Ru
17:00 / 22 Sentyabr 2026

İflic Bakı, etiraz edən deputatlar və acı gerçək: Tıxac dəhşəti hər gün şiddətlənir

İflic Bakı, etiraz edən deputatlar və acı gerçək: Tıxac dəhşəti hər gün şiddətlənir
Eye

Sentyabrın 15-də, təhsil ocaqlarında dərslərin başlanması ilə Bakının tıxac problemi daha da kəskinləşib.
Vəziyyət o yerə çatıb ki, Milli Məclisin deputatları belə etiraz etməyə başlayıblar.

Deputat Arzuxan Əlizadə İnsan Hüquqları Komitəsinin iclasında tıxaclardan gileylənərək, onun dözülməz həddə çatdığını və məsələni diqqətə almağın vacib olduğunu dilə gətirib.

O, tıxaca görə toplantıya gecikdiyini söyləyib:

“İclasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir. Tıxaclar dözülməz həddə çatıb. Bu məsələni diqqətə almaq lazımdır. Gecikmələr xüsusilə iş yerlərində işçi ilə rəhbərlik arasında problemlərə səbəb olur”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə deyib ki, Bakıda tıxacın qarşısının alınmasının ən yaxşı variantı bölgələrə, kəndə qayıdış proqramlarının hazırlanaraq, həyata keçirilməsidir.

Onun sözlərinə görə, kənddən gələn insanlar Bakıda tıxacların yaranmasına səbəb olurlar:

“Tıxacların yaranma səbəbinə baxsaq görərik ki, əksəriyyəti kənd rayonlarından gələn insanlardır. Bakıda tunellərə, yol qovşaqlarına, mənzil bazarına, əmək bazarına təzyiqlər artır. Hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur. Əhalinin axını oradan gəlir”.

Problemin həlli yollarını təklif edən deputat həll yollarının heç də sadə olmadığını söyləyib:

“Həll yolları sadədirmi? Xeyr, amma buna cəhd eləmək lazımdır. 3, 5, 7 ildən sonra nəticələrini verəcək. Biz hər zaman bunu söyləyirik: Bölgələrdə elektrik enerjisinin tarifini 3 dəfə azaldacaqsan.

Qaz – əgər o kənddə mövcuddursa – onu 3 dəfə azaldacaqsan. Onsuz da bu, büdcə üçün böyük bir itki yaratmır. Əksinə, Bakıda tunellərə və ya əhalinin məskunlaşmasına çəkilən xərclər bundan bir neçə dəfə artıqdır. İpotekanı bölgələrdə verəcəksən”.

Z.Oruc hesab edir ki, emal müəssisələrini vergidən tam azad etmək lazımdır:

“Bu sahədə “sıfır vergi siyasəti” həyata keçirilməlidir. Müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin əməkhaqqını bir neçə əmsal artıracaqsan. Vətəndaş kənddə yaşamağın üstünlüyünü və cazibəsini hiss edəcək. Bu, dünyada keçilmiş yoldur”.

Deputat əlavə edib ki, bölgələrdə poçtlar, tibb məntəqələri bağlanırsa, bu məktəblərin də qapısına qıfıl vurulması təhlükəsini yaradır:

“Bu halda kəndin özünün varlığı sual altında qalır”.

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakupost”a bildirib ki, Bakıda tıxac problemi artıq yalnız nəqliyyat məsələsi deyil, əmək bazarına, insanların vaxt itkisinə, şəhər iqtisadiyyatına və yaşayış keyfiyyətinə təsir edən sosial-iqtisadi problemə çevrilib:


İşə və görüşlərə gecikmələr işçi ilə işəgötürən arasında narazılıq yarada, iş vaxtının itirilməsinə və məhsuldarlığın azalmasına səbəb ola bilər. Eyni zamanda, avtomobillərin yollarda uzun müddət qalması yanacaq sərfiyyatını və nəqliyyat xərclərini artırır, havanın çirklənməsini də gücləndirir”.

Müsahibimizə görə, problemin əsas səbəblərindən biri əhali, iş yerləri, universitetlər, dövlət və xidmət müəssisələrinin paytaxtda həddindən artıq cəmləşməsidir:

“Regionlardan paytaxta daxili miqrasiya bu yükü artıran amillərdən biridir. Lakin tıxacların bütün səbəbini kənd və rayonlardan Bakıya gələn insanların üzərinə qoymaq düzgün olmaz. Paytaxtın öz daxilində əhalinin sıxlığı, fərdi avtomobillərdən geniş istifadə, ictimai nəqliyyatın bəzi istiqamətlərdə yetərli olmaması, parklanma problemi, yol infrastrukturunun və şəhərsalmanın nəqliyyat axınlarına uyğunlaşdırılmaması da mühüm amillərdir”.

