Türkiyə və Azərbaycan sərhədlərində yeni gərginlik ocağı
PKK terror təşkilatının bölmələri Şimali İraqdan İrana kütləvi şəkildə keçir və orada əvvəllər Qəndil dağı ərazisində yerləşən bazaya bənzər böyük bir baza yaradırlar.
Bu barədə “Türkiye” qəzeti bazar günü yazıb və PKK terror təşkilatının İran qolu olan PJAK-ın hərəkətlərinin qonşu Türkiyə və Azərbaycanın təhlükəsizliyinə də təhdid yaratdığını qeyd edib.
Qəzetin məlumatına görə, artıq İraqın Süleymaniyə bölgəsindən İrana 2000-dən çox silahlı şəxs keçib.
“İranın Urmiya şəhərindəki mənbələrinə görə, PKK/PJAK yaraqlıları Maku-Kotur-Salmas-Urmiya xəttini 1990-cı illərdə olduğu kimi "terror dəhlizinə" çeviriblər", - deyə “Türkiye” nəşri bildirir.
Qəzet qeyd edir ki, PKK əvvəllər terrorçulardan Türkiyəyə qarşı “strateji sövdələşmə çipi” kimi istifadə etməyə çalışan İran kəşfiyyat xidmətlərinin dəstəyindən istifadə edirdi. Nəşr adı çəkilməyən yüksəkvəzifəli İran təhlükəsizlik rəsmisinə istinadla bildirir: “İndi eyni silahlar Tehranın özünə qarşı istifadə olunur. PKK uzun müddətdir ki, Dambat (Maku), Silvana (Urmiya), Kotur (Xoy), Kenereş (Hana-Piranşəhr) və Şehidan (Urmiya) bölgələrində fəaliyyət göstərir və bu, İranın dövlət siyasəti çərçivəsində "dözümlü" idi. Bundan əlavə, SEPAH və İran kəşfiyyat xidmətləri İrandakı PKK/PJAK düşərgələrinə dolayı və ya birbaşa logistika dəstəyi, Urmiyadakı xəstəxanalar isə yaralı terrorçulara tibbi yardım göstərirdi".
PKK terror təşkilatının İran ərazisində fəallaşması ilə bağlı məlumatlar regionda təhlükəsizlik risklərinin artdığını göstərir. Xüsusilə təşkilatın İran qolu olan Party for a Free Life in Kurdistan (PJAK) vasitəsilə yeni bazaların yaradılması ehtimalı Türkiyə ilə yanaşı Azərbaycanın da təhlükəsizlik mühitinə təsir edə bilər. Bu cür proseslər regionda terror qruplarının yenidən təşkilatlanması riskini artırır və sərhəd təhlükəsizliyi məsələlərini daha da aktuallaşdırır. Ona görə də vəziyyətin diqqətlə izlənilməsi və regional təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi vacib görünür. Bu proses Azərbaycan və bölgə üçün, xüsusən də Cənubi Azərbaycan üçün müəyyən risklər gətirə bilərmi özü ilə? Çünki kürdlər bəzi Cənubi Azərbaycan ərazilərini özlərinin sayırlar.
Oqtay Qasımov
Politoloq Oqtay Qasımov bildirib ki, PKK-nın öz qüvvələrini İran tərəfə yönləndirməsi gözlənilən idi. Çünki bu təşkilat mövcud olduğu vaxtdan daim kənar qüvvələrin əlində maşa rolunu oynayıb: “Nəzərə alsaq ki, PKK-dan Rusiya, ABŞ, İsrail və Avropa ölkələri ilə bərabər həm də İran da istifadə edib. İranda PKK-nın bir qolu sayılan PEJAK da zaman-zaman İran silahlı qüvvələri ilə döyüşüb. Amma PEJAK-ın gücü PKK-nın digər qollarının gücündən daha zəif olub. İranda vəziyyət gərginləşəndən sonra biz İran ərazisində fəaliyyət göstərən kürd terror təşkilatlarının ittifaqının yaradılmasının şahidi olduq. Xüsusilə də İraqın Süleymaniyyə ətrafında olan PKK qruplaşmasının və Qəndil qruplaşmasının bir hissəsinin İrana yönləndirildiyinin şahidi olduq. Əlbəttə ki, bu təşkilatın İran ərazisində növbəti bir baza yaratması region üçün təhlükələr vəd edir. Nəzərə alsaq ki, bu təşkilatın Türkiyə içərisində ciddi şəkildə imkanları tükədilib, Suriyada da artıq onlar müəyyən qədər nəzarət altına alınıb, İraqda həm kürd bölgəsəl yönətiminin, həm də Türkiyənin PKK üzərində basqıları var, deməli, İranda onlar üçün münbit şərait olacaqsa və onlar oraya yerləşəcəklərsə, bu vəziyyət həm Türkiyə istiqamətinə, həm İranın özünə təhdid yaradacaq, o cümlədən Güney Azərbaycanla bağlı narahatlıqlar meydana gətirəcək. Çünki kürd qruplaşmalarının bölgəyə iddiaları hələ keçən əsrin əvvəllərindən mövcuddur. Böyük güclər də onlara bu siyasətlərində dəstək olublar. Güney Azərbaycanla Türkiyə arasında kürdlərdən ibarət bufer zona yaratmaq planları olub. Bu gün də həmin planların həyata keçirilməsinə çalışırlar. Onlar açıq şəkildə Urmiya vilayətinə, Urmiya şəhərinə iddialar irəli sürməkdədirlər. Bu, müəyyən narahatlıqlar doğurur. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, bu təhdidlərə qarşı İran dövlət olaraq səssiz qalacaqsa, İranın gələcəkdə özü üçün ciddi problemlər yaradacaq”.
Politoloq hesab edir ki, məsələyə indidən ciddi yanaşıb kürd qruplamalarına qarşı İran mərkəzi hakimiyyəti konkret sərt addımlar atmalıdır: “Bunu etməyəcəklərsə, o zaman Azərbaycan və Türkiyə bölgədəki soydaşlarımıza qarşı aparılması nəzərdə tutulan hansısa məkrli planların, deportasiya ssenarilərinin meydana gəlməsinə laqeyd qalmayacaq. Türkiyə dövləti üçün təhdidlərin də meydana gəldiyini əsas göstərib bölgədə hərbi əməliyyat həyata keçirilə bilər. Bir sözlə, kürd qruplaşmalarının bölgəyə yerləşməsi sərhədlərimizdə növbəti gərginlik ocağını meydana gətirə bilər. Azərbaycan və Türkiyə bu cür kritik məsələ ilə bağlı İran dövləti ilə müzakirə apararaq bölgədə hansısa bir qəbulolunmaz vəziyyətin yaranmasının qarşısının alınmasına çağırış edə və öz dəstəklərini İrana təklif edə bilər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”