Ru
12:07 / 26 Noyabr 2023

"Təkərli kitab" Gəncədə - "Sizi gözləyirdik!" - FOTO

14030
"Təkərli Kitab Dükanı" ilə Gəncəyə gəldik. Buranın sakit aurası var; bəlkə, qırmızı kərpiç binalara, hündür qocaman çinarlara görədir. Mərkəzi küçələr səliqəli, təmiz, havası mülayim, həm də yüngüldür.
Gəncədə olanda həmişə özümü yaxşı hiss edirəm. Bu şəhərə köçüb yaşamaq istərdim...

"Təkərli kitab"ı Qala bazırında saxladıq, papaqçı, dərzi dükanları ilə yanaşı ətrafda hərə bir şey satır: meyvə-tərəvəz, köhnə qab-qacaqlar - qaşıqlar, qazanlar, saxsı qablar, gümüş pullar, antikvar əşyalar, samovarlar, süpürgələr, geyim-keçim... İlk baxışda görünən odur ki, satanlar daha çoxdur, nəinki alanlar.



"Təkərli kitab"ı da bu sırada özünə yer elədi. Öncə qonşudan çay sifariş etdik, sonra Gəncə peraşkisi yoxladıq, adi peraşkilərdən üç dəfə böyükdür. Peraşki 40 qəpik, 1 stəkan çay isə 30 qəpikdir.
Dərhal iki nəfər yaxınlaşdı: Rüfət və Yalçın. Yalçın rus məktəbini bitirib, çox kitab adı çəkdi, axırda "Varlı Ata, kasıb ata"nı aldı. Məni sabaha xaşa dəvət etdi.


"Nə satırlar?" deyib gələnlər çoxdur, "əşhi kitabdır", "mən ki, kitab oxuyan deyiləm", "pulsuzdur?".
Çox gümrah, sağlam və cüssəli iki nəfər yaxınlaşdı. Hiss olunur ki, onlar hər il iki dəfə Yessentukiyə dincəlməyə gedirlər. "Görək nə satırlar?" - öz aralarında danışırdılar, - "kitabdır, bu yaşda nə kitab?"
Kataloq da almadan getdilər.
Yalçın qulağıma "köhnə polis işçiləridir" dedi.

Yalçından xaş və xarlanmış içki qoxusu gəlirdi. Bir anlıq mənim də ürəyimdən xaş keçdi.
Uzun məsafələrə boylanıb darıxan adamlar çoxdur; saatlarca tərpənməz qalırlar. Dükanlarda çalışanlar öncə kataloqları almağa tərəddüd edirdilər, ehtiyyat edirdilər, sonra görəndə ki, biz israrla keçənlərə paylayırıq, onlar da aldılar, kitab kataloqlarına baxdılar.

Zərdab, Tovuz, Samux kimi qonşu rayonlardan bura bazarlığa gəlirlər. Zərdabdan gələn Ramiz Rövşənin kitabı ilə maraqlandı. Onu içəri dəvət etdim, kitabları göstərdim, dedi bəlkə, Zərdaba da gələsiz.
Hərəkət var, insanlar çoxdur, amma kataloqlara, kitaba fikir verən yoxdur, hədiyyə etdiyimiz kataloqları, stiker və əlfəcinləri də almırlar.
Bir nəfər isə cavabı ilə məni heyrətləndirdi: "Əlimdə necə tutum?"

Yerimizi dəyişdik. Kitabxananın önündə dayandıq. Bura başqadır, daha çox yerli insanlar keçir. Yorğun, qəzəbli deyirlər, kataloqları gülərək qəbul edib, maşına keçir və kitablara maraqla baxırlar, şəkillər çəkdirirlər. Gənc bir xanım böyük sevinc hissiylə "xoş gəldiniz, sizi gözləyirdik!" dedi.

Sevda "Təkərli kitab"ın bütün rəflərini yoxladı, onu əsasən biznes kitabları maraqlandırırdı, özü Tovuzda bank filialında işləyir. "Tutunamayanlar"kitabını aldı.
Bir dəstə polis yaxınlaşdı. Mehriban salamlaşdılar. "Demişdilər gələcəksiz, biz səhərdən gözləyirik". Onlardan biri dərhal evə zəng edib uşaqlardan lazım olan kitabları soruşdu. Karneginin "Yeniyetmə qızlar üçün dostları neçə qazanmalı" kitabını aldı.
Bir nəfər qulağıma qazi olduğunu, Hitlerin həyatından bəhs edən kitabını istədiyini pıçıldadı, götür dedim.
Maraqlı bir an diqqətimi çəkdi: iki qardaş, bir bacı atalarını məcbur edib hərəyə bir kitab aldırdılar: "Bəhanələrlə yox", " Elmin qısa tarixi", "Hər şey səninlə başlar".


Kitabxanaya da baş çəkdim. Küncdə tum çırtlayan qadın mehriban, gülərüzlə "xoş gəldiniz" dedi.
Kitabxanının yarı hissəsini zəbt edən böyük toplantı masasının arxasında yaşlı bir kişi "Azərbaycan" qəzetinin qovluğunu vərəqləyən yerdə yuxuya getmişdi. Dövrü mətbuat bölümündə yeni gələn qəzet 16 noyabrda çıxmışdı.
Kitabxanda ön sırada, yeni kitablar bölümündə Nizami Gəncəvinin əsərləri, şəkilləri yer alırdı.
Rəflərdə düzülən kitabların üzündən görünməyən bir söz oxudum: "Əl dəymə çırılar".
Bu kitabxanaları topluma qaytarmaq lazımdır. Uşaqlar, gənclər, məktəblilər müxtəlif tədbirlərlə cəlb edilməlidir. Kitabxana canlı olmalıdır...

Bu gün Gəncədə olacayıq. Bəlkə, Samuxa da getdik.
"Təkərli kitab" yoluna davam edir.

Sahbaz Xuduoğlu


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər