Ru
10:50 / 13 İyun 2022

Uşaq yeməkləri 40% ucuzlaşa bilər - Sadəcə bir qərarla…

11053
“Ölkədə süni uşaq qidaları istehsal olunmur, xarici ölkədən gətirilənlər isə kifayət qədər bahadır. Bu təkcə iqtisadi yox, həm də sosial məsələdir”.


Bu sözləri Bakupost.az -a iqtisadçı-ekspert Natiq Cəfərli süni uşaq qidaları ilə bağlı danışarkən deyib.


Ekspert ölkəmizdə süni uşaq qidaları ilə bağlı gömrük rüsumlarında, vergi dərəcələrində heç bir güzəşt olmadığını bildirib:




“Bu da çox ciddi problemdir. Lakin dünya ölkələrinin bir çoxunda belə güzəştlər mövcuddur. İstənilən mal, o cümlədən uşaq yeməkləri üçün heç bir güzəştlər nəzərdə tutulmayıbsa, gömrükdən keçən zaman 18% ƏDV, 15% isə gömrük rüsumu üzərinə gəlir. Yəni ölkəyə daxil olan mal maya dəyərindən 35% baha başa gəlir. Bunu üzərinə logistika, topdansatış qiymətləri, pərakəndə satışın qazancı, ölkədaxili yükdaşımaları da gəldikdə kifayət qədər ciddi bahalaşma olur. Ölkəyə gətirilən məhsul bazara 55-60% bahalaşaraq daxil olur. Uşaq yeməkləri sosial məsələ olduğuna görə dəfələrlə ictimai müzakirələrdə bu problemi qaldırımışıq ki, hökumət 18% ƏDV-ni və gömrük rüsumlarını ləğv etsin. Yalnız ondan sonra 15-25 manata alınan uşaq yeməkləri 35-40% ucuzlaşacaq. Bu isə o deməkdir ki, təqribən 6-7 manat ucuzlaşa bilər. Bu, hökumətin çox sadə üsulla ala biləcəyi qərardan asılıdır. Bu güzəştlər tətbiq olunarsa, uşaq yeməkləri kimi çox ciddi və sosial məsələdə bir rahatlaşma ola bilər. Paralel olaraq rəqabət artmalı, şirkətlərə imkan yaradılmalıdır ki, kim xaricdən mal gətirə bilirsə, maneəsiz ölkə bazarına daxil edə bilsin”.


N.Cəfərli ölkədə rəqabət mühitinin olmamasını və bunun da bahalaşmaya səbəb olduğunu vurğulayıb:


“Doğrudur, dünyada da son 40 ilin ən yüksək qiymət artımı müşahidə olunur. Avropa Birliyi ölkələrində, Amerikada, hətta Çində belə inflyasiya rəqəmləri yüksəlib. Yəni dünyada qiymətlər artımla davam edir. Çünki enerji daşıyıcılarının qiymətinin artması logistikanı bahalaşdırıb, istehsal xərclərini artırıb. Azərbaycan isə uşaq yeməklərində xaricdən tamamilə asılıdır. Xaricdə qiymət artan kimi birbaşa Azərbaycana da təsir edir. Amma Azərbaycana təsir edən amil tək bu deyil. Əsas məsələ vergi və gömrük rüsumları, ölkədəki rəqabətsizlik mühitidir. Əgər onlarla, yüzlərlə şirkət olsaydı, ölkəyə istənilən yerdən standartlara uyğun, sağlamlığa ziyan verməyən, sertifikatlaşdırılmış mallar gətirib sata bilsəydik, rəqabətli mühit də yaranardı. Azərbaycan bazarında yalnız bir neçə şirkət uşaq yeməkləri ilə məşğuldur. Halbuki dünyada yüzlərlə uşaq yeməkləri istehsal edən şirkətlər var ki, onların çoxunu Azərbaycanda tanımırlar”.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər