Ru
13:53 / 20 İyul 2026

Azərbaycan mədəniyyətinin səssiz qəhrəmanı ağır durumda

Azərbaycan mədəniyyətinin səssiz qəhrəmanı  ağır durumda
Eye

Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş İan Peartın səhhətində böyük problemlər yaranıb.

“Bakupost” xəbər verir ki, bununla bağlı naşir Şahbaz Xuduoğlu öz sosial şəbəkə hesabında paylaşım edib.



O bildirib ki, İan Peart 90-cı illərin axırlarında Bakıya ingilis dili müəllimi kimi gəlib. Sonra Səadət xanımla tanış olub, ailə qurub və Bakıda yaşamağa qərar verib. Səadət xanım İncəsənət Universitetində ingilis dilindən dərs deyirdi:

“Bu ailə birliyi sonradan həm də iş birliyinə çevrildi. Onlar Azərbaycan dilindən ingilis dilinə tərcümələr etməyə başladılar.

Tariximizə və mədəniyyətimizə aid ən klassik mətnləri ingilis dilinə çevirdilər. İçərişəhərin tarixi, Şuşa, muğam, xalçaçılıq, dulusçuluq, memarlıq və digər mövzulara aid çoxlu mətn və kitabları Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişləri əsasında tərcümə etdilər. İncəsənətimiz və mədəniyyətimiz haqqında çoxlu məqalələr yazıb ingilisdilli mətbuatda nəşr etdirdilər.

Bir neçə il əvvəl gözlənilməz xəstəlikdən Səadət xanım dünyasını dəyişdi. Bununla da İanı Azərbaycana bağlayan əsas qanadı qırıldı. Buna baxmayaraq, mədəniyyətimizə dəlicəsinə vurğun olduğundan Bakıda qaldı və tərcümə fəaliyyətini davam etdirdi. Onun üçün dünyanın ən gözəl futbol komandası Qarabağ, ən əfsanəvi atı Qarabağ atı, ən cənnət məkanı Şuşa, insan qəlbinin ən saf səsi isə muğam idi.”

Naşir vurğulayıb ki, İanı yaxından tanıyanlar onunla bağlı fikirləri əsla şişirtədiyimi bilirlər:

“Səadət xanımın vəfatından sonra çoxdan başlayan xəstəlik daha da şiddətləndi. O, həm amansız xəstəlik, həm də tənhalıq qarşısında təkbaşına duruş gətirə bilmədi, gündən-günə zəiflədi.

İstanbulda yaşayan qızı onu öz yanına apardı.

Bu yaxınlarda qızı ilə danışdım. Dedi: “Papa daha da ağırlaşıb. Artıq yataqdan belə qalxa bilmir. Kiminsə onu bu vəziyyətdə görməsini də istəmir.”

İan bizim mədəniyyətimizin dünyaya tanıdılmasına ürəkdən xidmət edib. Bu, yalnız mədəniyyətimizə olan sevgisi ilə bağlı deyildi. O, bunu həm də öz həyat missiyası hesab edirdi.

İstədim ki, bir vaxtlar İanı tanıyan, onun zəhmətini və tərcümələrini yüksək qiymətləndirən insanlar halından xəbər tutsunlar.

Bəzən bir insanın illərlə gördüyü xidmətə verilən ən böyük qiymət onun ən çətin günündə unudulmamasıdır.”

BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar