XIX əsrdə britaniyalı milyonçu Liverpul küçələrinin altında nəhəng tunel labirinti yaratmaq üçün onilliklər ərzində işçilər çalışdırıb. Tunellər konkret bir istiqamətə aparmayıb, bəziləri isə inanılmaz dərinliyə qədər uzanıb.
Tikintinin sahibi nə layihə cizgiləri, nə də məqsədini izah edən hər hansı sənəd qoyub.
Təxminən iki əsr sonra bu sirrin mümkün izahı tapılıb. Məlum olub ki, tunellərin inşasının arxasında insanların düşündüyündən daha xeyirxah məqsəd dayana bilər.
"Bakupost" Lent.az-a istinadən xəbər verir ki, milyonçu Cozef Uilyamson 1806-cı ildə Liverpulun mərkəzindən bir neçə kilometr aralıda torpaq sahəsi alıb.
O, 1840-cı ildə vəfat edənədək, düz 34 il ərzində çoxsaylı işçilər işə götürərək yeraltı keçidlər, pilləkənlər, zirzəmilər və müxtəlif səviyyələrdə yerləşən nəhəng otaqlar tikdirib.
Bəzi hesablamalara görə, tunel şəbəkəsinin əhatə etdiyi ərazi 2,6 kvadratkilometrə çata bilər. Lakin onun həqiqi miqyası hələ də tam müəyyən edilməyib.
Ən təsirli tikililərdən biri "Ziyafət zalı" adlandırılan yeraltı məkandır. Tağlı tavana malik bu zalın uzunluğu təxminən 20 metr, hündürlüyü isə səkkiz metrdən çoxdur.
Tədqiqatçılar iki və üç mərtəbəli yeraltı hissələr, həmçinin ən azı 18 metr dərinliyə enən qalereyalar aşkar ediblər.
Bəzi könüllülərin sözlərinə görə, ayrı-ayrı tikililərin dərinliyi hətta 27 metrə çata bilər.
Uilyamsonun ölümündən sonra yeraltı zallar kortəbii zibilliklərə çevrilib. Zaman keçdikcə tunellər məişət tullantıları, sənaye və ticarət obyektlərinin zibilləri altında qalıb, girişləri isə bağlanıb.
Uilyamsonun özü ilə məzara apardığı sirr
Tikintinin məqsədi barədə dəqiq izahatın olmaması müxtəlif nəzəriyyələrin yaranmasına səbəb olub.
Bəzi tədqiqatçılar tunellərdən qaçaqmalçılıq üçün istifadə edildiyini ehtimal ediblər.
Digərləri isə Uilyamsonun dünyanın gözlənilən sonundan xilas olmaq üçün yeraltı sığınacaq hazırladığını irəli sürüblər.
Bu fərziyyəyə əsasən, onun həyat yoldaşı Elizabet dünyanın sonunun yaxınlaşdığına inanan bir vaizin təsiri altına düşüb və ərini yeraltı sığınacaqlar tikməyə razı salıb.
Lakin bu nəzəriyyələrin heç biri tikinti işlərinin niyə bu qədər uzun müddət davam etdiyini və tunellərin nə üçün belə böyük dərinliklərə qədər qazıldığını tam izah edə bilməyib.
Tarixə baxışı dəyişdirən izah
1989-cu ildə "Cozef Uilyamson Cəmiyyəti" yaradılıb. Üç onillik ərzində yeraltı tikililəri araşdıran tədqiqatçılar ən inandırıcı ehtimalın xeyriyyəçiliklə bağlı olduğu qənaətinə gəliblər.
XIX əsrin əvvəllərində Liverpulda minlərlə fəhlə ağır sosial-iqtisadi şəraitdə yaşayır və təsadüfi işlər hesabına dolanırdı.
İstehsalın mexanikləşdirilməsi bir çox sənətkarı işsiz qoymuşdu. 1815-ci ildə Napoleon müharibələrinin başa çatması isə ordudan qayıdan və iş axtaran əsgərlərin sayını artırmışdı.
Ehtimal olunur ki, Uilyamson öz sərvətindən ehtiyacı olan insanları işlə təmin etmək üçün istifadə edib.
O, işçilərə əməkhaqqı verməklə yanaşı, onların tikinti sahəsində yeni bacarıqlar qazanmasına da şərait yaradıb.
Tunellərin bəzi hissələrinin həddindən artıq dərin olması bu nəzəriyyəni gücləndirən əsas arqumentlərdən biridir.
Könüllülər iqtisadi baxımdan məqsədini izah etmək çətin olan tikililər aşkar ediblər.
Məsələn, bəzi çalaların yalnız sonradan yenidən doldurulmaq üçün qazıldığı ehtimal edilir.