Ru
17:44 / 16 Sentyabr 2021

Azərbaycanda ilk: hamının heyran qalacağı kitab yarmarkasına start verilir

3354
"Mənə elə gəlir ki, ümumiyyətlə, kitab yarmarkaları tədricən dövlət nəzarətindən çıxmalıdır”.

Bakupost.az xəbər verir ki, bu sözləri "Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Bakıda ilk dəfə keçiriləcək Milli Kitab Satışı Sərgisi haqqında danışarkən deyib.

Şahbaz Xuduoğlunun sözlərinə görə, bu yarmarkaları naşir, yazar birlikləri özləri təşkil etməlidir:



"Dövlət təşkil edəndə orada istər-istəməz müəyyən məhdudiyyətlər olur. Bu məhdudiyyətlər də naşirlərin arzuları ilə səsləşmir. Ona görə mən fikirləşdim ki, elə özümüz müraciət edək, yer icarə götürək, bütün naşirləri, yazarları, kitabçıları dəvət edək, ürəyimiz istəyən bir yarmarka təşkil edək. Ümumiyyətlə, dünyanın hər yerində yarmarkalar elə naşirlərin özləri tərəfindən təşkil olunur. Məsələn, Frankfurt, İstanbul yarmarkalarının heç birində həmin ölkənin mədəniyyət nazirlikləri bu işi görmürlər. Məncə, bizdə də bu ənənə oturuşmalıdır. Elə ona görə də biz buna start verdik”.

Şahbaz Xuduoğlu ümid edir ki, çox uğurlu proyekt olacaq və bu yalnız Bakı ilə kifayətlənməyəcək.

"Milli Kitab Satış Sərgisi bütün Azərbaycan boyu genişlənəcək. Növbəti yarmarkanı Lənkəranda, Sumqayıtda, Gəncədə təşkil edəcəyik və çalışacağıq ki, il boyu bu yarmarkalar işləsin”.

Milli Kitab Satışı Yarmarkasında digər nəşriyyatlar və başqa qurumların iştirakı haqqında da danışan nəşriyyat direktoru bildirib ki, hazırda bu barədə digər qrumlarla danışıqlar gedir:

"Mən hər kəsə müraciət eləmişəm, istəmirəm burada ayrı-seçkilik olsun. Bütün nəşriyyatlar burda iştirak edə bilər. Hətta bukinist kitabları satan adamlara da müraciət eləmişəm. Onlar da ayrıca bir stendlə iştirak edəcəklər. Fərdi kitabçılara da müraciət etmişəm. Kimin evində artıq kitablar varsa, o kitabları ya dəyişmək, ya da satmaq istəyirsə, onlar da gələ bilərlər. Ümumiyyətlə, məktəbli üçün dərs ləvazimatları satan şirkətlər də iştirak edə bilərlər. Məsələn "İnci”, "Qrafika” iştirak edəcək. Hələ ki, bizə bir neçə nəşriyyatdan müsbət cavabı gəlib ki, onlar da iştirak edəcək. Amma hələ bu son deyil, cavablar gəlməkdə davam edir. "Ala Turan”, "Mücrü” nəşriyyatı da iştirak edəcək.
Biz hələ bunu birinci gündür elan eləmişik. Digər nəşriyyatların qatılmasını da çox istəyirik”.

Şahbaz Xuduoğlu bu yarmarkanı nazirliyə alternativ hesab etmir:

"Yox, sadəcə bu, həqiqi bir yarmarkadır, Azərbaycan milli kitabına dəstək yarmarkasıdır, milli kitabını tanıtmaq məqsədi daşıyır. Bu ilkdir, amma çox uğurlu olacağına əminəm”.

Naşir bildirib ki, yarmarkanın çox özəl cəhətləri olacaq:

"Hər saat bir panel olacaq. Həm qiraət saatı olacaq, yəni hörmətli sənətçilərimiz həm kitablar oxuyacaq, həm şeir saatı olacaq. Bu poeziya saatında şairlər öz şeirlərini oxuyacaq, auditoriyanın suallarına cavab verəcəklər. Musiqi proqramları da, eyni zamanda sərbəst, azad mikrofon da olacaq. Azad mikrofonda istənilən bir gənc şair gəlib öz şeirini səsləndirə bilər. Eyni zamanda, daha fərqli bir şey - bu yarmarkanın fəxri qonağı olacaq. Çalışacağıq ki, ümumi yarmarkanın bir fəxri qonağı olsun, bir də hər günün ayrı-ayrı fəxri qonaqları.
Musiqi proqramları olacaq, rəssamlar da öz rəsm əsərlərini nümayiş etdirə, sata bilər. Bu, çox azad yaramarka olacaq. Burda hər hansı bir məhdudiyyət olmayacaq. Yarmarkanın məqsədi satışdır”.

O bildirib ki, yarmarkada böyük endirimlərin olmasına, fərqlilik etməyə çalışacaqlar:

"İstəyirik ki, insanlar gəlib çox kitab ala bilsinlər. Yarmarkanın sürprizləri də olacaq. Xaricdə yaşayan yazarlarımızdan da onlayn konfransa qatılanlar olacaq, onlarla da onlayn körpü, dialoq yaradacağıq. Körpü saatlarımız da olacaq. Körpüdə Günel Mövlud, Elmir Mirzoyev, Seymur Baycan, Əli Əkbərin olacağını planlaşdırırıq. Həm də yerli yazıçıların – Pərviz Cəbrayıl, Şərif Ağayar, Çingiz Abdullayevin imza günləri olacaq.
Düşünürəm ki, əslində bizim kitab yarmarkamızı qurmağımızın vaxt gəldi. Bu yarmarka tamamilə qeyri-adi və çox gözəl olacaq”.

Qeyd edək ki, oktyabrın 1-dən 10-na kimi Əl Oyunları İdman Sarayında Milli Kitab Satış Sərgisi keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər