İranda vəziyyət nəzarətdən çıxıb.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, ölkənin bir neçə bölgəsində eyni vaxtda baş verən hadisələr daxili sabitliyin ciddi təhdid altına düşdüyünü göstərir.
Məlumata görə, Həmədan əyalətinin Nəhavənd şəhərində təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb. Hadisə zamanı ölən və yaralananların olub-olmaması barədə rəsmi məlumat açıqlanmayıb, lakin sosial şəbəkələrdə yayılan görüntülər vəziyyətin son dərəcə gərgin olduğunu göstərir.
Eyni zamanda Çahar-Mahal və Bəxtiyari əyalətinin Lordəqan şəhərində Sənaye və Mədən İdarəsinin binası etirazçılar tərəfindən ələ keçirilib.
Rəsmi strukturların nəzarətdən çıxması bölgədə iğtişaşların daha da dərinləşdiyini göstərir.
Qum şəhərində isə etirazçılarla təhlükəsizlik qüvvələri arasında açıq toqquşmalar baş verib.
Dini mərkəz kimi tanınan Qumda baş verən hadisələr Tehran üçün xüsusi narahatlıq doğurur.
Bundan başqa, yayılan məlumatlara görə, etirazçılar ali dini lider Ayətullah Əli Xameneinin portretini cırıblar.
Bu addım aksiyaların artıq açıq şəkildə rejim əleyhinə xarakter aldığını göstərən ən kəskin simvollardan biri kimi qiymətləndirilir.
Baş verən bu hadisələrin fonunda isə regional gərginlik də artır. İsrail mənbələri bildirir ki, hazırda İranın hərbi-siyasi rəhbərliyi və SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) yaxın mənbələr İsrailə qarşı mümkün hücum variantlarını müzakirə edirlər. Bu məlumatlar hələ rəsmi təsdiqini tapmasa da, Yaxın Şərqdə vəziyyətin daha da partlayış həddinə yaxınlaşdığını göstərir.