Ekspert qeyd edir ki, Bakı üçün ən effektiv yanaşma yalnız yeni yol, tunel və yol qovşaqları tikmək deyil:
“Çünki yol infrastrukturu genişləndikcə avtomobillərin sayı da artarsa, müəyyən müddətdən sonra həmin yollar yenidən yüklənər”.

Bu səbəbdən iqtisadçı düşünür ki, burada əsas məqsəd insanların şəxsi avtomobildən istifadə məcburiyyətini azaltmaq olmalıdır:

“Bunun üçün metro şəbəkəsinin genişləndirilməsi, avtobus marşrutlarının optimallaşdırılması, xüsusi avtobus zolaqlarının artırılması, şəhərətrafı dəmir yolu və park et-davam et sistemlərinin inkişaf etdirilməsi vacibdir”.

Mərkəz sədrinin sözlərinə görə, iş rejiminin daha çevik təşkili də müəyyən nəticə verə bilər:

“Bütün işçilərin eyni saatda yola çıxması pik saatlarda nəqliyyat yükünü kəskin artırır. Dövlət qurumlarında, ofislərdə və uyğun sahələrdə çevik iş saatlarının və məsafədən iş imkanlarının genişləndirilməsi səhər və axşam piklərini yumşalda bilər”.

Digər mühüm istiqamət isə A.Nəsirliyə görə, Bakının iqtisadi yükünün regionlarla bölüşdürülməsidir:

“Bunun üçün sadəcə insanları paytaxtdan bölgələrə qayıtmağa çağırmaq kifayət deyil. İnsanlara bölgələrdə işləmək və yaşamaq üçün real iqtisadi imkan yaradılmalıdır. Emal müəssisələrinin, sənaye və aqrar müəssisələrin regionlarda inkişafı, yeni iş yerlərinin yaradılması, həkim və müəllimlər üçün əlavə stimullar, keyfiyyətli məktəb və tibb xidmətləri, internet və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması daxili miqrasiyanın istiqamətinə təsir göstərə bilər”.

Onun fikrincə, burada mənzil siyasəti də xüsusi əhəmiyyət daşıyır:

“Əgər iş yerlərinin böyük hissəsi Bakıda qalarsa, insanların bölgələrdə mənzil sahibi olması problemi həll etməyəcək. Mənzil, iş yeri, məktəb, tibb xidməti və nəqliyyat imkanları birlikdə formalaşdırılmalıdır. Əks halda insanlar bölgədə yaşasa belə, iş üçün yenidən paytaxta gəlməyə məcbur ola bilərlər”.

Ekspert düşünür ki, Bakıdakı tıxacların azaldılması üçün qısamüddətli və uzunmüddətli tədbirlər paralel aparılmalıdır:

“Qısamüddətli dövrdə yol hərəkətinin təşkilinin yaxşılaşdırılması, qanunsuz və nizamsız parklanmanın qarşısının alınması, ictimai nəqliyyata üstünlük verilməsi və pik saatlarda nəqliyyat axınının idarə olunması mümkündür. Uzunmüddətli dövrdə isə şəhərsalma siyasəti dəyişdirilməli, yeni yaşayış massivləri ilə iş yerləri arasında nəqliyyat əlaqəsi əvvəlcədən planlaşdırılmalı, regionlarda iqtisadi aktivlik artırılmalıdır.

Əsas məsələ tıxacı yalnız yol problemi kimi deyil, Bakının həddindən artıq mərkəzləşməsi problemi kimi qiymətləndirməkdir. Paytaxta hər gün daha çox insan və avtomobil daxil olduqca, yeni yol tikintisi problemin yalnız bir hissəsini həll edəcək. Davamlı nəticə üçün həm Bakıda ictimai nəqliyyat və şəhərsalma yenilənməli, həm də regionlarda insanları saxlayacaq real iş və sosial imkanlar yaradılmalıdır”.

İqtisad elmləri doktoru, dosent Emin Qəribli bildirib ki, tıxac məsələsi əslində bütün şəhərləri narahat edən problemdir:


“Hər bir şəhərin özünəməxsus problemi var. Eyni zamanda, problemi hələlik heç kim həll etməyib. Bakı şəhəri böyüyür, əhali artır. Analoji olaraq avtomobillərin də sayı artır. Təbii ki, bütün bunlar öz təsirini göstərir və nəticədə tıxac problemi də daha kəskin xarakter alır. Şəhərdə keçirilən mütəmadi tədbirlər də prosesə öz təsirini göstərir. Paytaxtın infrastrukturu isə belə ağır yükə hazır deyil”.

Çıxış yollarına gəldikdə, müsahibimiz infrastrukturun genişləndirilməsini, şəhərin mərkəzinə daxil olmağa bəzi məhdudiyyətlərin qoyulmasını təklif edir:

“Şəhəri mərkəzdən daha kənara keçirmək lazımdır. Bunun üçün də şəhərdən kənarda yeni mikrorayonlar salınmalıdır. Habelə, müəyyən müəssisə, icra orqanları, universitetlər də kənara çıxarıla bilər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar