Böyük supermarketlərdə və ya kiçik dükanlarda müştərilərin götürmədiyi 1, 3 və 5 qəpiklər ilk baxışda əhəmiyyətsiz görünsə də, günün sonunda kassa balansı üçün hüquqi və maliyyə öhdəliyi yaradır.
Kassa aparatında (NKA) qeydiyyatdan keçən məbləğlə günün sonunda kassada olan faktiki nağd pul üst-üstə düşməlidir. Müştəri qalıq pulu götürmədikdə günün sonunda kassa artığı yaranır. Bu proses hər bir müştəri üçün ayrı-ayrılıqda deyil, günün sonunda kassa inkassasiya edilərkən tək bir "Kassa artıqları üzrə akt" ilə rəsmiləşdirilir.
Həmin vəsait Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən marketin sair əməliyyat gəlirləri hesab olunur. Müştəri öz iradəsi ilə pulu saxladığı üçün bu vəsait marketin mülkiyyətinə keçir və tam şəkildə vergiyə cəlb olunur (mənfəət/gəlir vergisi bazasına daxil edilir). Əgər bu artıq vəsaitlər rəsmiləşdirilməzsə, vergi yoxlaması zamanı uçotdan gizlədilmiş vəsait kimi qiymətləndirilərək cərimə ilə nəticələnə bilər.
Marketlərin bu yolla əldə etdiyi vəsait müştəri axınından və kassa sayından asılıdır. Bir kassada günlük ortalama 0.50 – 2.00 AZN artıq qaldığını nəzərə alsaq, 10 kassalıq orta ölçülü bir supermarket ayda 150 – 600 AZN, böyük market zəncirləri isə ümumilikdə minlərlə manat əlavə gəlir əldə edir. Lakin son illərdə nağdsız (kart və QR) ödənişlərin artması bu məbləğlərin həcmini nəzərəçarpan dərəcədə azaldıb.
"Bakupost" xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, həmin məbləğ marketin kassasında qalır və vergiyə cəlb olunmur:
“Vergiyə cəlb olunan məbləğ kassada vurulan məbləğdir. Bu pul bir növ "çaypulu" kimi hesab olunur. Hazırkı dövrdə əhali kartla ödənişə üstünlük verdiyi üçün belə hallar daha az baş verir".