Ru
17:58 / 12 Avqust 2022

Ucuz internet trafiki saxlanılmalıdır - Ekspert

4742
“Beynəlxalaq göstəricilərlə müqayisədə Azərbaycanda internetin sürəti, keyfiyyəti və qiymətlə bağlı vəziyyət heç də yaxşı deyil. İnternetin sürətinin kifayət qədər aşağı olduğu şəraitdə bizdə qiymətlərin digər ölkələrdən çox baha olduğunu düşünürəm. Bunu həm reytinq sıralamasında, eyni zamanda real istifadə zamanı da görə bilirik”.


Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.


Ekspert bildirib ki, ödənişləri yuxarı qaldırmaq aztəminatlı internet istifadəçiləri üçün problem yaratmaq deməkdir:




“İnternetin lazımı sürətdə olması üçün yeni texnoloji yanaşmaların və yeni infrastrukturun yaranmasına böyük ehtiyac var ki, bu da kifayət qədər maliyyə vəsaiti tələb edir. “Aztelekom” və “Backtelecom”un 4 mbit/s internet tarifinin 15 mbit/s, 10 mbit/s internet tarifinin 30 mbit/s internet paketilə əvəzləməsi qiymətlərin qalxması ilə müşahidə edilib. Sosial cəhətdən həssas, maddi təminatı aşağı olan insanlara heç də sürətli internet lazım deyil. Sadəcə olaraq onlara davamlı şəkildə internetin olması önəmlidir. İnsanlara alternativ seçimlər qoymaq lazımdır ki, onlar mütləq şəkildə aşağı qiymətdə internetlə təmin oluna bilsinlər”.

İqtisadçı hesab edir ki, ucuz internet tariflərinin saxlanılması vacibdir:


"Əgər regionlarda müasir dayanıqlı iqtisadi sistem qurmaq, ölkənin vahid iqtisadi inteqrasiyasını həyata keçirmək istəyiriksə, bunu internetsiz etmək qeyri-mümkündür. Bu səbəbdən düşünürəm ki, əhalinin bütün təbəqələrinin internet əlçatanlığının təmin olunması üçün ucuz internet trafikinin saxlanılması vacibdir. Artıq Gürcüstanda “Starlink” şirkətinin filialının açılması planlaşdırılır. Digər ölkələrdə müxtəlif innovativ texnoloji yanaşmalar tətbiq olunur. Baxırıq ki, internet qiymətləri bizdən ucuzdur".


E.Əmirov qeyd edib ki, bu sahədə rəqabətin olmaması narahatedicidir:


“Qiymətin ən aşağı səviyyəsini, keyfiyyətin ən yuxarı səviyyəsini formalaşdıran bir nömrəli faktor rəqabətdir. Hansı iqtisadi sahə, fəaliyyət növü üzrə azad rəqabət varsa, orada yüksək keyfiyyət, münasib qiymətlər var. Ölkəmizdə iqtisadiyyatın bəzi sahələrində artıq tam azad rəqabəti müşahidə edirik. Məsələn, ictimai iaşə, müxtəlif xidmət sahələrində, adi taksi fəaliyyətində bunu görə bilərik. Taksilərdə qiymətin aşağı qalması rəqabətin omasından irəli gəlir. Amma təəssüf ki, internetlə bağlı lazımı rəqabət şəraiti yoxdur. Biz provayderlərin çoxluğunu nəzərə alsaq da, əslində provayderlərin özlərinin internet aldığı istiqamətlər çox deyil. Hazırda internetlə bağlı ölkəmizdə ürəyaçan vəziyyət yoxdur. Təkcə qiymət yox, eyni zamanda xidmətin keyfiyyəti, sürətin özündə qırılmaların olması ciddi problemdir”.

Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər