Ru
16:20 / 16 Dekabr 2016

“Başa düşüblər ki, həyatları Xoşqədəmin verilişindən asılı deyil” - SORĞU

“Başa düşüblər ki, həyatları Xoşqədəmin verilişindən asılı deyil” -  SORĞU
Eye

Son zamanlar ölkə mətbuatının mövzu seçimi, oxucuların ona göstərdiyi maraq baxımından fərqli tendensiya müşahidə olunur. Bir zamanlar şou-biznes xəbərlərinə aşırı maraq göstərən oxucular daha sonra kriminal mövzulara, məhkəmə işlərinə, "qanuni oğru”larla bağlı araşdırmalara meyl etdi. İndi isə favorit mövzu iqtisadiyyatdır. 



Manat, dollar, bahalaşma, ucuzlaşma ehtimalı, qənaət prinsipləri... ilə bağlı xəbərlər oxucuların ən çox oxuduğu, maraqlandıqları sırasında birincilik qazanıb. Redaktorlar bu haqda nə düşünür? Bu tendensiya nədən xəbər verir? Onlar saytlarının fəaliyyətində bu nüansa önəm verirlərmi? 



"Gündəlik Teleqraf” MMC-in rəhbəri Aynur Camalqızı hesab edir ki, bu, dünyada gedən proseslərlə bağlıdır. Müsahibimizin fikrincə, iqtisadiyyat mövzusu indi təkcə Azərbaycanda yox, bütün ölkələrdə aktualdır: "Bunun başlıca səbəbi odur ki, insanlar əvvəlki kimi pul qazana bilmir, dünyaca məşhur şirkətlər bağlanır və işçilərini ixtisara salır. Yaxın Şərqdə ağır müharibə gedir. İndiki şəraitdə, yəni bir yandan nəhəng, bütün dünyanı saran iqtisadi krizis, digər yandan qanlı-qadalı müharibə, müharibənin qurbanına çevrilən uşaqlar, onların qan içindəki şəkilləri... şou-biznesi təbii ki, arxa plana keçirir. İnsanlar hazırkı situasiyada gülə, əylənə bilməz”. 

 


 


A.Camalqızı dedi ki, dünyada gedən proseslərdən gəldiyi qənaət belədir ki, hazırda rahat, problemsiz, qayğısız yaşanacaq hər hansı ölkə yoxdur: "Gözümüzün önündə Türkiyədə ard-arda baş verən terror aktları, Avropa ölkələrində bir müddət öncəki terrorlar dünyanın çox qarışıq və təhlükəli durumda olduğunu göstərir. Suriyada baş verənlər insanlığa qarşı bir vəhşətdir. Amma bütün bunların fonunda neftin qiymətinin ən aşağı həddə enməsi də insanların iqtisadi vəziyyətinə təsir edən başlıca bir amil olduğuna, milli valyutanı dəyərdən saldığına görə iqtisadi mövzular heç vaxt olmadığı qədər populyarlaşıb”. 



Müsahibimiz həmçinin hesab edir ki, hazirkı iqtisadi krizis süni amillərlə yaradılıb: "Və əslində iqtisadi krizisdən daha çox siyasi krizisdir. İnsanlar da bu xoşagəlməz prosesin nə ilə sonuclanacağını bilmək istədikləri üçün iqtisadi mövzuları izləyirlər”. 

 


Bakipost.az saytının rəhbəri Elçin Zahiroğlu bildirdi ki, hazırda dünyada baş verən ciddi siyasi proseslərin, təsir vasitəsi kimi iqtisadi rıçaqların çox effekt verdiyi bir dövrdəyik. Buna görə də iqtisadi məsələlər hər kəsin maraq dairəsinə çevrilib: "5 ildir hər gün informasiya ilə işləyirik. Ən az oxunan iqtisadiyyat xəbərləri, bu ildən başlayaraq rekord qırır. Ən adi xəbərlər belə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilir, oxucuların diqqətini çəkir. Görünür, hamı başa düşüb ki, onların həyatı Xoşqədəmin verilişindən, futbol yarışlarından, olmayan şou aləmindəki didişmələrdən, olkədaxili yalançı lokal siyasi çəkişmələrdən asılı deyil. Məhz iqtisadi proseslərdən, münasibətlərdən asılıdır. Elə buna görədir ki, dünən gecə ölkənin dominoxanalarından tutmuş ucqardakı kənd evlərinə kimi hər kəs FED-in iclasını izləyirdi. Bununla bağlı xəbərlər tirajlanırdı. Əlbəttə ki, bu xəbərlərə sosial sifariş artdığından çalışırıq, iqtisadi xəbərləri artıraq, onların məzmununu daha anlaşıqlı dildə təqdim edək”. 

 





E.Zahiroğlu bildirdi ki, əvvəllər saytlar iqtisadiyyat müxbirinə ehtiyac görmədikləri halda, indi onları çıraqla axtarırlar: "Dünən bir neçə iqtisadçıyla danışmışam, yazılar yazmasını xahiş etmişəm. Təəssüf ki, bu sahədə həm mütəxəssislər azdır, həm də jurnalistlər. İqtisadi proseslərin təhlili, bu istiqamətdə maarifləndimə işlərinin aparılması çox vacibdir”. 

 


Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud da iqtisadi mövzulara artan marağı hiss etdiyini və bunu təbii qarşıladığını dedi: "Bu gün iqtisadiyyat nəinki ölkədə, eləcə də dünyada ən çox marağa səbəb olan sahədir. Və bu gün iqtisadiyyatın gündəm olması da təbiidir. Hətta məsələ o şəkildədir ki, axşam kiminsə tutaq ki, Biləsuvarın Nərimankənd kəndində evdə oturub FES-in qərarını gözləməsi, bu qərarın nəticəsinə uyğun kədərlənməsi və ya sevinməsi də təbiidir. Çünki dünyanın o başında qəbul edilən qərar bütün bəşəriyyətə təsir edir”. 

 





E.Ərud dedi ki, belə bir şəraitdə mediada iqtisadi mövzuların gündəm olması anlaşılandır və qaçılmazdır: "Biz də medianın və dünyanın bir parçası olduğumuza görə iqtisadiyyati bu günün trendi hesab edirik”. 




“Başa düşüblər ki, həyatları Xoşqədəmin verilişindən asılı deyil” -  SORĞU
“Başa düşüblər ki, həyatları Xoşqədəmin verilişindən asılı deyil” -  SORĞU
“Başa düşüblər ki, həyatları Xoşqədəmin verilişindən asılı deyil” -  SORĞU
“Başa düşüblər ki, həyatları Xoşqədəmin verilişindən asılı deyil” -  SORĞU
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar