"Sual yarana bilər ki, islahatlara ehtiyac varmı?" - Prezident

  • 12 Noy 2019 16:29
  • 516 Baxış
"Sual yarana bilər ki, islahatlara ehtiyac varmı?" -  Prezident
"Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir".

BakuPost xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən deyib.


Dövlət başçısı bildirib ki, ölkəmizdə kadr islahatları davam edir: "Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilib".

Son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır. Bu inkişaf özünü bütün sahələrdə büruzə verir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Bu gün biz dünya miqyasında çox böyük hörmətə layiq ölkə kimi öz fəaliyyətimizi aparırıq. Qoşulmama Hərəkatının bu yaxınlarda Bakıda keçirilmiş Zirvə Görüşü bunu bir daha təsdiqlədi. Biz artıq BMT-dən sonra dünya miqyasında ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edirik və üç il ərzində sədrliyi davam etdirəcəyik. Bu sədrlik 120 ölkənin rəyi əsasında yekdil qərarla əldə edilibdir. Yəni bu, onu göstərir ki, dünya birliyinin ən azı üçdəiki hissəsi Azərbaycanı dəstəkləyir və bizim siyasətimizə böyük qiymət verir.

Eyni zamanda, siyasi islahatlar aparılır. Son illərdə demokratiyanın inkişafı istiqamətində, insan haqlarının qorunması işində böyük nailiyyətlər əldə edilib. Həmişə dediyim kimi, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir.