Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:53 / 11 İyul 2024

Yeməyi zəhərə dönən işçilər - Kim məsuliyyət daşıyır?

3387
Xəbər verdiyimiz kimi, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birinin 53 nəfər əməkdaşı nahar vaxtı qidadan zəhərləniblər. Bu cür kütləvi zəhərlənmələr toy mərasimləri və müxtəlif tədbirlər zamanı da baş verir.


Bəs, kütləvi tədbirlər zamanı, eləcə də müəssisələrdə zəhərlənmə hallarının olmaması üçün nələrə diqqət etmək lazımdır?




Bakupost.az -ın sualını qida təhlükəsizliyi üzrə ekspert Ağa Salamov cavablandırıb.


O, kütləvi tədbirlər zamanı, eləcə də müəssisələrdə ilk növbədə qidanın daşınmasına diqqət edilməli olduğunu deyib:

“Müəssisə onu soyuq qida zəncirində qəbul etməlidir. Maşının arxasında, isti şəraitdə qidalar gətirilməməlidir. Zəhərlənmə baş verən zavodda alınan qidaların mənşəyi məlum olmalıdır. Bundan sonra proses bitmir. Soyuq qida zəncirində qəbul olunan ət və toyuq məhsulları çarpaz çirklənməni nəzərə alaraq, qonşuluq prinsipləri pozulmadan rəflənməli, yəni soyuduculara yerləşdirilməlidir. İstifadə olunmasına uyğun olaraq o cür soyuducuda saxlanmalıdır. Bununla yanaşı, qidaların etiketlənmə qaydaları da yerinə yetirilməlidir. Emal prosesi isə sərin otaqda iki saat ərzində bitməlidir. Çünki çox vaxt görürsünüz ki, otaq temperaturunda, isti havada əti, toyuğu, balığı saxlayırlar, bu da qidanın çirklənməsinə gətirib çıxarır. Nəticədə istehlakçılar zəhərlənir. Ət isə tam bişməlidir”.


Mütəxəssisin sözlərinə görə, dadlı və təhlükəsiz olması üçün bişən qida isti-isti təqdim etməlidir:


“Məhsulun donu bir dəfə açılmalıdır. Bəzi müəssisələrdə məhsulun donu bir dəfə açılır, sonra onu yenidən dondururlar. İkinci dəfə donu açılan məhsuldan qida zəhərlənməsi baş verə bilər”.


A.Salamov zəhərlənmənin baş verdiyi zavodda AQTA-nin araşdırmasından sonra hadisənin səbəbinin dəqiqləşəcəyini bildirib:


“Bir daha qeyd edim ki, məhsullar fermadan süfrəyə qədər qida təhlükəsizliyi qaydalarına uyğun olaraq qorunmalı və istehlakçılara təqdim olunmalıdır”.



Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar