Ru
15:35 / 13 Mart 2026

Bakıdakı universitetlər hara köçürüləcək? - Ekspert

Bakıdakı universitetlər hara köçürüləcək? - Ekspert
Eye

Bakının mərkəzində yerləşən bəzi ali təhsil müəssisələrinin paytaxtdan kənara köçürülməsi təklif olunur. Bu universitetlərin Sumqayıt şəhərinə, paytaxtın Qaradağ rayonuna və dəniz sahili ərazilərə köçürülməsi məqsədəuyğun hesab edilir.

Bu barədə Bakupost.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi paytaxtdakı ali təhsil ocaqlarının ölkənin hansı bölgələrinə köçürülməsi məsələsini şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, bölgələrə köçürülmə zamanı ilk növbədə paytaxtda nəqliyyat sıxlığını artıran universitetlərə diqqət yetirilməlidir:

“Bəzi universitetlərin paytaxtdan çıxarılması məsələsi gündəmdədir. Bu fonda Bakı Dövlət Universiteti istisna olmaqla, tələbə kontingenti çox olan və yol-nəqliyyat infrastrukturuna, şəhərdə hərəkətin davamlılığına maneə yaradan universitetlərin Bakıdan kənara köçürülməsi daha məqsədəuyğun olardı”.

Onun sözlərinə görə, universitetlərin köçürülməsi zamanı yalnız tədris binaları deyil, həm də müasir universitet şəhərcikləri yaradılmalıdır:

“Paytaxtdan kənarda universitet şəhərciyinin və yataqxanaların salınması, müasir kitabxanaların, idman və əyləncə mərkəzlərinin yaradılması da nəzərdə tutulmalıdır”.

Ekspert hesab edir ki, bir sıra ali məktəblərin Bakıdan kənara köçürülməsi mümkündür. Onun fikrincə, aşağıdakı universitetlər üçün belə bir addım daha real görünür:
• Azərbaycan Dövlət Pedaqoji Universiteti
• Azərbaycan Dövlət İqtisad Universiteti
• Azərbaycan Memarlıq və İnşaat Universiteti
• Azərbaycan Texniki Universiteti

“Bu ali təhsil ocaqlarının Sumqayıt şəhərinə və Bakının Qaradağ rayonu, həmçinin dəniz sahili ərazilərə köçürülməsi daha məqsədəuyğun ola bilər”.

Yeni universitetlərin yaradılması məsələsinə toxunan E.Əfəndi bildirib ki, bunun üçün ən uyğun bölgələrdən biri Şamaxı rayonudur.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı bəzi universitetlərin köçürülməsi və bölgələrdə yeni ali təhsil müəssisələrinin yaradılması məsələsinin əksini tapması gözlənilir.

Xatırladaq ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda da qeyd olunub.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar