Ru
11:39 / 18 Sentyabr 2020

8 saat çılpaq dayan, 800 manat maaş al - NADİR PEŞƏ

5883

Ölkəmizdə rəssamlara poza verən naturaçıların əksəri yaşlı adamlardır

Hər bir peşə sahibi çalışır ki, öz sənətinin tam bilicisi olsun. Naturaçılıq bu baxımdan ən çətin peşələrdən biridir. Bu peşənin tarixi bir neçə əsri əhatə edir. Məşhur “Titanik” filmində də əsas xanım obrazı olan “Roza” şəkil çəkən məşuqu üçün naturaçı dayanır. Xanım filmdə olduğu kimi, rəssam məşuqu qarşısında bu janrın çılpaq formasında olur.

Naturaçı kimdir? Onlar rəssamın, heykəltəraşın qarşısında paltarda və çılpaq dayanıb onlara insan əzalarını daha dəqiq çəkməyə, yonmağa yardım edən adamlara deyilir.

2008-ci ildə Avropanı rəssam və heykəltəraşların təhsil və iş müəssisələrində işləyən naturaçıların etirazları, tətilləri bürümüşdü. Onlar əmək haqlarının azlığından narazılıq edirdilər. Tətillər İtaliya, Fransa və Macarıstanda keçirilirdi. İncəsənət müəllimləri, rəssamlar və heykəltəraşlar da naturaçıların tələblərini müdafiə edirdilər. Avropada bu peşənin qiyməti – 1 saat üçün 25 avro, Rusiyada 1 saat üçün 120 rubl, yəni təxminən 4 ABŞ dollarıdır.

Bəs Azərbaycanda bu sahə necə inkişaf edib?

Modern.az-ın əməkdaşı Azərbaycanda naturaların həyatı, iş qiyməti, bu sahəni necə seçmələri haqqında araşdırma aparıb.

Azərbaycanda “Naturaçı” sənətinin sahibi professordan daha çox maaş alır...

Bir neçə il bundan əvvəl Azərbaycanda 1 saat üçün naturanın geyimli şəkildə rəssam və ya heykəltəraş üçün dayanmasının dövlət qiyməti 1 manat 41 qəpik, çılpaq şəkildə naturalıq etməsi isə 1 manat 75 qəpik idi. 2011-ci ildə Nazirlər Kabinetinin “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” qərara etdiyi dəyişikliyə əsasən, tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi 1 akademik saata görə geyimli naturada 3 manat, çılpaq naturada isə 5 manat məbləğində müəyyən olundu. Bundan sonra bu sahəyə maraq bir qədər artdı.

Bakıdakı Rəssamlıq Akademiyasında Natura şöbəsi fəaliyyət göstərir. Akademiya tərəfindən elan verilir. Naturaçıların əksəriyyəti belə elanları oxuyub Natura şöbəsinə müraciət edirlər.

Qiymətin artımı ilə bağlı olaraq müraciət edənlər çoxdur. Naturaçı Rəna (ad şərtidir – red.) söhbət zamanı bildirdi ki, naturaçılar çoxdur, dərs saatları azdır. Amma gəlirdən hamı razı qalır, narazılıq edən yoxdur.

Azərbaycanda naturaçı olmaq istəyənlərə mentalitet maneə olur...

Rəssamlıq Akademiyasındandan naturaçılar barədə danışmağa izacə verilmədi. Amma bu bizə yazını hazırlamağa mane olmadı.
Azərbaycanda “naturaçı” deyəndə insanlar bu peşə o qədər də yaxşı qəbul etmirlər. Elə bilirlər ki, burada nə isə qəbahət iş görürlər. Amma əslində aydınlaşdıranda başa düşürlər ki, bu da bir peşə sahəsidir. Ölkədə bu sahəni daha çox incəsənət adamları dərk edir. Adi insanlar bunu sərt qarşıladığı üçün bu sahənin sahibləri öz işlərini bir çox adamdan gizli saxlayır. Çünki hər ailə bunu bir cür qəbul edir. Çox hissəsi isə qəbul etmir.
Naturaçılar arasında gənclərlə bərabər qocalar da olur. Burada hər peşədən naturalar ola bilər. Onlar daha çox bu sahəyə işsizlikdən gəlib çıxıblar və naturaçı işlədikləri ilk günə qədər natura haqqında bilikləri olmayır. Daha çox qadınlar bu sahəyə müraciət edir. Bu işdə saat nə qədər çox oldu, məvacib də o qədər artıq olur. Ümumiyyətlə, 1 naturaçı ən çoxu 8 saat dayana bilər. Belə ki, ondan artıq dayanmaq mümkün deyil.
Nazirlər Kabinetinin məlum qərara etdiyi dəyişiklikdən sonra naturaçıların maaşı 300-600 manat arasında dəyişir. Hətta bu qiymət 800 manata kimi yüksələ bilir. 18 yaşından başlayaraq daha böyük yaşlı insanlara kimi hər kəs naturaçı ola bilər.

