Divarların sökülməsi, konstruksiyaya edilən gizli müdaxilələr və sənədlərdə "ev" kimi görünən, amma əslində mağazaya çevrilən mənzillər hər an partlamağa hazır olan bombanı xatırladır. Birinci mərtəbələrdəki divarların aşırılması bütöv bir binanın sütunlarını sarsıdır və on minlərlə insanın həyatını təhlükəyə atır.
Bakupost.az xəbər verir ki, Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında yaşayış sahələrinin müxtəlif yollarla, bəzən isə qanunsuz şəkildə dəyişdirilməsi məsələsinin aktual olduğunu bildirib.
“Xüsusilə yol kənarında yerləşən və sovet dövründə inşa olunmuş bir çox yaşayış binalarının birinci mərtəbələri sonradan kommersiya obyektlərinə çevrilib. Bu proses zamanı həmin sahələrin ilkin təyinatı, yaşayış funksiyası dəyişdirilir, lakin bəzi hallarda sənədlərdə hələ də yaşayış kimi qalır. Yəni faktiki istifadə ilə hüquqi status arasında uyğunsuzluq yaranır. Bu cür təyinat dəyişikliyi, adətən, konstruktiv müdaxilələrlə müşayiət olunur. Belə ki, arakəsmə divarlar sökülür, bəzən daşıyıcı divarlara müdaxilə edilir, ümumi konstruksiyada dəyişikliklər aparılır. Eyni zamanda, binaların fasadında da müxtəlif dəyişikliklər edilir. Xüsusilə mərkəzi küçələrdə yerləşən binalarda bu hallara demək olar ki, geniş şəkildə rast gəlinir. Şübhəsiz ki, bu cür müdaxilələr binaların dayanıqlığına mənfi təsir göstərir və onların istismar müddətini azaldır. Doğrudur, indiyədək ciddi fəsadlar geniş şəkildə müşahidə olunmayıb, lakin bir ekspert kimi hesab edirəm ki, mövcud vəziyyət ciddi narahatlıq doğurur”.