Ru
11:19 / 17 Noyabr 2026

Ən çox xanım sahibkar hansı ölkədədir? – SİYAHI

Ən çox xanım sahibkar hansı ölkədədir?  – SİYAHI
Eye

Son illər dünya üzrə sahibkarlar arasında qadın iş adamlarının çəkisi tədricən artır.

"Bakupost" xəbər verir ki, qlobal hesabatlarda qadın sahibkarların payı iki əsas göstərici ilə ölçülür: bütün biznes sahibləri arasında qadınların xüsusi çəkisi və rəsmi qeydiyyatdan keçmiş müəssisələrdə qadınların payı.

“Mastercard” Qadın Sahibkarlar İndeksi (MIWE) və Dünya Bankının müəssisə sorğularına əsasən ön sıralarda yer alan ölkələr fərqli regionları əhatə edir.

Bütün biznes sahibkarları arasında qadınların xüsusi çəkisinə görə Afrika ölkələri ilk üçlükdə qərarlaşıb. İlk yeri tutan Botsvanada sahibkarların 38,5 faizi qadınlardır. Uqandada bu göstərici 38,4, Qanada isə 37,2 faizdir.

Rusiyada da qadın iş dünyasında aktivdirlər. Ölkə sahibkarlarının 34,6 faizini xanımlar təşkil edir.

Filippində bu göstərici 34,5, Tailandda 33, Vyetnamda 31,3, Avstraliyada və ABŞ-də 30, Yeni Zelandiyada isə 29,8 faizdir.
Rəsmi müəssisələrdə mülkiyyət iştirakı baxımından qadınların çəkisinin ən yüksək olduğu ölkə isə 66, 9 faizlə Yamaykadır.
Bu göstərici üzrə ikinci yerdə 58,8 faizlə İslandiya gəlir. Üçlüyü isə 56,6 faizlə İspaniya tamamlayır.

İrlandiya(56,1), Ekvador(55,7), İtaliya(53), Esvatini(50,2), Laos(50), Uruqvay(49,8) və Kabo-Verde(48,4 faiz) də ilk onluqda yer alan ölkələrdir.

Cədvəldən də göründüyü kimi, qadın iş adamları arasında ön sıralarda əsasən Afrika və Cənub-Şərqi Asiya ölkələri qərarlaşıb. Afrika və Cənub-Şərqi Asiya ölkələrində qadın sahibkarların payının yüksək olması çox vaxt rəsmi iş yerlərinin məhdudluğu və qadınların dolanışıq məqsədilə kiçik biznesə yönəlməsi ilə bağlıdır.

ABŞ, Yeni Zelandiya və Avstraliya kimi ölkələrdəki göstərici isə maliyyə resurslarına asan çıxış və dövlət dəstək proqramları hesabına formalaşıb.

Azərbaycana gəldikdə, Dövlət Statistika Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatlarına əsasən, ölkədə qadın sahibkarların sayı və xüsusi çəkisi davamlı artım dinamikası nümayiş etdirir.

2026-cı ilin rəsmi göstəricilərinə görə, Azərbaycanda qeydiyyatda olan 1,45 milyon fərdi sahibkarın 363 min nəfərdən çoxunu (təxminən 23,7%) qadınlar təşkil edir. Təsisçisi qadın olan kommersiya hüquqi şəxslərinin sayı 34 mini, rəhbəri qadın olan kommersiya qurumlarının sayı isə 30 minə yaxınlaşır.

Qadın sahibkarların ən çox cəmləşdiyi ərazilər Bakı şəhəri (təxminən 26–30%), Lənkəran-Astara (10,3%), Qazax-Tovuz (7,9%) və Mərkəzi Aran (7,2%) iqtisadi rayonlarıdır.

Zərif cinsdən olan sahibkarlar əsasən ticarət, gözəllik və xidmət sahələrinə, habelə kənd təsərrüfatı, emal sənayesi, təhsil və yaradıcı sənaye istiqamətlərinə daha çox meyl edirlər.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar