Bakıda “Mercedes-Benz”in strateji tərəfdaşlığı ilə beynəlxalq statuslu “MBFW Azerbaijan” moda həftəsi keçirilib.
Bakupost.az xəbər verir ki, yerli və xarici dizaynerlərin yaradıcılığını nümayiş etdirdiyi tədbirdə "Belskaya" brendinin debüt kolleksiyası xüsusi diqqət çəkib və geniş müzakirələrə səbəb olub.
Qara və qırmızı rənglərin üstünlük təşkil etdiyi səhnə tərtibatında podiuma çıxan modellərin qeyri-adi obrazları və təqdimat forması izləyicilər arasında fərqli reaksiyalar yaradıb.
Gecənin ən çox müzakirə olunan məqamlarından biri modellərin əlində olan şüşə akvarium elementlər və ağızlarında istifadə edilən aksessuar detalları olub.
Sosial şəbəkələrdə kolleksiya ilə bağlı müxtəlif fikirlər səsləndirilib. İzləyicilərin bir qismi təqdim olunan obrazları simvolik mesaj kimi dəyərləndirərək bunu Rusiya-Ukrayna müharibəsində itirilən insan həyatı və tökülən qanlara işarə kimi şərh edib.
Digərləri isə bunu Hindistan mifologiyasında yer alan Kali ilahəsinin təsviri ilə əlaqələndirib.
Bəziləri isə səhnədəki elementlərin şaman ayinlərini xatırlatdığını bildirərək kolleksiyanın mistik və simvolik məna daşıdığını qeyd ediblər.
Modelyer Leyla Əhmədova
Bakupost.az-a bildirib ki, bu, incəsənətin bir formasıdır və belə təqdimatlar normaldır:
“Bu kolleksiya dizaynerin performansıdır. Hər bir incəsənət sahəsində dizaynerlər özlərini belə təqdim edə bilirlər. Bu, dəb deyil, sadəcə insanın daxili dünyasınıntəsviridir. Bu, dizaynerin fikirləridir və o, səhnədə fikirlərini bölüşür”.
L.Əhmədova vurğulayıb ki, Bakıda belə performansların az olması səbəbindən bu cür təqdimatlar bəzən cəmiyyətdə şok effekti yarada bilir.
“Bizim qadınlarımız daha incə, eleqant və məntiqli geyim tərzinə üstünlük verirlər, ona görə də belə dəb Azərbaycanda asanlıqla qəbul olunmaya bilər. Lakin buna bir sənət əsəri kimi baxmaq lazımdır”.
Psixoloq-sosioloq Naib Niftəliyev isə bildirib ki, Azərbaycanın müstəqillik dövrünün ilk illərindən etibarən Avropaya inteqrasiya və Avropa dəyərlərinin müxtəlif sahələrdə adaptasiyası əsas istiqamətlərdən biri olub. Onun sözlərinə görə, keçirilən müxtəlif layihələrdə həm müsbət, həm də mənfi tendensiyaların Azərbaycana sirayət etməsi, qarşılıqlı təsirlərin olması qaçınılmaz və təbiidir:
“Bir sıra şirkətlər, xüsusən moda şirkətləri müəyyən şərtlər daxilində gündəmdə və diqqətdə qalmağa çalışırlar. Bəzən bu, etik şərtləri və qaydaları aşırı dərəcədə üstələyir. Yəni bu da kəskin ictimai müzakirələrə və qınağa səbəb ola bilir.
Burada Rusiya-Ukrayna müharibəsi məsələsində nəyinsə gündəmə gətirilməsi, buna etiraz forması kimi bəzi işarələr -açıq və qapalı jestlər kimi qiymətləndirilə bilər. Məlumdur ki, Azərbaycan dünyanın bir hissəsi olaraq Ukrayna ərazisində aparılan müharibəyə mənfi yanaşır. Burada yanaşmaların, təbii ki, zərərçəkən tərəf baxımından olması aydın məsələdir. Rusiyanın davranışı da beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qınanılır, bu sirr deyil.
Şaman ayinlərinə gəlincə, bəzi elementlərin burada olması, modanın müəyyən detallar ilə zənginləşdirilməsi həm maraq cəlb etmək, həm də bəzi məqamlarda qeyri-adilik fonunda təbliğat, reklam və piar aparmaq baxımından əhəmiyyətlidir. Sadəcə olaraq elə məqamlar ola bilər ki, mentalitet baxımından bizə uyğun deyil və biz bunu qəbul etmirik, bu da təbiidir. İnsan nəyisə qəbul etmirsə, bu onun təbii haqqıdır”.
N.Niftəliyev qeyd edib ki, müxtəlif təsirlərlə formalaşdırılan qlobal inkişafın bir hissəsinə çevrilən bu tendensiyalardan istəsək də, istəməsək də mütləq şəkildə kənarda qala bilmirik:
“Hər şeydə modadır deyib həddindən artıq çılpaqlığa meyil etmək, etikadan kənara çıxmaq, yaxud demonizm motivlərini cəmiyyətə sirayət etdirmək, bunlarla subliminal mesajlar vermək təbii ki, cəmiyyət tərəfindən başa düşülür və qınanılır.
Belə sərgilərin prinsipcə nə tam əleyhinəyik, nə də tam tərəfdarıyıq”.
Lalə, BakuPost