Milli Məclisin iyulun 10-da keçirilən plenar iclasında “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər müzakirə və qəbul edilib.
Bakupost.az xəbər verir ki, qanuna əsasən, bir sıra məhsullar gömrük rüsumundan azad edilir.
Dəyişikliyə görə, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların həcminin azı 50 (əlli) faizinin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi–malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumundan azad edilir.
Qanun gələn ilin yanvarın 1-dən qüvvəyə minir.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli
Bakupost.az-a bildirib ki, Azad İqtisadi Zonaların(AİZ) yaradılması, orada gömrük və vergi təşviqlərinin tətbiqi iqtisadi nöqteyi-nəzərdən həmin bölgələrin daha çox investor cəlb etmələrinə və istehsal sahələrini genişləndirməyə kömək və dəstək olacaq:
“Amma məsələ ondadır ki, Azərbaycan kimi ərazisi çox da böyük olmayan ölkələrdə AİZ məntiqi bütün iqtisadi zonaları, bütün ölkəni əhatə etməlidir. Bunun olması daha məntiqi olardı. Belə zonalar Qarabağda, Ələtdə, Sumqayıtda, Nefçalada, Naxçıvanda var”.
Ekspert qeyd edir ki, onu hissə-hissə etməkdənsə, bütün ölkə ərazisində tətbiqi daha məqsədəuyğundur:
“İqtisadi oyunçular üçün də bu daha yaxşı olar. İstiqamət doğrudur, amma ölkəmizin ərazisinin kiçik olduğunu nəzərə alsaq, bu məntiqli yanaşmanın bütün ölkə ərazisinə tətbiqi daha yaxşı olardı”.
Rüfət Sultan,
BakuPost