Masallı rayonunun Babakücə kəndində baş verən hadisə hər kəsi kövrəldib.
"Bakupost" xəbər verir ki, 2024-cü il aprelin 26-da dünyaya gələn Səccadın sağ qolunun, sağ böyrəyinin və dörd qabırğasının olmadığı məlum olub.
Bunu öyrənən atası ana və körpəni doğum evində tərk edib və bir daha onların yanına qayıtmayıb. Ana isə fiziki qüsurlarla doğulan körpəsi ilə birlikdə ata evinə qayıdaraq valideynlərinə sığınıb.
Ailənin maddi vəziyyəti ağırdır. Belə ki, Səccadın nənəsi günəmuzd işləyərək ailənin dolanışığını təmin edir. Qarabağ müharibəsi veteranı olan babasının isə əmək qabiliyyəti məhduddur.
Qeyd edək ki, "Masallı xəbərləri"nin məlumatına görə, balaca Səccad bir müddət əvvəl Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə əməliyyat olunub.
Lalə Novruz, BakuPost