Rusiyanın güc strukturlarında yüksək vəzifəli şəxsləri əhatə edən böyük kadr dəyişikliyinin başladığı iddia olunur. Prosesin mərkəzində milyarder Arkadi Rotenberqin yenidən mövqelərini gücləndirməsi və bir müddət əvvəl ona qarşı fəaliyyət göstərmiş Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbərlərinin vəzifələrini itirməsi dayanır.
"Bakupost" Musavat.com-a istinadla bildirir ki, yerli mənbələr baş verənləri hətta “kiçik saray çevrilişi” adlandırırlar.
Məlumata görə, Rotenberq nəinki son dövrlərdə düşdüyü gözdən salınmış vəziyyətdən çıxa bilib, hətta ona qarşı əməliyyatlarda iştirak etmiş yüksək rütbəli təhlükəsizlik rəsmilərinin vəzifədən uzaqlaşdırılması prosesi başlayıb.
Artıq FSB-nin İqtisadi Təhlükəsizlik Xidmətinin – SEB-in rəhbəri, xüsusi xidmət daxilində olduqca nüfuzlu fiqur sayılan Sergey Alpatovun vəzifəsini itirdiyi bildirilir.
Mənbələr növbəti kadr qərarının FSB-nin “T” İdarəsinin rəisi Nikolay Babakovla bağlı verilə biləcəyini iddia edirlər. Maraqlıdır ki, Babakov bu vəzifəyə yaxın vaxtlarda təyin olunmuşdu.
Alpatovun himayəsi ilə yüksək postlara gətirildiyi bildirilən daha bir neçə FSB rəhbərinin də mövqeyinin təhlükə altında olduğu qeyd olunur.
Hadisələrin arxasında isə Rusiya elitası daxilində ciddi qarşıdurmanın dayandığı iddia edilir.
Mənbənin məlumatına görə, Arkadi Rotenberqin vəziyyəti son vaxtlar xeyli pisləşmişdi. Onun biznes strukturlarının borclarının artdığı, büdcə maliyyələşməsində problemlər yarandığı və yüksək dairələrdə narazılığın gücləndiyi bildirilirdi. Ardınca hüquq-mühafizə strukturları milyarderin yaxın çevrəsinə qarşı əməliyyatlara başlamışdı.
Rotenberqin bir sıra yüksək vəzifəli menecerləri, o cümlədən Konstantin Maxov həbs edilmişdi.
Mənbə kriminal aləmdə “Antikvar” ləqəbi ilə tanınan İlya Traberin həbsini də həmin qarşıdurmanın tərkib hissəsi hesab edir. Traber və Rotenberqin uzun illərdir yaxın dost və biznes tərəfdaşı olduqları bildirilir.
Bu əməliyyatların əsas hərəkətverici qüvvəsinin Sergey Alpatovun rəhbərlik etdiyi FSB-nin İqtisadi Təhlükəsizlik Xidməti və ona daxil olan idarələr olduğu iddia edilir. Mənbəyə görə, həmin mərhələdə keçirilən tədbirlər ən yüksək səviyyədə razılaşdırılmışdı.
Lakin sonradan vəziyyət qəfil 180 dərəcə dəyişib.
VÇK-OGPU saytının mənbəsi iddia edir ki, güc strukturlarındakı başqa bir nüfuzlu qrup – “mühafizəçilər klanı” adlandırılan çevrə ölkə rəhbərliyini Rotenberq və Traber haqqında təqdim olunan məlumatların həqiqəti əks etdirmədiyinə inandıra bilib.
İddiaya görə, həmin çevrə baş verənlərin Rotenberq və onun tərəfdaşlarını sıradan çıxarmaqla yanaşı, mövcud güc balansını zəiflətməyə hesablandığını çatdırıb.
Bundan sonra hadisələr tam əks istiqamətdə inkişaf etməyə başlayıb.
Traber, Maxov və digər şəxslər azadlığa çıxıblar. Ardınca FSB daxilində Sergey Alpatovun vəzifədən gedəcəyi barədə məlumatlar yayılıb.
“Vajnıye istorii” də Alpatovun istefası barədə məlumat yayıb. VÇK-OGPU və Rucriminal.info mənbələri bunu təsdiqləyirlər.
“Onu sözün əsl mənasında bir gündə vəzifədən çıxardılar. Amma özü təxminən bir həftə əvvəl hər şeyi başa düşmüş və yaxın çevrəsinə demişdi. İndi məzuniyyətdədir və həmin məzuniyyətdən sonra FSB-yə qayıtmayacaq”, – mənbə bildirib.
Növbəti hədəfin Nikolay Babakov ola biləcəyi iddia edilir. Onun rəhbərlik etdiyi “T” İdarəsi Moskvanın Domodedovo hava limanında uçuş-enmə zolağının tikintisi zamanı mənimsəmə faktlarını araşdırıb. Konstantin Maxov da məhz həmin iş çərçivəsində həbs edilmişdi.
Alpatovun himayəsi ilə təyin edilmiş və Rotenberqin çevrəsinə qarşı əməliyyatlarda iştirak etmiş digər yüksək rütbəli FSB əməkdaşlarının gələcəyi də qeyri-müəyyən olaraq qalır.
Mənbənin sözlərinə görə, proses bununla yekunlaşmayacaq:
“İstefaların tam siyahısı oktyabrda məlum olacaq. Həmin vaxt FSB-də çoxlu dəyişiklik gözlənilir”.