Donald Trampın ABŞ prezidentliyinə geri dönməsindən sonra ailəsinin biznesi böyük maliyyə yüksəlişi yaşayır. Ağ Ev iddia edir ki, etika normalar pozulmayıb, çünki Tramp rəsmi olaraq biznesdən uzaqlaşıb. Amma onun ailə üzvləri prezidentliyə qayıtmasını kommersiya məqsədilə istifadə edirlər.
Bakupost.az xəbər verir ki, “New York Times” Tramp ailəsinin qanunsuz gəlirləri barədə məqalə hazırlayıb.
Qeyd olunub ki, son bir ayda Donald Trampın adı ilə bağlı şirkətlər ən azı 2 milyard dollar gəlir əldə edib. Gəlir mənbələri arasında daşınmaz əmlak layihələri, kriptovalyutalar və Vaşinqtonda elit klub açmaq planları da var. Klubda üzvlük haqqı 500.000 dollar təşkil edəcək.
Məqalə Tramp ailəsinin onun prezidentliyə qayıtması ilə necə böyük maliyyə qazancına sahib olduğunu, eyni zamanda etik məsələlər və korrupsiya ittihamları ilə bağlı mübahisələri ortaya qoyub.
Ağ Ev iddia edir ki, prezidentin şirkətlərinə oğulları rəhbərlik edir, buna görə də rəsmi olaraq etik normalar pozulmur. Lakin tənqidçilər, Trampın şəxsi biznes fəaliyyətlərinin və ailəsinin qazandığı gəlirin, onun prezidentlik və siyasi qərarlarında obyektivlikdən kənara çıxmasına səbəb ola biləcəyini deyirlər.
Məqalədə qeyd olunub ki, bundan əlavə, BƏƏ Tramp ailəsinə məxsus kriptovalyuta şirkəti “World Liberty Financial”a 2 milyard dollar sərmayə qoyub. Rəhbərləri arasında kiçik Donald və Erik Trampın da olduğu şirkət bu sövdələşmədən hər il milyonlarla dollar qazanc əldə edəcək.
Aysel,
BakuPost