqolustan Elmlər Akademiyasına düşür. 2000-ci ildən bəri dünyanın bir çox elm ocaqları, arxeoloqlar orada ekspedisiya aparmaq istədilər. Monqollar bu şərəfi ancaq bizə --Beynəlxalq Türk Akademiyasına etibar etdi.



-- Bu yeni məbədi tapandan sonra, bəzi informasiya vasitələri, elm ocaqları üstünüzə gələrək məzar tapdığınızı dedilər. Bəlkə də inanmadılar...



-- Əsla, biz məzar axtarmırıq. Biz iz axtarırıq. Biz tariximizi axtarırıq. İndi kəşfiyyat apardığımız ərazilərdə 9 anıt məbəd vardır. Biz hələ ki, onlardan ikisinin ilk açarını tapa bilmişik. Bu məbədlərdə xaqanlara aid olan atributlar, onların hakimiyyətindən danışan daşlar, işarətlər, yazılar, tamğalar, bəzək əşyaları vardır. Biz məzar və ya qəbir axtarmırıq. Çünki böyük türk İmperatorlarının, Xaqanlarının məzarının yeri hər zaman gizli olub, itirilib. Bu dövlət sirri, məmləkət sirri kimi qorunub. Soruşa bilərsiniz ki, qazıntılar zamanı heç məzar tapmadıqmı? Məzarlar da tapırıq. İmperator və Xaqanların deyil, alpların, əsgərlərin məzarını. Böyük Türk İmperatorlarıının düşmənləri çox olub. Çinlilər türk imperator məzarının yerini bilsəydilər, o məzarı saxlayardılarmı? Baxın görün ki, bizim indi min bir əziyyətlə axtarıb tapdığımız daşlar hansı formadadır. Bədəndən ayrılıb başlar, sınıb-dağıdılan məbədlərimiz... Hər yerdə izlərimizi silməyə çalışıblar... Tanrı isə izlərimizin tam silinməməsi üçün onları gizlədib ki, zamanı gələndə tariximizə dəyər verənlər üçün açsın.





- Doğru deyirsiniz, Napıl Bazılxan... 30 illik erməni işğalından sonra geri aldığımız doğma yurdlarımızda qalan türk dünyasının bir parçası olan Azərbaycanın məşhur xanlarının məzarının ermənilər tərəfindən necə dağıdıldığını bütün dünyaya göstərdik. Bəlkə də o şəxsiyyətlərimizin, xanlarımızın məzarları da gizlin olsaydı, indi heç olmazsa, başları üzərində dayanıb Tanrıya bir alqış , ibadət edərdik.



-Məzar başqa şeydir, anıt külliyəsi bir başqadır. Anıt külliyəsinə gəlib tapınacaqsan, Tanrıya dualar edib, günahlarının bağışlanmasını istəyəcəksən. Günahların bağışlanacaqsa, sunuk daşından keçən ruhun təzələnəcək. Tarixinizin Göy türklərdən sonrakı dönəmlərində ucalıb görsənən məzarlar “Mən böyük olduğum üçün məzarım böyük olacaq”- iddiası ilə tikildi. Zatən xaqanı Tanrı xaqan edir. Onların adı da, məzarı da, külliyəsi də, məkanı da kutluğdur.



- Napıl bəy, İlteriş Kutluq Xaqanın kitabəsinin tapılması Tanrıdan bir işarətmi?



- Təbii. Kutluq Xaqan kitabəsi tapıldısa, demək İlteriş Kutluq Xaqanın Avrasiyası yenə birləşəcək. Bu Kutluq Xaqanın ikinci diriliş tarixini bəxş edir bziə. Təbii, indi gücümüz gəldi. İndi Türk dünyası daha da böyük olacaq.



- Söhbətimizin sonunda, dəyərli dostum Napıla belə dedim:



“Napıl siz çox xoşbəxt adamsınız. Çünki siz o daşları tapırsınız, oxuyursunuz. Tanrı sizə sirrləri açır. O daşları görənlərin gözlərindən, o daşlara toxunanların əllərindən öpmək gərək! O müqəddəs məkanlarda gəzən ayaqlarınız nə qədər kutsaldır. Kim ki, o tariximizi bir böyük əmanət kimi bizə gətirib çıxaran daşlara gedib toxundu, kim ki, o daşları görüb, duyub gəldi, xəbər gətirdi—onların hər birinə minnətdaram. Sizə yardım edən Monqolustan hökumətinə də, ekspedisiyanın o vaxtkı rəhbəri Darxan Kıdıralıya da, bu gün Beynəlxalq Türk Akademiyasının məram və məqsədini böyük məharət və bacarıqla davam etdirən, BTA-nın prezident əvəzləyicisi dr.Füzuli Məcidliyə də Tanrı ən gözəl bəxt-tale, güc-qüvvət, işıq və yol versin ki, o daş kitablarımızın sirrlərini dünyaya açıb yaya bilək. Türk elminin qarşısında duran hədəflərə çata bilək! O kitablardan gələn güc və birlik öyüdləri, yazıları xaqan atalarımızın yazıb qoyduğu Göy Türk qanunları yenə qüdrətli bir dövlət qurulmasına gətirib çıxarsın. Bir olaq, birlik olaq, birgə olaq!!! Güclü olaq! XXI əsrdə Tanrı Türk dünyasının Birliyini əbədiləşdirmək, möhkəmləndirmək üçün daşların, külliyələrin sirrinin elə türklər və dostlarımız tərəfindən yenidən açılmasına izn verdi. Bu məqam, bu mərtəbə kutluğ olsun!



Müsahibəmizin sonunda Kül Tekin Xaqanın daş kitabəsində yazılmış 35-ci sətri yenidən xatırlatmaq lap yerinə düşür:



“Ben Tanrı gibi ve Tanrıdan olmuş Türk Bilge Hakan, bu devirde tahta oturdum. Sözlerimi baştan sona işitin. Önce siz erkek kardeşlerim ve oğullarım, birleşik boyum ve halkım, sağdaki şadapıt beyler, soldaki Tarkanlar ve kumandan beyler, Otuz Tatar, Dokuz Oğuz beyleri ve halkı, bu sözlerimi iyice işitin ve sıkıca dinleyin: İleride gün doğusuna, güneyde gün ortasına kadar, geride gün batısına ve kuzeyde gece ortasına kadar, bu sınırlar içindeki bütün halklar hep bana tabiidir. Bunca halkı hep düzene soktum. Onlar şimdi hiç de kötü durumda değiller. Türklerin Hakanı Ötüken dağlarında oturur ve oradan hükmeder ise ülkede hiçbir sıkıntı olmaz.” (Tekin 2017: 35)



PS: P.S: İndi daş kitabələrdən bizə boylanan o böyük İmperatorluğun Xaqanlıq taxtı nədən uçuldu? Nədən qoruya bilmədik? Görəsən harada xəta etdik?



Etiraf etməliyik ki, Göy Türklərin hakimiyyətinin belə qalıcı olması, bu günümüzə qədər gəlib çıxmasının səbəbi, onların özlərindən sonra hakimiyyətləri, yaşadığı tarixləri, əraziləri haqqında ilk dəfə daş kitablara yazıb bizə əmanət qoyduqlarıdır. Göy Türklərdən əvvəlki dövrdə atalarımız özləri haqqında heç bir yazılı məlumat və ya yazılı sənəd saxlamayıblar. Aşina boyundan olan Bumun Xaqandan sonra taxta çıxan kiçik qardaşı İstemi Bahadur Yaqbu Xaqan hakimiyyəti dövründə (552-576) dövlət qərbi Roma və İran imperatorluqları ilə siyasi və iqtisadi münasibətlərə girmişdi. Hətta Böyük İpək Yolunu da öz nəzarətinə götürmüşdü. Lakin verdikləri sözə və yazdıqları əqdə xəyanət edən Roma və İran dövlətinin sahibləri sözlərini tutmadıqları üçün, döyüşdə məğlub olaraq ərazilərini itirdilər. Beləcə türklər 610-cu ilə qədər öz ərazilərini və torpaqlarını böyütməyə nail oldular. Birliklərini qorudular. Türk dövlətinin Şərqdən Qərbə --Günçıxandan Günbatana qədər ərazilərə hakim olan xaqanları həmin illər ərzində bir-birləri ilə isti münasibətlər qurmadı. Dövlət içərisində ikihakimiyyətlilik yarandı. Bundan istifadə edən çinlilər 630-cu ildə Göy Türklərə qalib gələrək, Şərqdəki Qara Xaqanı - alpları, şadları ilə birlikdə əsir götürüb Ötükəndən ayıraraq Çinə göndərdilər. 659-cu ildə isə Qərb xaqanlığını süquta yendirdilər.



Göy Türklərin bəxti bir də 681-ci ildə İlteriş Kutluq Xaqan taxta oturanda güldü. Bildiyiniz kimi, İlteriş Kutluq Xaqan 681- 693 illərində xaqanlıq etmişdir. Onun ən yaxın silahdaşı və dövlət tənzimləyicisi – yəni dövlətin sərkərdəsi və indiki rütbə ilə desək Xarici İşlər naziri Bilgə Tonyükük idi. Bu iki qüdrətli adam onların hakimiyyətinə qarşı üsyan edən Doqquz Oğuzları, Kırgız, Kurıkan, Otuz Tatar, Kitay və Tatabıları yenib, itaətə aldılar. Çinliləri yendilər. Göy Türkləri zəngin etdilər. Özü də ki, bu dövrdə Göy Türklərin sayı hələ az idi. Kutluq Xaqan öldüyü zaman oğulları Bilgə və Kül Tekin səkkiz və yeddi yaşında idilər. Ona görə də Kutluq Xaqanın yerinə qardaşı Kapağan Xaqan keçdi. Kapağan Xaqan da öz hakimiyyəti dövründə bir çox zəfərlərə imza atdı. Qərbdə yaşayan türkləri də öz hakimiyyəti altına ala bildi. Yenə üzərinə hücum edən çinlilərin də üzərində qələbə qazandı. Lakin hakimiyyəti dövründə bir çox ciddi səhvlər buraxdı. Çinlilərin içərisindən hakimiyyətə gətirdiyi saray adamları tərəfindən bir çox qanunsuzluqlar baş verdi. Xalq üsyana qalxdı. Və bir sui-qəsd nəticəsində 716-cı ildə o öldürüldü. Kapağan Xaqanın ölümündən sonra taxta Bilgə Xaqan keçdi...



İlk daş kitab məktubu Tonyükükün hökmü ilə yazılmışdısa, sonrakı kitabələr Bilgə Xaqan tərəfindən yazıldı. Belə də deyirlər ki, bu məktubları tərtib edən Göyütrklərin 5-ci xaqanı Yolluq Xaqan olubdur.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər