BMT Baş Assambleyası İranın insan haqları vəziyyəti ilə bağlı qəbul etdiyi son qətnamədə ölkədəki ağır pozuntuları kəskin şəkildə pisləyib və ilk dəfə olaraq Azərbaycan türklərinin adını açıq şəkildə qeyd edib. Sənəddə bildirilir ki, Azərbaycan türkləri, eləcə də ərəblər (Əhvaz), bəluclar və kürdlər sistemli diskriminasiya, siyasi repressiya və mədəni haqların pozulması ilə üzləşir.
Bakupsot.az xəbər verir ki, qətnamədə vurğulanır ki, etnik bölgələrdə, o cümlədən Təbriz, Ərdəbil və Urmiya kimi Güney Azərbaycan şəhərlərində etirazlar zamanı qurbanların və öldürülənlərin sayı digər bölgələrdən daha yüksək olub.
İran hakimiyyəti əsassız həbslərə, ədalətli mühakimə standartlarına cavab verməyən məhkəmə qərarlarına və etnik azlıqlara qarşı həddindən artıq ölüm hökmü tətbiqinə son qoymalıdır.
Azərbaycan türkləri də daxil olmaqla milli azlıqların dil, mədəniyyət və təhsil sahəsində məhrum edilməsi “davamlı və narahatedici pozuntu” kimi qiymətləndirilir.
Sənəd həmçinin 2022-ci il etirazlarının zorakı şəkildə yatırılmasını, işgəncə və məcburi etirafları, sərbəst fikir bildirmə məhdudiyyətlərini, jurnalist və vətəndaş cəmiyyəti fəallarına təzyiqləri kəskin tənqid edir.
BMT İran hökumətindən tələb edir ki, beynəlxalq müşahidəçilərə ölkəyə giriş icazəsi versin, etnik azlıqlara qarşı ayrı-seçkiliyi dayandırsın, bütün hüquq pozuntuları həbslər, edamlar, işgəncə və etirazçıların öldürülməsi ilə bağlı müstəqil və şəffaf araşdırmalar aparsın.
Cavid, BakuPost