Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təsis edilməsindən 32 il ötür.
Bakupost.az xəbər verir ki, VHP 1992-ci il sentyabrın 26-da ilk qurultayını keçirib. Partiya ciddi ictimai-siyasi qarşıdurmalar, iqtisadi xaos, hakimiyyət uğrunda çəkişmələr və Birinci Qarabağ müharibəsinin kəskinləşdiyi dönəmdə vətəndaş həmrəyliyi ideyasının təbliğinə başlayıb. Vətəndaş Həmrəyliyi Partiyasının tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşür. Partiyanın yaranması Dövlət Müstəqilliyinin elanından bir il sonraya təsadüf etsə də, bu məqama gətirib çıxaran yol 1988-ci ilin Meydan hərəkatından başlayıb. Bu mənada VHP-nin yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları ciddi şəkildə narahat edirdi. VHP-nin yaranmasına səbəb siyasi təcrübəsizlik, xarici amillər nəticəsində meydana çıxan real vətəndaş qarşıdurması təhlükəsi və Azərbaycanın gələcəyi üçün məsuliyyət duyğusu idi. VHP yarandığı gündən nicat yolumuzun Vətəndaş Həmrəyliyində olduğunu bəyan etdi. VHP hazırda seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu ilə ölkənin aparıcı siyasi partiyalarından biridir. Müstəqillik dönəminin bütün parlament və bələdiyyə seçkilərində iştirak edib və uğur qazanıb.
Vətəndaş Həmrəyliyi Partiyasının bu günə kimi 8 qurultayı keçirilib. Hazırda partiyanın respublikanın 81 bölgə (şəhər/rayon) və Naxçıvan muxtar respublika təşkilatı fəaliyyət göstərir.
Bu gün ölkədə gedən proseslər və siyasi partiyaların bəyan etdiyi ideoloji sistem VHP-nin 32 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və müasir olduğunu nümayiş etdirir. Siyasi leksikonumuza Vətəndaş Həmrəyliyi ifadəsini məhz VHP gətirib.
Partiya təşkilatlarında və rəhbərliyində ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar.
Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda demokratik qüvvələr düşərgəsində ön sırada dayanan partiyalardan biridir. Azərbaycanın iqtisadi yüksəlişi, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfi olaraq qalır.