Pensiya alan naturaçı peşəsinin sahibləri...

Araşdırmalar göstərir ki, Azərbaycanda daha çox yaşlı naturaçılar üstünlük təşkil edir. Belə ki, yaşlı insanların üzündə qırışlar var və rəsm çəkilişi zamanı bu məqam daha təbii alınır. Amma qırışı işləmək elə də asan deyil. Bunu rəsmdə daha dəqiq göstərmək üçün yaşlı naturaçılar daha çoxdur. Burada çirkinlik estetikasını yaratmaq üçün qoca naturaçılardan istifadə olunur.
Azərbaycanda bu peşə ilə məşğul olanların çox hissəsini qadınlar təşkil edir. Onların əksəriyyəti isə rus milliyyətinin nümayəndəsidir. Bizdə mentalitet imkan vermədiyindən, ruslar bu baxımdan daha azaddırlar. Azərbaycanlılar əsasən imkansızlıqdan bu peşəyə gəlirlər.
Buna baxmayaraq, bu sahə çətin və məsuliyyətlidir. Yəni səhərdən axşama kimi ayaq üstə durmaq asan iş deyil. Müəllim naturaçıya hansı pozada dayanmalı olduğunu deyirsə, o elə də durmalıdır.

Naturaçı olmaq insandan ilk növbədə səbr tələb edir...

Hər adam naturaçı ola bilmir, ona görə ki əziyyəti daha çoxdur. İstənilən adam naturaçı kimi işləyə bilməz.

"Çünki insanlar olub ki, müraciət edib, naturaçı kimi işləmək istəyib, amma 3-5 gün işlədikdən sonra səbri tap gətirməyərək işdən çıxıb. Rəssamlar naturaçıya daha böyük hörmət edirlər. Çünki o naturaçının vasitəsilə bir işi ərsəyə gətirə bilir”-deyə adının çəkilməsini istəməyən naturaçı qadın bizimlə söhbətdə bildirdi.

Naturaçıların arasında ailəli insanlar olsa da, çox hissəsini subay xanımlar təşkil edir. Ailəli xanımlar üçün problem olmasın deyə, onların adı gizli saxlanılır. Çılpaq naturaçıdan fərqli olaraq, geyimli naturaçı üçün elə bir problem yoxdur. Amma rəssamlar deyirlər ki, bu sahə üçün daha çox çılpaq naturaçı tələbə olunur. Çünki hər adam çılpaq poza vermək istəmir. Çılpaq naturada dayananlar arasında azərbaycanlılar da az deyil.
”Burada heç bir qəbahət iş yoxdur. Əslində bu işin gözəlliyi budur və bu onun sənətidir”-deyə gizli qalmasını istəyən naturaçı müsahibimiz bildirdi.

Bu peşə sahiblərinə Rəssamlıq Akademiyasında çox böyük qiymət verilir. Heç kəs onlara insanın ləyaqətini aşağılayacaq sözlər deyə bilməz. Rəssamlar onlara daha çox insan kimi deyil, model və natura kimi baxırlar. Rəssamlar əsasən tələbələr olur və onlarla naturaçı arasında həmişə xoş münasibət olur. Tələbələr yalnız Akademiyanın təqdim etdiyi naturaçılardan istifadə etməlidirlər. Axı naturaçılar buna görə Akademiyadan maaş alırlar.

Son olaraq qeyd edək ki, böyük rəssamların hər birinin öz naturaçıları olub. Həmin şəxslərin adları rəssamlarla yanaşı tarixə düşüb. Bəzən ola bilir ki, rəssam naturaçı kimi öz sevgilisinin şəkilini çəkir. Tanınmış İspaniyalı rəssam Salvador Dalinin naturaçısı öz sevgilisi Qala olub.

Anar Kəlbiyev


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər