Ru
13:54 / 26 Oktyabr 2020

Bax, biz elə bunu istəyirdik...

2999
Xeybər Göyallı

Bizə elə gəlir ki, hər şey birdən –birə baş verdi. Zahirən bu, belə görünür. Amma arxada qalan 30 ilin əzab-əziyyəti və dözülməz məşəqqətləri bunu təsdiqləmir. Biz bu günə otuz ildir gəlirdik .”Qisas qiyamətə qalmaz”- deyə səbir edirdik. Amma div səbrimizi yamanlaya-yamanlaya, özümüz-özümüzü qınaya-qınaya bir gün onun aşıb-daşacağına da ümidimizi tamam üzməmişdik.

Bu dəfə də ilk atəşi hay sürüsü açdı. Nə yaxşı, dünya özündə ( bir daha deyirəm ki, deyəsən, nəhayət , dünya hay tayfasını tanımağa başlayıb) cəsarət tapıb etiraf etdi ki, atəşkəsi həmişə olduğu kimi, bu dəfə də azğınlaşmış tayfa pozub. Azərbaycan dövlətinin, Ali Baş Komandanın da xalqımız kimi səbri tükəndi. Ali Baş Komandan it sürüsünün (başqa cür adlandırmaq və səciyyələndirmək məntiq səhvi sayılmalıdır) qovulması barədə əmr verdi. Xalq bu əmrə həmişə hazır idi və bu əmri Ali Baş Komandandan çoxdan gözləyirdi. Ali Baş Komandan bəs niyə indi bu əmri verdi? Əsla səbəbsiz deyil. Bunun ən birinci səbəbi daxili faktorlarla bağlıdır. Ev oğruları (Atalar deyib: ” Ev oğrusunu tutmaq çətindir”) iç düşmənlər-erməni dəyirmanına su tökənlər zərərsizləşdirildi. Xarici düşmənin səngəri və mövqeyi bəlli, rəngi-ruhu, düşüncə və əməli aydındır. İllərlə xalqa, dövlətə quyu qazıb, üstünə xalı sərib, məkrli niyyətlərini gerçəkləşdirənlər daha təhlükəlidirlər. Onlar –qara qüvvələr qara kütlənin içərisində yox, idarəetmə aparatının yuxarı eşelonunda, hüquq-mühafizə orqanları və hərbi strukturların yüksək pilləsində oturmuşlar. Onlar bir deyil, beş deyil, böyük bir şəbəkədirlər. Onlar şəbəkələşmişlər. Hörümçək toru kimi xalqın və dövlətin inkişafı üçün hər cür əngəllər yaradırlar.Onların missiyası budur. Çünki tapşırıq belədir.Onların kökü kəsilməyib, onlar hələ də çoxdurlar.Onlar hələ çox yerdə var. Onlar hələ də əyilə-əyilə gəzməklə, qılafda və qaloşda gizlənməklə öz işlərini görürlər. Aldanmayaq amandır! Aidiyyatı qurumlar onları səssizləşdirməli- zərərsizləşdirməlidirlər. Onların cəmiyyətə təsir mexanizmləri əllərindən alınmalıdır.


Səmimi etiraf edək ki, mənfi hallarla rastlaşanda özümüzdən- xalqımızdan gileylənir, hətta xalqımıza yaraşmayan epitetlər də işlədirik.(Unutmayaq ki, xalq (insan) canlı varlıqdır, o, hərtərəfli tərbiyə olunmalı və mənəvi cəhətdən inkişaf etdirilməlidir.) Ancaq xalqımızın özəllikləri çoxdur. Özü də bu özəlliklər son dərəcə müsbət və özünəməxsusdur. Biz, azərbaycanlılarda heç bir xalqda olmayan bir həssaslıq var. Bu həssaslıq onun genindən, kökündən gəlir. Baş verən hadisələr haqqında qəzetdə, televiziyada heç bir informasiya eşitməyən xalqımız yalnız öz müşahidə və intuisiyası ilə hər şeyə dəqiq və dürüst qiymət verir. Xalqımız uzun illərdi hansı dövlət qurumlarında kimlərin nə işlə məşğul olduğunu əlinin içi kimi bilirdi. Hətta bu səpkidə informasiyalar ara-sıra birbaşa və dolayısı ilə mətbuatda da yer alırdı . Dövlət aparatının yuxarı eşelonunda illərlə oturan yüksək mənsəb və səlahiyyət sahiblərinin mətbuatda lövbər salmış sözçüləri isə bu informasiyaları şayiə adlandırır və həmin şəxsləri açıq-aşkar müdafiə edirdilər.

Müşahidə etdiyim bir həqiqəti də diqqətə çatdırmaq istəyirəm .Azərbaycana xəyanət edənlər, el dili ilə desək, xeyir tapmırlar. Tanrı onları bu və digər formada gec-tez cəzalandırır. Buna nümunələr çoxdur. Hər kəs özlüyündə bir anlıq yaxın keçmişə nəzər salsa, bunun gerçək nümunələrini sadalaya bilər. Azərbaycan müqəddəs torpaqdır, ona xəyanət edənləri Tanrı bağışlamayıb. Müqəddəs sözünü bu məqamda epitet xatirinə işlətmirəm. Azərbaycanın müqəddəsliyini əyani təsdiqləyən çox şey var. Onun təbiəti, iqlimi, havası, suyu, günəşi və s. bu müqəddəsliyin gerçək təsdiqidir. Azərbaycan adına Quran və digər qədim kitablar özündə yer verib. Yəqin ki, heç kəs bunları təsadüfi faktlar saymır.

Xalqımız bütün çətinliklərə, əzab-əziyyətə dözdü. Yalnız bu qədər torpağın itlərin ayağı altında qalmasını özünə bağışlaya bilmirdi. İşğal altında olan torpaqlar quru və qara torpaq deyil. O, VƏTƏNDİR. O, qara və quru torpaq VƏTƏNİN keçmişi və gələcəyidir. Cənab Ali Baş Komandan! BİZƏ-XALQIMIZA BAX, BU QARA VƏ QURU TORPAQ LAZIM İDİ! Bu qara və quru torpağın işğaldan azad olunması bir millət kimi ruhumuzu dirçəldir, qamətimizi dikəldir. Cənab Ali Baş Komandan! Bax, BİZ BUNU İSTƏYİRDİK! Sözün ifadə etməkdə çox aciz qaldığı bu sevinci AZƏRBAYCANIMIZA yaşatdığınız üçün bütün xalqın adından (Əminəm ki, bu mandatı xalq hər bir kəsə sidq ürəkdən verər) SİZƏ SAĞ OLUN, VAR OLUN DEYİRƏM! YAŞASIN MÜZƏFFƏR ORDUMUZ! QARABAĞ AZƏRBAYCANDIR!



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər