“Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Sadəcə, bu, razılaşmalar əsasında olacaq. Dəhlizin açılması qısa zamanda baş verən bir proses deyil. Orada bərpa, təhlükəsizlik məsələləri həll olunmalıdır”.
Bu fikirləri Bakupost.az -a politoloq Rasim Musabəyov bildirib.
O qeyd edib ki, Zəngəzur dəhlizi məsələsində İranın Rusiya ilə mövqeləri toqquşur və bu, iki ölkə arasında münasibətləri gərginləşdirir:
“Hazırda bütün tranzit xətləri İran ərazisindən keçir. Lakin ticarət, siyasi və mədəni təsir baxımından İran Qafqazda autsayderdir. Ona görə də İran Zəngəzur dəhlizinə mane olmaq gücündə deyil. Zəngəzur dəhlizi ideyasını Rusiya ilə yanaşı Türkiyə də dəstəkləyir. Türkiyənin Azərbaycan kimi müttəfiqi var. Ankara eyni zamanda iqtisadi cəhətdən bölgədə güclü dayaqlara malikdir. Rusiya da regionda sağlam dayaqlar qurub. Ermənistan isə demək olar ki, Kremlin nəzarətindəndir. Ona görə də, İranın mövqeləri çox zəifdir, Tehranın Zəngəzur dəhlizi məsələsində nəyisə dəyişə biləcəyi inandırıcı deyil”.
Sevinc,
BakuPost