Dövlət tərəfindən ümumi dil sertifikasiyası keçirilir. Son dövrlərdə bu prosesə dil daşıyıcıları olan müəllim, jurnalist və deputatların qoşulması müzakirə olunan mövzulardandır.
Bakupost.az xəbər verir ki, Modern.az bununla əlaqədar deputatlar arasında sorğu keçirib.
Saytımıza açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, belə sertifikasiyaları düzgün hesab etmir:
“Düşünürəm ki, bir şairi sertfikasiya etmək üçün çox ciddi mütəxəssislər və kriteriyalar olmalıdır. Bu, deputatlar və digərləri üçün də keçərlidir. Sertifikasiya ideyasını ortaya atanlar yəqin ki, darıxırlar, özlərinə iş tapa bilmirlər”.
Deputat Rasim Musabəyov isə sualımıza belə cavab verib:
“Yox, bu məsələ ilə bağlı dilçilərə müraciət edin. Həmin jurnalistlərə sual verin. Bu mənim mövzum deyil. Nəzərə alsaq ki, mənim də Azərbaycan dilim qüsursuz deyil”.
Milli Məclisin digər bir deputatı Ceyhun Məmmədov isə sertifikasiya ilə bağlı müzakirələrdən təəssüfləndiyini söyləyib:
“Təəssüf ki, biz daha önəmli, vacib məsələləri müzakirə etmək əvəzinə dil imtahanı, sertifikasiyadan keçmək kimi mənasız məsələləri müzakirə edirik. Dünya gündəmi, dünya mediası süni intellekti, yeni çağırışları müzakirə edir. Bu gün qarşımızda daha ciddi çağırışlar durmuşkən təəssüf ki, mənasız, lazımsız müzakirələrin şahidi və iştirakçısıyıq. Hesab edirəm ki, bu cür lazımsız, mənasız müzakirələr son qoymalıyıq”.
C.Məmmədov dövlət məsləhət gördüyü halda imtahan verməyə hazır olduqlarını deyib:
“Azərbaycan dilini bilmək hər birimizin borcudur. Hər birimiz dilimizə hörmətlə yanaşmalı, onu qorumalıyıq. Bu gün o imtahan-bu imtahan, sertifikasiyaya isə ehtiyac yoxdur. Ehtiyac olarsa, dövlət məsləhət bilərsə, hər birimiz buna hazırıq. Dilimizi gözəl bildiyimizə görə bizim qorxumuz yoxdur. Amma bu cür müzakirə və polemikalar lazımsızdır. Biz daha qlobal məsələlər var, onları müzakirə etməliyik. Müəyyən addımlar atmalıyıq. Dünya kosmosa uçur, süni intellekti müzakirə edir. Süni intellektin inkişafı işsizliyə apardığı bir dövrdə biz şairlərin,yazıçıların, deputatların dil imtahanından keçməsini müzakirə edirik. Mən uzun müddətdir mediada belə müzakirələri görürəm və bundan təəssüfləndiyimi açıq-aydın bildirirəm”.