Ru
20:31 / 30 May 2024

Türk dövlətləri beynəlxalq media şirkətlərinə qarşı - 4 vacib addım

11040



Eltən Qədimbəyli




İnformasiya texnologiyalarının, sosial medianın son illərdə sürətli inkişafı nə qədər sevindirici hal olsa da, bu inkişafın özü ilə gətirdiyi fəsadlar da var. Onlardan biri də nəhəng media şirkətlərinin beynəlxalq informasiya və reklam bazarında inhisarçı mövqelərə sahiblənməsidir. Bu inhisarçı sahiblənmə isə sonda ayrı-ayrı dövlətlərdə ədalətsiz rəqabətə səbəb olmaqla, yerli medianın sıxışdırılmasına, boğulmasına yol açır.

Bu gün beynəlxalq media şirkətləri, xüsusilə “Google”, “YouTube” və “Meta” kimi nəhənglərin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi Türk dövlətlərində reklam bazarını ələ keçirib böyük gəlirlər əldə etdiyi heç kimə sirr deyil. Lakin, bu şirkətlərin adı çəkilən ölkələrdə vergi ödəməməsi və yerli medianın üzləşdiyi xərclər qədər maliyyə öhdəlikləri daşımaması, ədalətsiz rəqabət şəraiti yaradaraq yerli media qurumlarının dayanıqlı fəaliyyətinə mənfi təsir göstərir.
Belə ki, yerli media qurumları, televiziyalar, radiolar və internet səhifələri dövlətə vergini, ofis icarəsi haqqını, kommunal xərcləri, işçilərinin əmək haqqını və digər maliyyə öhdəliklərini gəlirləri hesabına qarşılayırsa, beynəlxalq media şirkətləri bu öhdəliklərdən azad olaraq, bazarda ədalətsiz üstünlük əldə edirlər. Bu isə son nəticədə, yerli media qurumlarının reklam gəlirlərinin azalmasına və onların maliyyə dayanıqlığının zəifləməsinə səbəb olur.

Nəticədə yerli media orqanlarının bazardan çıxarılması ilə dövlətə ödənilən vergilərin və iş yerlərinin azalması kimi tək iqtisadi-sosial problemlərə deyil, həm də ölkənin informasiya təhlükəsizliyi problemlərinə yol açır. Bu hal eyni zamanda yerli medianın milli mədəniyyətin və dilin qorunmasında oynadığı rolun zəifləməsi ilə yad mədəniyyətlərin sürüngən işğalına da şərait yaradır.

Görünən odur ki, bu gün israrla qapıdan içəri soxulan bu təhlükələri neytrallaşdırmaq üçün Türk dövlətlərinin media qurumları birlikdə hərəkət etməli, əlaqələndirilmiş uzaq və yaxın hədəfli işlək addımlar atmalıdırlar.

Bununla paralel olaraq qlobal media və reklam bazarında liderliyi ələ keçirmiş böyük media şirkətlərinin inhisarçı təzyiqindən yerli bazarın və yerli medianın qorunması üçün dövlət orqanları tərəfindən də planlı iqtisadi və vergi siyasəti gerçəkləşdirilməlidir. Çünki informasiya təmizliyi və informasiya təhlükəsizliyi dövlət üçün həyati əhəmiyyət kəsb edən bir məqamdır. Bunu da ancaq milli maraqlara xidmət edən yerli media təmin edə bilər.

Beləliklə, yerli reklam bazarının xarici inhisardan, yerli medianın tənəzzüldən, ölkənin sürüngən mədəni işğaldan qorunması və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan addımlar:

1) Birlik və Koordinasiya

Türk dövlətlərinin televiziya, radio kanalları və internet media qurumları nəhəng beynəlxalq media şirkətlərinə qarşı daha dayanıqlı müqavimət üçün birlikdə və koordinasiyalı şəkildə hərəkət etməlidirlər: Yerli media qurumları bir araya gələrək öz resurslarını və güclərini birləşdirməli, ortaq strategiyalar hazırlamalıdırlar.

