Əhali arasında mart ayından etibarən yayılan və hələ də davam edən virus infeksiyası geniş vüsət alıb. Bir çox vətəndaşlar xəstəlikdən tam sağalmanın çətin olduğunu bildirir. Bu xəstəlik əsasən quru öskürək, yüksək hərarət, boğaz ağrısı və digər simptomlarla müşayiət olunur. İnsanlar tətbiq edilən dərmanların da gözlənilən effekti vermədiyini qeyd edir.
Niyə müxtəlif dərman vasitələrindən istifadə olunsa da, bu xəstəliyin sağalma prosesi uzanır və çətinləşir?
Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, tibb üzrə elmlər doktoru Adil Qeybulla hazırda əhali arasında, xüsusilə də uşaqlar arasında yayılan viruslar əsasən influenza A qripi və respirator sinsitial virusu(RSV) olduğunu bildirib.
“Bu virusların hər ikisi yuxarı tənəffüs yollarında iltihab yaradır, quru öskürək, asqırma, bəlğəm, yüksək hərarət, halsızlıq, zəiflik və əzələ ağrıları ilə müşayiət olunur. Ümumiyyətlə, virus xəstəliklərinə qarşı spesifik və effektiv müalicə vasitəsi yoxdur. Çünki viruslar hüceyrədaxili yaşayır və dərmanlar birbaşa onlara təsir göstərə bilmir. Bu baxımdan müalicənin əsasını immun sistemin gücləndirilməsi təşkil edir. Bunun üçün bol maye qəbulu, yataq rejimi, düzgün və vitaminlərlə zəngin qidalanma, xüsusilə meyvə və tərəvəzlərin qəbulu vacibdir”.
A.Qeybulla qeyd edib ki, insanların bu qaydalara əməl etməməsi xəstəliyin uzanmasına və ağırlaşmasına səbəb olur:
“Bir çox hallarda insanlar xəstəliyi ayaqüstə keçirməyə çalışır. Bu isə vəziyyəti daha da ağırlaşdırır, müxtəlif fəsadlara, o cümlədən pnevmoniyaya gətirib çıxarır. Eyni zamanda, belə şəxslər başqaları üçün də yoluxma mənbəyinə çevrilir. Əgər xəstələr tam sağalana qədər yataq rejiminə əməl etsələr, həm özlərini qoruyar, həm də infeksiyanın yayılmasının qarşısını almış olarlar. Təəssüf ki, bu qaydalara əməl olunmadığı üçün biz tez-tez lokal epidemiyaların şahidi oluruq”.