2) Milli Sosial Şəbəkələrin Yaradılması

Türk dünyasında milli sosial şəbəkələrin yaradılması, beynəlxalq media şirkətlərinə qarşı mübarizədə vacib bir addımdır. Milli sosial şəbəkələr, istifadəçilərin məlumatlarının xarici şirkətlər tərəfindən istismar edilməsinin qarşısını alaraq onlara milli,mədəni dəyərləri qoruyan daha təhlükəsiz bir media məkanı təqdim edə bilər və yerli kontentin inkişafını dəstəkləməklə bu sahədə əhəmiyyətli inkişafa nail ola bilər. Bununla yanaşı, milli sosial şəbəkələr, yerli medianın reklam gəlirlərinin artması və onların maliyyə dayanıqlığının təmin edilməsində də mühüm rol oynaya bilər.

3) Yerli Reklam Platformalarının İnkişafı

Milli sosial şəbəkələrlə yanaşı, yerli reklam platformalarının yaradılması da vacib məqamdır. Yerli bazara köklənmiş bu platformalar, yerli şirkətlərə öz məhsul və xidmətlərini effektiv şəkildə tanıtmaq imkanı verərək həm şirkətlər üçün daha effektli reklam, tanıtım imkanı yarada, həm də reklam gəlirlərinin ölkədə qalmasını təmin edə bilərlər. Bu milli platformalar yerli iqtisadiyyatın inkişafına töhfə verməklə yanaşı, həm də yerli medianın maliyyə gücünü artıraraq onların fəaliyyətinin daha dayanıqlı xarakter almasına təkan verə bilər.

4) Hökumətlərin Rolu

Türk dövlətlərinin hökumətləri tərəfindən nəhəng beynəlxalq media şirkətlərinin ölkədə fəaliyyəti üçün əsas şərtlərdən biri kimi yerli ofislərin açılması şərtinin qoyulması, onlara qarşı vergi siyasətinin sərtləşdirilməsi, xarici sosial media platformalarında yerləşdirilən reklamların bloklanması, yerli sosial şəbəkələr və reklam platformaları yaradılarkən bu şəbəkə və platformalarda yerli məhsulların reklamının vergidən azad edilməsi və bu kimi digər addımlar yerli mediaya nəhəng beynəlxalq media şirkətləri ilə rəqabətdə ayaqda qalmağa dəstək ola bilər.

Hökumətlər həmçinin, milli sosial şəbəkə və reklam platformalarının dövlət dəstəyi ilə reallaşdırılması ilə də ümumi prosesə yardımçı ola bilərlər.

Beləliklə, Türk dövlətləri və onların media qurumları arasında birlik və koordinasiya nəhəng beynəlxalq media şirkətlərinin ədalətsiz rəqabətinə və inhisarçı təzyiqinə qarşı mübarizədə nə qədər vacibdirsə, yerli reklam bazarı və medianın gücünü artıracaq milli iqtisadiyyatın inkişafı, mədəniyyətin, milli maraqlardan doğan informasiya təhlükəsizliyinin qorunması milli sosial şəbəkələrin və reklam platformalarının yaradılması da o qədər vacibdir.

Hökumətlərin fəal dəstəyi ilə bu məqsədlərə nail olmaq mümkündür.ə Türk dünyası bu yolla öz informasiya müstəqilliyi və informasiya təhlükəsizliyinin təmin edilməsi yolunda böyük addım atmış olar. Milli mədəniyyət və kimliyin qorunması, gələcək nəsillərə ötürülməsi isə yalnız bu yolla təmin edilə bilər.

Bu həm Azərbaycan, həm də demək olar ki, onunla eyni durumda olan digər Türk dövlətləri üçün də məqbul şərtlərdir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər